Müqəddəs tarixə qarşı tarix elmi

Bu gün, 15:14           
Müqəddəs tarixə qarşı tarix elmi
VII əsrin birinci yarısında Yaxın Şərqdə baş verən hadisələri yenidən canlandırmağa çalışarkən, rəsmi ənənə bizə orta əsr müəllifləri tərəfindən diqqətlə qorunub saxlanmış taleyüklü sənədlərlə zəngin, olduqca detallı bir mənzərə təqdim edir. Müqavilələr, dünya liderlərinə göndərilən ultimatumatlar, xütbələr və hüquqi paktların hamısı bizə klassik salnamələrdən məlumdur. Lakin tənqidi tarixçi üçün hər hansı bir sənəd sadəcə bir mətn deyil, dilçilik, numizmatika və kənar mənbələrin prizmasından yoxlanılmalı olan bir artifaktır. Əgər bu fundamental mətnlərə ciddi elmi metod tətbiq etsək, ortaya olduqca maraqlı nəticələr çıxmış olur.

Yazılan sənədlərin yazı üslubu, dili və dövrün bürokratik səviyyəsi ilkin çağlara deyil, sonrakı əsrlərin inkişaf etmiş dövlət strukturuna uyğun gəlir. Hər bir tədqiqatçının dirəndiyi əsas metodoloji çıxılmaz nöqtə ondan ibarətdir ki, VII əsrə aid bu sənədlərin bir dənə də olsun fiziki orijinalı təbiətdə mövcud deyil. Bu gün dünya muzeylərində saxlanılan bütün fundamental sənədlər radiokarbon və paleoqrafik analizə məruz qaldıqda, istisnasız olaraq orta əsrlərin sonlarına aid nüsxələr və ya sırf teoloji maraqlar naminə düzəldilmiş nümunələr olduğu ortaya çıxır. Sənədlərdə mövcud olan mətnlər ilkin hadisələrdən əsrlər sonra formalaşmış ərəb qrafikası üslubları ilə yazılıb, bu isə o deməkdir ki, qarşımızda arxeoloji sübutlar deyil, sırf ədəbi bir ənənə dayanır.
Bu cür uyğunsuzluğun bariz nümunəsi kimi erkən icmanın məşhur diplomatik məktublarını, xüsusilə də Bizans imperatoru İrakliyə və Sasani şahı II Xosrova yeni dini qəbul etmək tələbi ilə göndərilən ismarıcları göstərmək olar. Bu mətnlərin stilistik təhlili tədqiqatçılarda dərin şübhələr doğurur. Onlar Əməvilər və ya Abbasilər dövrünün yetkin imperiya dəftərxanasına xas olan mürəkkəb formullardan istifadə edilməklə, qüsursuz və inkişaf etmiş klassik ərəb dilində yazılmışdır. Dövlət idarəçiliyi təcrübəsi olmayan qəbilələrin arasında, VII əsrin əvvəllərində Hicazda belə yetkin bir bürokratik aparatın qəfildən meydana gəldiyinə inanmaq olduqca çətindir.

Həbəşistana (Efiopiya kralına) göndərilən məktubla bağlı vəziyyət isə daha da müəmmalıdır. Burada süjet xristian Aksum kralının İslamı qəbul etməsini təsvir edir. Region üçün bu epoxal fakt o dövrün Aksum və Efiopiya salnamələrində ümumiyyətlə mövcud deyil. Öz sarayının hər hansı bir dini və siyasi hadisələrini xırdalığına qədər qeydə alan bir ölkənin, öz başçısının din dəyişdirməsini sadəcə olaraq "fərqinə varmaması" əlbəttə ki, heç cür inandırıcı görünmür. Eyni şübhəli diplomatiya kateqoriyasına yəhudilərin vergi statusunu müəyyən etməli olan Xeybər yəhudilərinə məktub da daxildir. Maraqlıdır ki, X əsrdə Bağdadın yəhudi icmaları vergilərdən qorunmaq üçün bu sənədi Abbasi hakimiyyətinə təqdim edəndə, böyük İslam tarixçisi Əl-Xatib əl-Bağdadi belə şəxsən onun saxta olduğunu etiraf etmiş və sübut etmişdir ki, müqaviləni imzalayan şahidlər arasında adı çəkilən şəxslər o vaxt ya artıq vefat etmişdilər, ya da fiziki olaraq hələ yeni dini qəbul edə bilməzdilər.
