Rəsmi rəqəmlər də sübut edir ki, turizm sektoru da böhrana girir,...
Bu gün, 12:06

Rəsmi məlumat: “2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 871,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% az (bir daha – az) əcnəbi gəlmişdir”.
Rəsmi rəqəmlər də sübut edir ki, turizm sektoru da böhrana girir, gələnlərin sayı kəskin azalıb, 11% azalma ciddi rəqəmdir.
Bu rəsmi məlumatda diqqətimi çəkən bir məqam da var: “Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir”.
Xarici vətəndaşlar, əcnəbilər ölkəmizdən quru yollarla gedə bilər, onları saxlamağa ixtiyarımız yoxdur, amma, quru yolla gələ bilmirlər axı. Tamam, 1,5%-i anladım, onlar yük qatarları, yük gəmiləri ilə gələn işçilər ola bilər (Tbilisiyə ADY mayın axırı açılıb, statistikaya təsir edə bilməzdi), yaxşı, 28,5%-i avtomobillə necə gəlib?! Əgər bunların tamamı yük avtomobillərinin sürücüləridirsə, niyə turist kimi qeydiyyata düşüblər?! Yəni, 5 ayda yük avtomobillərinin sürücüsü kimi ölkəyə 250 minə yaxın insan gəlib?! Yaxşı, öz maşınları ilə gəliblərsə, biz niyə avtomobillə ölkədən gedə bilmirik?!
Hökumət turizmi prioritet elan edib, hörmətli Mikayıl müəllim İTV-yə verdiyi müsahibədə bunu bir daha təsdiq etdi – yaxşı, prioritet elan olunan sahədə 5 aya azalma 11%-dirsə, bunun səbəbləri araşdırılıbmı?! Hökumətin hesablamasına görə, quru sərhədlərin mənasız olaraq bağlı qalması turizmə nə qədər ziyan vurur?!
Hə, onu da deyim ki, bu ilin ilk 5 ayında Gürcüstana, Ermənistana gələn turist sayında ciddi artım var – Gürcüstanda il-ilə müqaisədə 6%-ə yaxın, Ermənistanda isə 19,3% artım var...
Natig Jafarli
TEREF

