İmam Hüseyn irsi bir milli dəyər olmasa idi, Natəvan, Sabir, Füzuli "ərəb hadisəsinə" əza saxlayardılarmı?
Bu gün, 12:34

Məhərrəm gələndə bəziləri keçirilən məclisləri, rozələri "bu geridəqalmışlıqdır", "bu bizim milli kimliyimizə aid deyil", "ərəb hadisəsidir", "maarifçi olmaq lazımdır" kimi ifadələr işlədirlər. Bunun dini tərəfini qoyaq bir kənara
Gəlin onda Azərbaycan xalqının ən çox hörmət etdiyi iki şəxsə baxaq.
Biri Qarabağın xan qızı, Azərbaycan poeziyasının ən parlaq simalarından olan Xurşudbanu Natəvan.
Digəri isə Azərbaycan satirasının dahisi, maarifçilik tariximizin simvollarından olan Mirzə Ələkbər Sabir.
Bu gün kimsənin cəsarəti çatmaz Natəvanı geridəqalmış, Sabiri isə cahil adlandırsın.
Amma maraqlıdır ki, hər ikisi İmam Hüseyn (ə) haqqında şeirlər yazıb, Kərbəla müsibətini yad edib, Əhli-beyt sevgisini öz yaradıcılıqlarının bir hissəsinə çevirib.
Əgər Hüseyni (ə) sevmək geridəqalmışlıqdırsa, onda Natəvan da geridəqalmışdır? Əgər Kərbəla Azərbaycan kimliyinə yaddırsa, onda Qarabağın xan qızı niyə Hüseynə (ə) mərsiyələr yazırdı?
Əgər bu yalnız "ərəb məsələsi"dirsə, bəs niyə Sabir kimi bir maarifçi öz şeirlərində Kərbəla şəhidlərini ehtiramla yad edirdi?
Doğrudur, İmam Hüseyn (ə) ərəb idi. Amma Nizami də gəncəli idi, Dostoyevski rusdu, Şekspir ingilisdi.
Bir insanın milliyyəti onun təmsil etdiyi dəyərin ölçüsü deyil.
Hüseyn (ə) ərəbdir, amma onun müdafiə etdiyi ədalət, ləyaqət, zülmə boyun əyməmək və haqq uğrunda can vermək bütün insanlığın ortaq irsidir.
📕Bunu Natəvan da belə görürdü:
Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,
Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.
Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,
Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.
Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri,
Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün
📗Bunu Sabir də belə görürdü:
Sabira, hər il əza saxla Əliəkbərə sən,
Kərbəlada gedib ağla o şəhi-davərə sən,
Gəl qiyamətdə bu cəm ilə səfi-məhşərə sən
Qalma həsrət iki dünyadə bu mövla üzünə.
📙Bunu Hüseyn Cavid də belə görürdü:
Еy ürək, sən bir an da bu müsibətdən qafil olma,
Cəza günündə onun şəfaətindən başqa hеç bir mükafat yoxdur.
Görünür, özünü onlardan daha maarifçi hesab edən bəzi adamlar bunu anlamaqda çətinlik çəkirlər.
Milli Kimlik
TEREF

