Əbdülməlik ibn Mərvan və İslamın siyasi doğuluşu

Bu gün, 15:54           
Əbdülməlik ibn Mərvan və İslamın siyasi doğuluşu
Revizionist İslam araşdırmaçılarının əsərlərindən təsirlənən bəzi apologetlərin İslama qarşı istifadə etdikləri ən radikal görüş məhz Əbdülməlik ibn Mərvanla bağlıdır. Onların nəzəriyyəsinə əsasən, Mühəmməd adlı bir şəxs mövcud olmayıb, Quran adlı kitab isə məhz Əbdülməlik ibn Mərvanın zamanında yazılıb. Həmçinin Məkkə şəhəri və Kəbə evi İbn Zubeyr tərəfindən tikdirilib. Müsəlman bir oxucu üçün bu, olduqca şok görünə bilər. Lakin etiraf etməliyik ki, onların nəzəriyyəsi heç də absurd görünmür.
Əvvəlki mövzularda mən VII əsrin mənbələrində yeni dinin gəlişi ilə bağlı heç bir məlumatın olmadığını sizə təqdim etdim. Bundan əlavə, əvvəllər Mühəmmədin mövcud olmaması və Məkkə şəhəri ilə bağlı nəzəriyyələri diqqətinizə çatdırmışam. Gələcəkdə bu mövzuları bir daha araşdıracağıq. Bu mövzuda isə hamının diqqətini çəkən həmin o xəlifə haqqında danışacağıq.
Əbdülməlik aristokrat bir ailədə doğulmuşdur. Onun atası, qısa müddət olsa da, xəlifə olmuşdu. Əbdülməlik Ərəb xilafətinin çətin bir dönəmində hakimiyyətə gəlir. Onun zamanında daxili üsyanlar və vətəndaş müharibələri baş verir. Əbdülməlik bütün üsyanları yatırmağı bacarır. Onu hətta ən amansız xəlifələrdən biri kimi xatırlayanlar da var. O, İbn Zubeyri öldürür və ərəblər tərəfindən işğal olunmuş bütün ərazilərin tək xəlifəsi olur. Daha sonra isə Afrika ərazilərinə doğru ekspansiyanı davam etdirir.
Əbdülməliki İslamın yaradıcısı hesab etmələrinin səbəbi onun bu dini dövlət səviyyəsinə qaldıra bilməsidir. İlk dəfə məhz onun zamanında İslam atributlarına tam uyğun pullar kəsilməyə başlanır. O, ilk dəfə ərəb dilini dövlət dilinə çevirir. Onun zamanında bütün rəsmi sənədlər və yazışmalar ərəb dilində aparılır. Əbdülməlik ibn Mərvan Qüdsdə Qübbətüs-Səhra adlanan həmin o məşhur məbədi inşa edir. Bununla da tarixdə ilk dəfə olaraq üzərinə Quran ayələrinin yazıldığı məbədin əsasını qoymuş olur. Yalnız onun zamanında məscidlərin qibləsi bu gün Kəbə kimi tanıdığımız o tikiliyə tərəf yönəlməyə başlayır.
Lakin ən əsası, Əbdülməlikin Quranı yenidən yazdırması hadisəsidir. Onun köməkçisi Həccac bu prosesə rəhbərlik edir. Onlar ərəb əlifbasında radikal dəyişikliklər edərək hərflərə nöqtələrin əlavə edilməsinə başlayırlar. Bu proses təxminən 50 il ərzində davam edir. Bu barədə daha ətraflı Quranı araşdırarkən danışacağam. Beləliklə, rəvayətlərə görə, İbn Həccac Quranı yenidən yazdırır və köhnə əlyazmalara, eynilə Ömər kimi, od vurub yandırır. Yeni Quranı isə bütün imperiyaya yayır. Maraqlı olanı isə budur ki, həmin Quranın bir nüsxəsi belə günümüzə qədər gəlib çatmayıb. Ümumiyyətlə, Quranın bu gün əlimizdə olan tam versiyalı əlyazması hələ də tapılmayıb. Tapılanlar müxtəlif dövrlərə aid olan və cəmi bir neçə vərəqdən ibarət əlyazmalardır. Onların da böyük əksəriyyəti indiki Quranla uyğun gəlmir. Misal üçün, Sana nüsxəsi üzərində dəyişikliklərin edildiyi açıq-aydın görünür.
Bu barədə Quran haqqında yazdığım mövzularda daha geniş danışarıq. Qısası, tarixi faktlar onu göstərir ki, İslam adlanan din məhz Əbdülməlik ibn Mərvanın zamanında meydana gəlmişdir. Bəs niyə məhz Əbdülməlikin zamanında?
