"Cənab Baş Prokuror məni ölümlə hədələyirlər!!!" - Suraxanı rayonunda qanunlar işləmir? ŞİKAYƏT
Bu gün, 12:18

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 127 saylı ünvanın sakini tərəfindən
MÜRACİƏT
Mən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakiniyəm.
Atam Böyük Vətən Müharibəsinin birinci qrup əlili olub.
Özüm ziyalıyam.
50 ilə yaxın xalqıma xidmət etmişəm.
Nəzərinizə çatdırım ki, cənab prezidentin "abadlaşma" proqramından istifadə edilərək evimin qarşısındakı köhnə bir tikilinin ərazisi küçənin qarşı tərəfindəki üç mərtəbəli obyektlərin sahibi Əliyev Sabir Zülfəli oğluna satıldı.
27 fevral 2026-cı il tarixdə həmin köhnə tikili gecə saatlarında söküldü.
Həmin köhnə tikili sökülən zaman mənim evimin ona bitişik olan hissəsi dağıldı və qəzalı vəziyyətə düşdü.
Sökülmüş köhnə tikilinin yerində əvvəlki tikilidən çox böyük və hündür ölçüdə metal konstruksiya ilə qanunsuz bir obyekt tikilməyə başlanıldı.
Tikilməkdə olan obyekt evimin qarşısını tam kəsərək, evi və həyəti qaranlığa salırdı.
Mən yeni tikilən qanunsuz tikilinin əvvəlki ölçülər daxilində tikilməsini tələb etdikdə, bizə hədə-qorxu gəlməyə başladılar.
Qanunsuz tikintini tikdirən Sabir Əliyev tikinti gedən əraziyə gələrək "Biz icra ilə danışmışıq, gedin hara istəyirsiniz şikayət edin" dedi.
Mən baş verən
hadisələrdən şikayət etmək məqsədilə 2 mart 2026-cı il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinə gedirəm. Məni qəbul edən ərazi şöbə müdiri Xanoğlan Allahverdiyev növbəti gün, yəni 3 mart 2026-cı il tarixdə səhər saat 10 tamamda tikinti gedən əraziyə gələcəyini söyləyir. Onun dediyi kimi, səhərisi gün saat 10 tamamda küçə qapısı döyülür. Qapını döyən şəxslər "Xanoğlan müəllimdir" deyərək bizi aldadıb küçəyə çıxardırlar. Biz küçəyə çıxdıqda qapıda 10-15 nəfər tanımadığımız şəxslərin olduqlarını gördük. Onlar bizə hədə-qorxu gəldilər, həmin obyektin tikintisinə mane olacağımız halda başımıza oyun açacaqları ilə hədələdilər. Qrup halında oğlumun üstünə hücum edib ona xəsarət yetirdilər.
Oğlum səhhəti ilə bağlı bir həftəyə yaxın müddətdə xəstəxanalarda müalicə olundu.
Həmin müddət ərzində Sabir Əliyev tikintini bizim evimizə hücum edən quldurların nəzarəti altında gecədən səhərə qədər tələm-tələsik metal konstruksiya ilə tikdirdi. Tikilən həmin obyekt evimin qarşısını tam kəsərək, evi və həyəti qaranlığa salıb, evi yaşaması mümkün olmayan vəziyyətə gətirib.
Tikdikləri obyektin bizim həyətə düşən hissəsini heç bir ara məsafəsi saxlamadan bizim divara bitişdirərək tikiblər.
9 mart 2026-ci il tarixdə evimizin dağılmış hissəsində bərpa işləri aparmaq istədiyimiz zaman bizim orada olduğumuzu başa düşən və mənim oğluma xəsarət yetirən quldurların bir hissəsi təkrarən bizim evimizə hücum edirlər. Həmin quldurların başçısı heç yerdə işləməyən Əmircan qəsəbə sakini Bayramov Oruc nərdivan qoyaraq həyətimizə tullanmaq istəyir. Küçədən böyük daşları və tez alışan partladıcı maddələri üstümüzə atır.
