“Laçını bu şəbəkənin əlindən qurtarın!” – Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Bu gün, 10:24

II Qarabağ müharibəsi qazisi dövlət qurumlarına müraciət etdi: Laçındakı qanunsuzluqların araşdırılmasını istəyir
AzTimes.az xəbər verir ki, II Qarabağ müharibəsi qazisi, sentyabr döyüşlərinin və antiterror əməliyyatlarının iştirakçısı Həsənzadə Şamil Əsəd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.
Qazi müraciətində Laçın rayonunda müxtəlif dövlət qurumlarında qanun pozuntularının, qohumbazlığın və korrupsiya hallarının mövcud olduğunu iddia edib. O, xüsusilə Aqil Nəzərli barədə bir sıra ittihamlar səsləndirib və həmin iddiaların hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını xahiş edib.
Müraciətdə iddia olunur ki, Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərlinin Laçın rayonundakı məktəblərdən birində psixoloq kimi rəsmiləşdirildiyi, lakin faktiki olaraq həmin vəzifəni icra etmədiyi halda əməkhaqqı aldığı bildirilir.
Bundan başqa, qazinin iddiasına görə, Aqil Nəzərlinin qardaşının həyat yoldaşı Pəri xanım Taxtakörpü məktəbində müəllim kimi qeydiyyatda olsa da, uzun illərdir dərs keçmədən əməkhaqqı alır.
Həsənzadə Şamil Əsəd oğlu müraciətində daha bir iddia irəli sürərək bildirib ki, Aqil Nəzərlinin həyat yoldaşı Qələm Nəzərli də xadimə kimi işə rəsmiləşdirilib və işə gəlmədən əməkhaqqı alır.
Qazi qeyd olunan bütün faktların aidiyyəti dövlət qurumları tərəfindən obyektiv araşdırılmasını, qanun pozuntusu aşkarlanacağı təqdirdə hüquqi qiymət verilməsini xahiş edib.
Qeyd: Yazıda yer alan məlumatlar II Qarabağ müharibəsi qazisi Həsənzadə Şamil Əsəd oğlunun dövlət qurumlarına ünvanladığı müraciətdə səsləndirdiyi iddialardır. AzTimes.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

