Sara Rektor. 11 yaşında neft maqnatına çevrilən “dünyanın ən varlı qaradərili qızı”.
12-02-2026, 17:54

Sara Rektor 3 mart 1902-ci ildə, tamamilə qaradərililərin yaşadığı, hindu tayfalarına mənsub ərazi sayılan Taft şəhərində anadan olub (1907-ci ildə Oklahoma ştatı yaradılanda Taft onun tərkibinə qatıldı). Ailədə Saradan başqa daha beş uşaq vardı.
Saranın valideynlərinin əcdadları ABŞ-da vətəndaş müharibəsindən əvvəl hindu kriklər tayfasına (özləri maskoqi adlandırırdılar) xidmət edən qaradərili qullar idi. 1866-cı il müqaviləsinə əsasən, vətəndaş müharibəsindən sonra qullar azad edildi və istəsələr, hindu tayfalarının ərazisində qalmaq hüququna malik oldular; bu zaman onlar rəsmi olaraq krik tayfasına mənsub sayıldılar. Tayfaya üç qrup daxil idi: “əsl hindular”, “ağ həyat yoldaşları” və “azad edilmiş qullar” (və onların xələfləri). Sonuncuların da tez-tez hindu əcdadları olurdu. Rəsmi mənsubiyyət azad edilmiş qullara torpaq sahələri almağa imkan verirdi — təxminən 600 qaradərili uşaq hər biri 160 akr (64,75 hektar) torpaq almışdı.
Saranın torpaq sahəsi Glenpul adlı yerdə yerləşirdi, ailələrinin yaşadığı evdən 60 mil (96,5 km) məsafədə. Torpaq münbit sayılmırdı və kənd təsərrüfatı üçün yararsız hesab olunurdu. Saranın ailəsi kasıb vəziyyətdə yaşayırdı və bu torpaq üçün illik 30 dollar vergi ödəmək çətin idi; atasının məhkəməyə müraciəti torpağı satmaq üçün rədd edildi, çünki qanuna görə azyaşlıların torpağı satıla bilməzdi.
Saranın atası xərcləri qarşılamaq üçün 1911-ci ilin fevralında torpağı “Standard Oil” şirkətinə icarəyə verdi. 1913-cü ildə müstəqil qazmaçı B. B. Jones həmin torpaqda quyu qazdı və gündə 2500 barrel neft hasil edilməyə başladı. Sara Rektor gündə 300 dollar (2024-cüil qiymətləri ilə 10100 dollar) gəlir əldə etməyə başladı. Daha sonra bu torpaqda bir neçə yeni quyular qazıldı.
Qızın sərvəti ictimailəşəndən sonra, o, bütün dünyadan saysız-hesabsız kredit müraciətləri, pul hədiyyəsi istəkləri və hətta evlilik təklifləri almağa başladı, Hərçənd onun cəmi 12 yaş vardı. Onun sərvətini nəzərə alaraq, Oklahoma ştatının qanunverici orqanı xüsusi qanun qəbul edərək Sara Rektoru “ağ adam” elan etdi. Nəticədə o, bəzi ağ amerikalıların hüquq və üstünlüklərindən istifadə edə bildi, məsələn, qatarda birinci sinifdə səyahət etmək.
Sara, bacı və qardaşları məktəbə getməyə başladılar; ailə müasir beş otaqlı kottec və avtomobil aldı. Məktəbi bitirdikdən sonra Sara Tuskegee Universitetində təhsil aldı. Sara 18 yaşına çatanda artıq milyonçu idi. O, səhmlərə və istiqrazlara sahib idi, Maskoqi şəhərində çörək və restoran müəssisəsi almışdı, həmçinin çay sahilində 2000 akr sahəsi vardı. Bu dövrdə ailəsi ilə birlikdə Misuri ştatının Kansas-Sitiyə köçdü və 12th Street-də ev aldı; bu ev bu gün də mövcuddur və “Rektor evi” adlanır.
Sara Rektor 1920-ci ildə biznesmen Kennet Kempbell ilə evləndi, onların üç oğlu oldu. Böyük Depressiya zamanı sərvətlərinin bir hissəsini itirən cütlük 1930-cu ildə boşandı. 1934-cü ildə Sara ikinci dəfə Uilyam Kroufordla evləndi.
Sara rahat həyat sürürdü, zənginliyindən həzz alırdı — gözəl geyinirdi, bahalı avtomobillərə sahib idi, uşaqlar üçün sürücüsü vardı, evində tez-tez afroamerikalı tanınmış şəxsləri qəbul edirdi.
Sara Rektor Krouford 1967-ci il iyulun 22-də vəfat etdi.
2025-ci ilin noyabrında “Saranın nefti” (Sarah's Oil) adlı film ekranlara çıxdı.
"Tarixçi" whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli

