Uşaq pulu populizmdir? Yoxsa bu fikir sadəcə reallıqdan qopmanın açıq göstəricisidir?
Bu gün, 12:48

Erkin Qədirli deyir ki, dövlət yüklənməsin. Natiq Cəfərli isə uşaq pulu tələbini populizm adlandırır. Bu yanaşma ilk baxışda iqtisadi arqument kimi təqdim olunur. Amma əslində bu, iqtisadi fikir yox, xalqın gündəlik reallığından uzaqlaşmanın açıq nümayişidir.
Əgər uşaq pulu populizmdirsə, onda dünyanın böyük hissəsi populistdir. İsveçrə, Almaniya, Fransa, Türkiyə və postsovet məkanındakı ölkələrin əksəriyyəti ailələrə və uşaqlara maddi dəstək verir. Bu dövlətlər bunu emosional qərar kimi yox, strateji zərurət kimi qəbul edir. Onlar başa düşür ki, uşaq sadəcə ailənin məsuliyyəti deyil, dövlətin gələcəyidir.
Dünya çox sadə prinsiplə işləyir. Uşaq varsa, dövlət pul verir. Ailə zəifləyirsə, dövlət dəstək olur. Valideyn pensiyaya çıxırsa və ailənin gəliri azalırsa, uşağa görə əlavə təqaüd də verilir. Məsələn, mənim oğlumun 12 yaşı var. Dövlət ona aylıq 200 fr. (avrodan bahadır) uşaq pulu verir+ 400 fr da uşaq təqaüdü.
Çünki dövlət bilir ki, ailə zəifləyərsə, dövlət də dağılacaq. Bu, xərc deyil, uzunmüddətli sabitliyə qoyulan sərmayədir.
Amma Azərbaycanda ortaya başqa bir yanaşma çıxıb. Uşaq böyütmək sənin problemin kimi təqdim olunur. Dövlətin işi isə guya büdcəni “yükləməməkdir”. Bu məntiqə görə vətəndaşın həyatı, ailənin vəziyyəti, uşağın gələcəyi ikinci plana keçir, əsas məsələ isə rəqəmlərin kağız üzərində necə göründüyüdür.
Burada əsas sual ortaya çıxır. O büdcə nə üçündür? Xalq üçünmü, yoxsa sadəcə balanslı statistik görüntü yaratmaq üçün? Əgər dövlətin resursları vətəndaşın həyatını yüngülləşdirmirsə, onda o resursların mənası nədir?
Ən ciddi problem isə selektiv yanaşmadır. Sosial dəstəyə gələndə “büdcə yüklənir” deyilir, amma ölkədən oğurluq şəkildə çıxarılan böyük maliyyə vəsaitləri-milyardlarla dollar barədə susulur. Ailələrin dolanışıq problemi, insanların ölkəni tərk etməsi, uşaq böyütməyin getdikcə çətinləşməsi barədə açıq mövqe ortaya qoyulmur. Amma uşaq pulunu “populizm” adlandırmaqdan çəkinilmir.
Bu artıq iqtisadi mübahisə deyil. Bu, şüurlu seçimdir. Ya sən ailəni, uşağı, vətəndaşı prioritet sayırsan, ya da büdcə rəqəmlərini. İkisini eyni anda qorumaq mümkün deyil. Dünyanın inkişaf etmiş ölkələri seçimini çoxdan edib. Onlar uşağa dəstək verir ki, gələcək zəmanətli olsun.
Azərbaycanda isə əks yanaşma “ağıllı siyasət” kimi təqdim olunur. Uşağa pul verməmək rasional qərar kimi göstərilir. Halbuki bu, nə rasionaldır, nə də uzunmüddətli düşüncəyə əsaslanır. Bu, sadəcə cəmiyyətin real vəziyyətindən uzaq düşməyin nəticəsidir.
Dünya uşağa pul verir ki, millət yaşasın. Azərbaycanda isə uşağa pul verməmək “doğru iqtisadiyyat” kimi təqdim olunur. Problem dünyada deyil. Problem bu düşüncə tərzindədir.
Sonda bir şeyi də deyim. İsveçrədə çətin tərbiyə olunan məktəblilər də var. Dövlət onların hər birini tərbiyə etmək üçün ayda 30 min fr.-haradasa 70 min manat pul xərcləyir. Şübhəsiz ki, Azərbaycanda da bu cür uşaqlar var. Onlara dövlət hər hansı bir qayğı göstərirmi?
Dövlət insana xidmət etməlidir. Həm də bu qədər var-dövləti olan ölkə niyə uşaq pulu verməsin? Öz uşaqları Azərbaycanın milyardlarını göyə sovurur, xalqın balalarına növbə çatanda isə pul tapılmır. Dövlət büdcəsi tab gətirmir...
Çox demirəm ki, bir az ləyaqətiniz olsun...
Elbeyi Hesenli

