XİN dövlətin üzərinə götürdüyü öhdəliyi icra etmir -TƏFSİLAT
Bu gün, 00:04

Xaricdəki səfirliklər, konsulluq xidməti Azərbaycan vətəndaşlarına xidmətdən imtina edir
AZAL-ın RF-dəki nümayəndəliyi RF prokurorluğuna rüşvətlə hüququmuzu pozur, prokurorluğun cavabını saxtalaşdırır, səfirliyi, konsulluq xidmətini də “lal-kar” edib
Bu iddialar tanınmış jurnalist Məğrur Bədəlsoyun "Yenixeberorg.com"a ünvanladığı yazıda yer alır:
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin III hissəsində Azərbaycan Respublikasının onun ərazisindən kənarda MÜVƏQQƏTİ vəya DAİMİ yaşayan Azərbaycan Respublikası vətəndaşlarının HÜQUQİ MÜDAFİƏSİNƏ təminat verməsi və onlara HAMİLİK etməsi təsbit olunub.Aydındır ki, Azərbaycan Respublikası dövləti adından xaricdə yaşayan vətəndaşlarının hüquqlarının təminatı Xarici İşlər Nazirliyinin (XİN) üzərinə düşür. Digəl, XİN Konstitusiya ilə üzərinə qoyulan öhdəliyi icra edirmi? Özəlliklə, keçmiş sovet respublikalarındakı səfirliklər, konsulluq xidmətlərinin görəvlərinin icrasından imtinası söz konusudur.
Uzağa niyə gedək, 3 gün öncə Ukraynaya diplom törəninə gedən tələbə xanımın dron hücumundan həyatını itirməsi birbaşa olmasa da səfirliyin yarıtmaz işindən qaynaqlanır. Deyə bilərsiniz və qəbul edirik ki, olacağa çarə yoxdur, tələbə özü diplomunu almağa gedib və s. Səfirliyin işi də elə odur ki, vətəndaşlarını həyat üçün təhlükəli yerlərə getməkdən çəkindirsinlər. Bir də diplom bəyəm insan həyatından üstündür, səfirlik, konsulluq xidməti diplomların vətəndaşlara çatdırılmasını təmin edə bilməz? Hələ dava qızışmamış postunu qoyub qaçan xanım səfir Elmira Axundova qaçışını dövlətin nümayəndəsi yox, qadın olması ilə izah etmişdi. Əlavə şərhə, izaha ehtiyac qalırmı?
Rusiya Federasiyasındakı elçiliyimizin elçilikdən daha çox, alverlə məşğul olması söhbətləri də səngimək bilmir. Başına gələn başmaqçı olar, deyiblər. 23.07.2024-cü ildə müalicəyə getdiyimiz Soçidən qayıdarkən J28632 Soçi-Bakı reysinə cinayətkar saxtalıqla buraxılmamağımızdan 2 il keçir. Bu 2 ildə RF-dəki səfirliyimiz, konsulluq xidməti adi bir başdansovdu cavab verməkdən belə imtina edir, nəinki kamera görüntülərinin təqdim edilməsi, hüquqi yardım , hamilik xidməti göstərsin. Bəs XİN, səfirlik, konsulluq xidməti nədən yanadır, kimə xidmət edir? Onu da vurğulamaq yerinə düşür ki, reysə buraxılmayıb, Soçi-Moskva- Bakı (2 min manatlıq bahalı) reysi ilə uçanda RF-dəki səfirimiz Polad Bülbüloğlu da “deputat olmağa uçurdu”. Onda dərdimizi deyə bilməsək də, sonradan deputat kimi onlarla müraciətimizə də cavab yoxdur. Niyə, indi niyə millətə xidmətdən, vəkillikdən imtina edilir? Heç olmasa, deputat kimi RF-dəki səfirliyə bir sorğu da göndərmək olmaz?
Heç bir dövlət qurumu, beynəlxalq əlaqələrə təhkim edilənlər içində olmaqla Qarabağ qazisi ailəsinin RF-də beynəlxalq müqavilələrdən irəli gələn hüquqlarının pozulmasına görə səsini çıxarmır. Niyə, onda bu dövlət qurumları büdcədən niyə maliyyələşir? Bu Konstitusiya, bu 53-cü maddə nəyə gərəkir? Xaricdə dövlətin hüquq müdafiəçiliyinə, hamiliyinə baxın, AZAL-ın RF-dəki nümayəndəliyi RF prokurorluğuna rüşvətlə hüququmuzu pozur, prokurorluğun cavabını saxtalaşdırır, səfirliyi, konsulluq xidmətini də “lal-kar” edib; yerli məhkəmələri, mülki aviasiya , hüquq orqanlarını işə 2 ildə baxmağa qoymur, işin arbitrajın həllinə verilməsinə qadağa qoydurur. “Xidmətə” baxın, AZAl RF prokurorluğuna bildirib və prokurorluq (idarə rəisi Tyulkov) 21.01.2025 tarixli cavabla bu bildirişi təkrar edib ki, 1-ci dərəcəli Qarabağ qazisi və ona qulluq etməklə müşayiət edın 2-ci dərəcəli əlil həyat yoldaşının ƏLİLLİYİ BARƏSİNDƏ MƏLUMAT VERİLMƏYİB; əlil cütlük (guya 30 saniyə gecikdiyindən) reysdən kənarlaşdırılandan SONRA (böyük şriftlər ÖZBAŞINALIĞI , GECİKMƏMƏYİ diqqətə çatdırmaqdan yanadır) yerləri RF-dən DEPORT OLUNAN ANONİM Azərbaycan vətəndaşına 1944-CÜ İL ÇİKAQO KONVENSİYASINA əsasən PULSUZ (“BEZVOZMEZDNO”) verilib. RF prokurorluğu bu cavabla Soçi aeroportunun, AZAL-ın Soçi nümayəndəliyinin korrupsiya xidmətini ört-basdır etmək istəyib, əksinə, özünün də korrupsiyanın içində olduğunu ortaya qoyub. Odur ki, 1.5 ildir bu qanunsuz cavabdan bir neçə şikayətimizə cavab verə bilmir. Axı fakt ortadadır, qazi ailəsini reysdən kənarlaşdırandan SONRA anonim şəxs PULSUZ (“pulsuzluğun pulu”nun məbləğini korrupsiya ortaqları yaxşı bilir) onların yerində uçub!(??)
Beynəlxalq Monreal Konvensiyası ilə pozulmuş hüququmuzun təminatı bir yana, XİN, RF-dəki səfirlik, konsulluq xidməti Soçi aeroportuna qarşı iddia qaldırmaqda, hüquqi yardım etməkdə Azərbaycan vətəndaşlarına konsulluq xidməti göstərə bilməz? Bəs hamilik necə? Onda xaricdə müvəqqəti , daimi yaşayanların vay halına!
Bir yandan da “dron uçuşu” təhlükəsi...
Qarşı tərəfin cavab haqqını tanıyırıq.