Reallıqdan təcrid olunan daha bir məşhur sənəd 628-ci il Hudeybiyyə sülhüdür. Ərəb qəbilələri ilə hər hansı bir kiçik sərhəd sazişini, karvanların hərəkətini belə həssaslıqla qeydə alan Bizans və Fars arxivlərində Hudeybiyyə haqqında bir kəlmə də yoxdur. Ət-Təbəri və İbn Hişam tərəfindən qorunub saxlanılan müqavilə mətni isə stilistik olaraq VII əsrə tamamilə yaddır və IX-X əsrlərin hüquq mədəniyyətini tamamilə kopyalayır. Mətn mürəkkəb hüquqi kazuistika, qaçqınların ekstradisiya mexanizmləri və o dövrün köçəri mühiti üçün qeyri-mümkün olan aydın beynəlxalq struktura sahibdir. Bu mənzərə daha çox qədim dünya tarixinin bir nümayəndəsi ilə müasir insan hüquqları konvensiyası əsasında müqavilə bağlamağa bənzəyir. Qureyşlilərin müqavilənin başlığından "Rəhman və Rəhim olan Allahın adı ilə" ifadəsini silməyi və onu İslamdan əvvəlki formula ilə əvəz etməyi tələb etməsi isə sonrakı dövrün ilahiyyatçıları tərəfindən erkən icmanın getməli olduğu güzəştlərə bəraət qazandırmaq üçün qurulmuş süni bir teologiya kimi görünür. Peyğəmbərin ölüm yatağında olduğu zaman tövsiyələrini qeydə almaq üçün kağız və qələm istəməsi, lakin səhabələr tərəfindən dayandırılması barədə məşhur vəsiyyət süjeti də bu kontekstə uyğun gəlir. Bu hekayə Abbasilər dövrünün müəlliflərinin, cəmiyyətin peyğəmbərdən qalan yekun hüquqi sənədin yoxluğundan duyduğu böyük qorxunu izah etmək üçün etdikləri sırf ədəbi bir cəhddir, çünki reallıqda bu sənədsizlik imperiyanı dərhal vətəndaş müharibəsinə sürükləmişdi.Abbasilər Əməviləri və bəzi səhabələri pisləmək məqsədi ilə müxtəlif hadisələr uydurmaqda məşhur idilər.
Daxili hüquqi aktlara keçdikdə isə vəziyyət daha da aydınlaşır. Şiə-sünni parçalanmasının əsas ideoloji səbəbi hesab olunan 632-ci ildəki Qədir-Xum xütbəsi olduqca mürəkkəb doqmatik terminlərlə zəngindir. Lakin qəti şəkildə islamçılara da məludur ki, bu anlayışlar tədricən formalaşmış və dildə yalnız xəlifə Əbdülməlikin islahatları dövründə möhkəmlənmişdir. Zimmilər üçün qaydaları tənzimləyən məşhur Ömər paktı, eləcə də onun analogu olan Ömərin 637-ci il Qüds xristianları ilə müqaviləsi də eyni dərəcədə süni görünür. Görkəmli şərqşünaslar, o cümlədən Mixael de Quye çoxdan sübut ediblər ki, bu nizamnamələr VII əsrdə yazıla bilməzdi. Orada təsvir olunan hüquqi təcrübə və vergi sxemləri imperiyanın böyüməsi və bürokratlaşması dərəcəsinə görə VIII-IX əsrlər ərzində formalaşmışdır; saleh xəlifənin adı isə qanunlara müqəddəs və sarsılmaz bir nüfuz qazandırmaq üçün sənədlərə keçmiş tarixlə əlavə edilmişdir. Diqqətçəkən məqam odur ki, Qüdsü şəxsən ərəblərə təhvil verən patriarx Sofroni belə öz yazılarında bu cür rəsmi sənədlər və müqavilələr barədə ümumiyyətlə heç bir məlumat vermir.
Bununla belə, tədqiqatçının əsl obyektivliyi sonrakı dövrlərin miflərini qədim real təbəqələrdən ayıra bilmək bacarığındadır və burada qarşımıza Mədinə konstitusiyası, yəni Sahifə çıxır. Bu, həqiqətən unikal sənəddir və onun əsasını hətta ən radikal revizionistlərin əksəriyyəti belə Məhəmməd dövrünün real artifaktı kimi qəbul edir. Paradoks ondadır ki, Sahifənin mətni sonrakı klassik İslam teologiyasına kökündən ziddir. Bu sənəddə Mədinənin yəhudi qəbilələri inanclı müsəlmanlarla bərabər vahid bir ictimai-siyasi struktura, ümmətə daxil edilib. Dinlər arasındakı teoloji sərhədlərin artıq kəskin şəkildə cızıldığı Abbasilər dövrünün müəllifləri üçün belə bir pasaj ağlasığmaz bir küfr kimi görünərdi və heç bir sonrakı saxtakar öz dövrünün doqmalarını alt-üst edən bir mətn yazmazdı. Məhz bu teoloji "əlverişsizlik" və arxaik, sinkretik dil qarşımızda Mədinədəki yeni icmanın gələcək imperiya kanonlarından hələ çox uzaq olduğu, öz siyasi varlıq formasını yenicə axtardığı o qısa tarixi anın ən nadir canlı şahidinin dayandığını sübut edir. Beləliklə, erkən sənədlərin çarpaz dindirilməsi göstərir ki, rəsmi tarix vakuumda yaradılmayıb. O, nəhəng dövlətin dəyişən siyasi reallıqlarına uyğun olaraq qurulub, redaktə edilib və yenidən yazılıb, bizə isə VII əsrin əsl reallığının yalnız tək-tük, lakin buna görə də inanılmaz dərəcədə dəyərli izlərini qoyub.
Sahifə İslamın erkən tarixindən bizə gəlib çatan ən nadir sənədlərdən biri kimi tanınsa da, onun da fiziki orijinalı bu gün mövcud deyil. Lakin onun daxili yazı üslubu və strukturu tam olaraq VII əsrin dil reallığına uyğundur. Həmin sənədə əsasən Məhəmməd adlı hörmətli və xarizmatik bir şəxsiyyətin tarixi mövcudluğunu aydın şəkildə anlamaq mümkündür. Lakin maraqlı məqam ondadır ki, hətta bu sənəddə belə fərqli və müstəqil bir struktur kimi "İslam dini" ifadəsindən bəhs olunmur. VII əsrdə ərəblərin inancları barədə yazan kənar tarixçilərin qeyd etdiyi kimi, bu sənəd də Məhəmmədi və onun ətrafındakı tərəfləri "Muminun", yəni sadəcə "inananlar" adlandırır. Həmin sənədi yüzdə-yüz qüsursuz bir arxeoloji tapıntı kimi qəbul etmək mümkün olmasa da, daxili xüsusiyyətlərinin VII əsrin ilkin reallığına maksimum yaxın olması onu real tarixi artifakt kimi qəbul etməyə tam imkan verir.
Mən heç vaxt tarixi, dini və ya ideologiyanı təhrif etməklə məşğul olmamışam. Ümumiyyətlə, yazılarımın məqsədi İslam dinini saxta, yalan və ya uydurma kimi təqdim etmək deyil; fəaliyyətimin əsas qayəsi bu ola bilməz. Məqsədim – tarixsevərlərə təsdiq olunmuş elmi-tarixi qaynaqlara əsasən dövrün obyektiv reallığının təsvirini təqdim etməkdir. Mən bu elmi araşdırma metodologiyasını təkcə İslama deyil, bütün tarixi hadisələrə eyni dərəcədə tətbiq edirəm. Ümid edirəm ki, hazırladığım bu məqalələr sizə dövrün reallığını anlamaq üçün faydalı bir bələdçi olur. Bu yazılar sırf elmi araşdırma və tarix həvəskarları üçün nəzərdə tutulub və heç bir teoloji iddia daşımır. Tarixi mənbələr üzərindəki araşdırmalarımızı bitirdikdən sonra, sizə tam fərqli fəlsəfi və teoloji mövzular təqdim edəcəm. Bizi izləməyə davam edin.
Elman Yusifoglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru