Səhmi almalı, satmalı, yoxsa saxlamalı?
Bu gün, 16:18

Maliyyə bazarları ilə maraqlanan hər kəs səhm kotirovkalarına baxarkən analitiklərin "al", "sat" və ya "saxla" kimi tövsiyələri ilə qarşılaşır.
Bu qiymətləndirmələr investorlara müəyyən səhmlərlə bağlı istiqamət göstərsə də, onlar investisiya qərarının yeganə meyarı hesab edilməməlidir.
Analitik rəylərini düzgün qiymətləndirmək investorlara daha əsaslandırılmış qərarlar qəbul etməyə kömək edə bilər.
Analitik qiymətləndirmələri "RBC Capital", "Credit Suisse" və digər investisiya araşdırmaları şirkətlərinin mütəxəssisləri tərəfindən hazırlanır.
Onlar şirkətlərin maliyyə göstəricilərini, bazardakı mövqeyini, gələcək inkişaf perspektivlərini və digər mühüm amilləri təhlil edərək səhmlər üçün tövsiyələr təqdim edirlər. Maliyyə media qurumları isə müxtəlif analitiklərin rəylərini toplayaraq onların orta göstəricisini dərc edir.
Ən geniş yayılmış qiymətləndirmələr "al", "saxla" və "sat" tövsiyələridir.
"Al" tövsiyəsi analitiklərin səhmin gələcəkdə dəyər qazanacağını düşündüklərini və onun alınmasını məqsədəuyğun hesab etdiklərini göstərir. "Saxla" qiymətləndirməsi neytral mövqedir və analitiklərin qiymətin hansı istiqamətdə dəyişəcəyinə dair qəti fikir formalaşdırmadığını bildirir. "Sat" tövsiyəsi isə səhmin qiymətinin enəcəyinə dair gözləntiləri əks etdirir.
Bununla yanaşı, daha dəqiq proqnoz vermək üçün əlavə qiymətləndirmələrdən də istifadə olunur.
"Güclü al" yüksək artım potensialına malik hesab edilən səhmlər üçün verilir.
"Bazarı üstələyəcək" qiymətləndirməsi həmin səhmin yaxın 12 ay ərzində eyni sektordakı rəqiblərindən daha yaxşı nəticə göstərəcəyini ifadə edir.
"Bazardan geri qalacaq" qiymətləndirməsi isə səhmin ümumi bazardan daha zəif performans nümayiş etdirəcəyinə işarə edir.
Ən mənfi qiymətləndirmə sayılan "güclü sat" tövsiyəsi isə ciddi dəyər itkisi gözlənilən səhmlərə verilir.
Mütəxəssislər bildirirlər ki, analitik qiymətləndirmələrinə yalnız ayrıca baxmaq düzgün yanaşma deyil.
Daha faydalı nəticə əldə etmək üçün həmin səhmi neçə analitikin qiymətləndirdiyinə, onların neçə faizinin "al", "saxla" və ya "sat" tövsiyəsi verdiyinə diqqət yetirmək lazımdır.
Son aylar ərzində bu qiymətləndirmələrdə baş verən dəyişikliklər də bazar əhval-ruhiyyəsindəki tendensiyaları anlamağa kömək edir və səhmin yüksəlişə və ya enişə hazırlaşdığı barədə erkən siqnal verə bilər.
İnvestorların diqqət yetirməli olduğu digər vacib göstərici isə hədəf qiymətlərdir.
Analitiklər hər bir səhm üçün növbəti 12 ay üzrə gözlənilən qiyməti proqnozlaşdırırlar. Cari bazar qiyməti ilə hədəf qiymət arasındakı fərq səhmin potensial artım və ya azalma imkanını göstərir.
Bu məlumat investorlara risk və gəlirlilik potensialını daha düzgün qiymətləndirməyə imkan verir.
Bununla belə, analitik proqnozları həmişə dəqiq olmur. "CNBC"nin 2023-cü ildə açıqladığı reytinqə əsasən, "Keefe, Bruyette & Woods" kimi ən uğurlu araşdırma şirkətlərinin belə proqnozları təxminən 65 faiz hallarda özünü doğruldur.
Buna görə də investisiya qərarı qəbul edərkən yalnız analitik tövsiyələrinə deyil, şirkətin maliyyə vəziyyətinə, bazar şəraitinə və digər fundamental göstəricilərə də diqqət yetirmək tövsiyə olunur.
Tənzilə Ağabalayeva

