Sədərək gömrüyündə keçid növbəsinin TIR sürücülərinə rüşvətlə satıldığı iddia olunur. VİDEO
Bu gün, 12:38

Sürücülərin sözlərinə görə, bəzi gömrük əməkdaşları ilə Sədərək rayon polisinin əməkdaşları əlbir işləyir və pul verən avtomobillər növbədənkənar keçirilir.
Onlar “Gündəlik Naxçıvan”a bildiriblər ki, uzun növbələri tənzimləməli olan şəxslər əksinə, gömrük əməkdaşları ilə koordinasiyalı şəkildə pul verənləri qabağa salırlar.
Sürücülər iddia edirlər ki, növbələr bəzən məhz rüşvət almaq üçün süni şəkildə yaradılır. Sürücülərdən Rafiq Qurbanov deyir ki, növbədə qabağa düşmək üçün 50–100 manat tələb olunur:
“Bəzən TIR parkına daxil olmaq üçün günlərlə günəş altında gözləyirik. Parka girdikdən sonra da keçid üçün yenə günlərlə növbədə qalırıq. Onlayn növbəyə yazdıqlarını, növbəmiz çatanda keçə biləcəyimizi deyirlər. Amma çox zaman bizdən sonra gələn TIR-ların əvvəlcədən onlayn növbə götürdüyünü deyib tez yola salırlar. Sədərək polisi və gömrükçülər əlbir işləyirlər. 50–100 manat alıb həmin TIR-ların tez keçməsini təşkil edirlər”.
Şikayətçilərin sözlərinə görə, növbələrə rəsmi izah kimi tranzit yüklərin həcmindəki qısamüddətli artım və Türkiyə tərəfində yerləşən Dilucu Gömrük Postunda proqram təminatının yenilənməsi göstərilir. Lakin sürücülər bunun problemi tam izah etmədiyini deyirlər.
Türkiyəli sürücü Murat Çelik isə əsas gecikmələrin Dilucu Gömrük Postunda yarandığını bildirir. Onun sözlərinə görə, gecə saatlarından sonra nəqliyyat vasitələrinin qəbulu xeyli ləngiyir və bu da kilometrlərlə növbəyə səbəb olur:
“Əsas problem Dilucu Gömrük Postunda yaşanır. Gecə saatlarından sonra uzun müddət nəqliyyat vasitələri qəbul edilmir. Mən keçəndə 5 saata bir avtomobil buraxılırdı. Saat 1-2-dən sonra isə demək olar ki, iş dayandırılır. İllərdir bu problem sürücülərə əziyyət yaradır”.
Sürücülər həmçinin Sədərək keçidində yeni salınan TIR parkındakı sanitar şəraitdən də narazıdırlar. Onların sözlərinə görə, ərazidə yalnız bir tualet fəaliyyət göstərir və bu, yüzlərlə sürücünün ehtiyacını ödəməyə kifayət etmir.
Şikayətçilər giriş və çıxış hissələrində əlavə tualet və hamamların tikilməsini, süni növbə yaratdığı iddia olunan şəxslərin isə cəzalandırılmasını tələb edirlər.

