Qurban zehniyyətindən müəllif zehniyyətinə..
Bu gün, 07:24

Covey deyirdi ki, insanların çoxu həyatını idarə etməyə çalışmır, sadəcə baş verənlərə reaksiya verir.
Səhər bir xəbər əhvalını korlayır.
Bir söz motivasiyanı dağıdır.
Bir uğursuzluq bütün günü əlindən alır.
Beləcə insan sükan arxasında olduğunu düşünür, amma əslində sükanı şərait idarə edir.
Stephen Covey-nin məşhur “7 Habits of Highly Effective People” əsərinin təməlində duran əsas fikir də budur: Proaktiv olmaq.
Proaktiv insan hadisələrin qurbanı deyil, həyatının müəllifi olmağa çalışır.
Reaktiv insanlarda isə xarici hadisələr, başqalarının rəyi və şərait insanın əhvalını, qərarlarını və enerjisini idarə edir. Bu modeldə insan daim cavab verir-heç vaxt istiqamət müəyyən etmir.
Coveyin ən güclü konsepsiyalarından biri isə "İki Dairə" modelidir.
1. Narahatlıq dairəsi-burada iqtisadiyyat, siyasət, bazarın vəziyyəti, başqalarının davranışları, keçmiş səhvlər və nəzarət edə bilmədiyimiz yüzlərlə məsələ var. Bu dairəyə çox enerji sərf edən insan zamanla yorulur, şikayətçi olur və özünü gücsüz hiss etməyə başlayır.
2. Təsir dairəsi-burada isə qərarlarımız, vərdişlərimiz, münasibətlərimiz, öyrəndiklərimiz, işimizə yanaşmamız və xarakterimiz var.
Maraqlıdır ki, uğurlu insanların həyatı problemlərsiz olduğu üçün deyil, diqqətlərini məhz bu dairəyə yönəltdikləri üçün fərqlənir.
Çünki insan nəzarət edə bilmədiyi şeylər haqqında düşündükcə gücünü itirir, nəzarət edə bildiyi şeylər üzərində işlədikcə isə güc qazanır.
Biznesdə də eyni qanun işləyir.
Güclü rəhbərlər günahkar axtarmaqla yox, həll yolu axtarmaqla məşğul olurlar.
Güclü komandalar şəraiti müzakirə etməkdən çox, növbəti addımı müəyyənləşdirirlər.
Güclü insanlar isə həyatın onlara nə etdiyini deyil, özlərinin həyata nə cavab verdiyini düşünürlər.
Bəlkə də məhsuldarlığın, liderliyin və daxili rahatlığın sirri bir sualda gizlidir:
Bu gün enerjimin nə qədərini narahatlıq dairəsinə, nə qədərini isə təsir dairəsinə sərf etdim?
Çünki həyat çox vaxt şərait dəyişəndə deyil, fokus dəyişəndə dəyişir.
Rəşad Cabirli
TEREF