Mən ailəmin həyatı təhlükədə olduğu üçün 102 xidmətinə aramsız zəng etdim.
Hətta, gələn polis əməkdaşlarının yanında Oruc Bayramov axşam bizi öldürəcəyi ilə hədələyir.
Hadisələrin bu həddə çatmasının bir səbəbkarı qanunsuz tikilinin tikilməsinə icazə verən, həmin tikilini tikdirən şəxsi müdafiə edən, mənim evimə quldur dəstəsi göndərən Suraxanı rayon İcra Hakimiyyətidirsə, ikinci səbəbkarı Suraxanı rayonu hüquq-mühafizə orqanlarıdır.
Əgər Suraxanı rayon hüquq mühafizə orqanları baş verən hadisələrə vaxtında müdaxilə etsəydilər, hadisələr bu səviyyəyə gəlib çatmazdı.
Muzdlu quldurlar birinci dəfə mənim evimə hücum edib oğluma xəsarət yetirəndə cəzalarını alsaydılar, onlar ikinci dəfə təkrarən mənim evimə hücum etməzdilər, bizim üstümüzə partlayıcı maddələr atmağa cürət etməzdilər.
Bu hadisələrin baş verməsinin başlıca səbəbkarı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir. Əgər onlar qanunsuz tikilinin tikilməsinə vaxtında müdaxilə etsəydilər, onun tikilməsinə göz yummasaydılar bütün bu hadisələr də baş verməzdi.
Cənab baş prokuror !
Baş verən hadisələrdən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, iki dəfə qrup şəklində bizim evimizə hücum edən, oğluma xəsarət yetirən həmin quldur dəstəsi kimlərinsə dəstəyi sayəsində hələ də cəzasız qalıblar və azadlıqdadırlar. Hüquq-mühafizə orqanları tərəfindən ciddi-cəhdlə müdafiə olunurlar.
Suraxanı rayon prokurorluğunda həmin quldurlar müdafiə olunduğu üçün iş Suraxanı rayonu prokurorlugundan Bakı şəhər Prokuroru cənab Elşən Abbasovun göstərişi əsasında araşdırılmaq üçün Yasamal rayon Prokurorluğuna göndərilsə də, yenə də heç bir araşdırılma aparılmayıb. Quldurlar yenə də müdafiə olunurlar.
Mən həmin quldurların etdikləri hərəkətləri sübut edən qapımda yerləşdirilmiş müşahidə kameralarına düşən video görüntüləri, oğluma hücum edib xəsarət yetirdiklərini göstərən video görüntüləri, mənim evimə basqın edən quldurların şəkillərini, oğluma müxtəlif xəstəxanalar tərəfindən verilmiş arayışları, digər sübutları, dəlilləri hüquq mühafizə orqanlarına təqdim etmişəm.
Hələ bir ay bundan qabaq Yasamal rayon prokuroru Elman Süleymanovun vətəndaş qəbulunda olarkən o, işi aparan müstəntiqə cinayət işini açması barəsində əmr versədə, nə səbəbə görəsə hələ də cinayət işi açılmayıb. Hətta, mənim evimə hücum edən quldurların kimlər olduğunu belə məndən gizlədirlər. Mənim öz şəxsi araşdırmama görə həmin quldur dəstəsinin başçısı heç yerdə işləməyən Əmircan qəsəbə sakini Bayram Oruc Sultanəli oğludur.
XAHİŞ EDİRƏM:
İşin Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılmasına göstəriş verin.
Həmin quldur dəstəsinin kimlər tərəfindən göndərildiyinin araşdırılmasına göstəriş verin.
Həmin şəxslərin şəxsiyyətlərinin araşdırılmasına göstəriş verin. Onların etdikləri əmələ görə layiqli cəzalandırılmasına göstəriş verin.
İşi öz nəzarətinizə götürün.
XAHİŞ EDİRƏM, MƏNİ QƏBUL EDİN.
İctimai Nəzarət