Əvvəlki mövzularda qeyd etmişdim ki, Ərəbistan yarımadasına monoteizm inancı təxminən IV əsrdə gəlib çıxmışdı. Bu inanc bura, tək Allaha inanan və İsanın ilahiliyini inkar edən arianlar kimi cərəyanların vasitəsilə gəlmişdir. Bu gün də bəzi ərəb xristian cərəyanları həmin əqidədə qalmaqdadırlar. Uzun illər Bizans və Sasanilərin tabeliyində olan Ləhmilər və Qəsanilər kimi ərəb qəbilələri xristian idilər. Bizans və Sasanilərin zəifləməsindən sonra ərəblər birləşərək özlərinin müstəqil imperiyasını qurmağa başladılar. Lakin ərəblər bizanslılar və iranlılar qədər intellektual deyildilər. Onların teologiyası iranlılarınkı kimi fəlsəfə və mistika ilə zəngin deyildi. Elə bu səbəbdən, Əbdülməlik ilk dəfə olaraq məhz Bizans xristianlığına qarşı Qüdsdə yəhudi və xristianların müqəddəs məbədlərinin yaxınlığında Qübbətüs-Səhranı tikdirdi. Onun əsas şüarları isə məhz İsanın ilahiliyini inkar edirdi. İxlas surəsinin niyə məhz Allahın doğub-doğulmadığını bildirməsi və bu surənin namazda ən çox oxunan olması barədə heç düşünmüsünüzmü? Çünki məhz bu surə birbaşa Bizans xristianlığına qarşı gəlir, Allahın doğmadığını və doğulmadığını, yəni övlad sahibi olmadığını vurğalayır. Maraqlısı budur ki, arianların da oxşar şüarları var idi.
Zaman keçdikcə ərəblər zəbt etdikləri xalqları idarə etmək üçün ortaq ideologiyanın vacibliyini başa düşürlər. Onlar iranlıların, avropalıların və çinlilərin müqəddəs tarixlərinin olduğunu görürdülər. Ona görə də Abbasilərin zamanında "Beytül-hikmə" adlanan elm ocağı yaradılır. Yunan məntiqi və fəlsəfəsi, həmçinin "Avesta", "Bibliya" kimi kitablar ərəb dilinə tərcümə edilir. İlk dəfə Abbasilər dövründə ərəblər və xristianlar arasında teoloji və fəlsəfi bəhslər başlayır. Əlbəttə, həmin bəhsləri indi oxusanız, sizə olduqca primitiv və sadə görünə bilər. Lakin həmin dövrün fəlsəfə səviyyəsi elə bu qədər idi.
XIV-XV əsrlərdə İslam dini artıq tam olaraq institusional səviyyəyə çatır. Artıq İslamda yüzlərlə cərəyan mövcud idi. Onlar müxtəlif xalqların məntiqi və fəlsəfəsi üzərində öz təlimlərini qurmağa başladılar. Quranın mistik tərəflərini şərh edən sufilərdən tutmuş, elmə sağalmaz zərbə vuran Qəzaliyə qədər hər cür fərqli fikirləri görmək olar.
Yekun olaraq onu bildirmək istəyirəm ki, İslam adlanan bu din 23 il ərzində Mühəmmədə nazil olmuş ayələrlə deyil, siyasi və mədəni islahatlarla indiki halına gəlib çata bilmişdir.
Əlbəttə, mən iddia etmirəm ki, İslamın tarixi məhz budur. Mən sadəcə olaraq, əldə olan materiallar əsasında ehtimal irəli sürürəm. Minlərlə araşdırmaçının nəzəriyyəsini cəmləyəndə qarşımıza çıxan mənzərə məhz budur.
Lakin bir şey çatışmır: o da İslam mənbələrinin özüdür. Mənim məqalələrim ancaq qeyri-İslam mənbələrini əhatə edir. İslam mənbələrini "200-300 il sonra yazılıb" deyə bir kənara atmaq da elmi araşdırma baxımından məntiqli görünmür. Tarix Mühəmmədin şəxsiyyətini təsdiq etməyə bilər, lakin onun haqqında tonlarla məlumat var. Tarix İslam dininin mövcud olmadığını iddia edə bilər, amma İslam mənbələri hər bir dövrü detalları ilə təsvir edir. Ona görə də biz rahat şəkildə bu dinin və Mühəmmədin üzərindən xətt çəkib "uydurmadır" deyə bilmərik. Belə etsəm, onda gərək mən də müsəlman olum. Axı müsəlmanlar oxumadan, bilmədən Bibliyanın təhrif olunduğunu iddia edirlər. Zarafat edirəm, bunu düşmənçilik kimi qəbul etməyin. Onsuz da məni yəhudi, sionist, mason, revizionist kimi təqdim etməyə çalışmısınız.
Qısası, bura qədər yazılanlardan belə məlum olur ki, İslamın bizə təqdim olunan rəsmi tarixi öz təsdiqini tapa bilmir. Növbəti mövzuda biz İslam mənbələrini araşdıracağıq. İslam tarixində qeyd olunan xüsusi hadisələrin və sənədlərin həqiqiliyini, tarixi baxımdan yükünü aydınlaşdırmağa çalışacayıq.
Elman Yusifoglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru