Rusiyada kotlet və düşbərəyə görə dəhşətli qətl törədildi
Bu gün, 15:18
Rusiyanın Safonovo şəhərində ər-arvad soyuducudan ərzaq oğurlayıb, tanışlarını öldürüblər. Onların oğurladığı ərzaqlar iki paket kotlet, düşbərə və toyuq əti olub.
Mk.ru xəbər verir ki, bu barədə Smolensk vilayəti üzrə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Cinayət mayın 19-da baş verib. Ər-arvad əvvəlcə 40 yaşlı kişi ilə onun mənzilində spirtli içki qəbul etdikdən sonra evlərinə qayıdıblar. Daha sonra onlar gizli şəkildə yenidən həmin şəxsin evinə gediblər. Soyuducudan ərzaqları götürən zaman ev sahibi mətbəxə gəlib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Qadın bıçaq götürsə də, əri silahı onun əlindən alaraq tanışına boyun nahiyəsindən bir neçə zərbə endirib. Daha sonra qadın oxlovla ev sahibinə xəsarətlər yetirib. Nəticədə kişi həyatını itirib.
Ərzaqları götürən ər-arvad hadisə yerindən qaçıblar. Hazırda onların hər ikisi saxlanılıb. Onlara tamah məqsədilə bir qrup şəxs tərəfindən törədilmiş qətl maddəsi ilə ittiham irəli sürülüb.