Böyük bir kütləni manipulyasiya edib, pul və nüfuz qazanmaqdır əsas məqsəd. MÖVQE

Bu gün, 11:24           
Böyük bir kütləni manipulyasiya edib, pul və nüfuz qazanmaqdır əsas məqsəd. MÖVQE
Nənəm hər il Məhərrəm ayının onuncu günü, yəni Aşura günü səhər sübh namazı vaxtı oyanar, el arasında "Hədik" olaraq bilinən yeməyi bişirərdi. Səhər gün doğan vaxt yeddi qonşuya paylayardı.
Səbəbini soruşanda deyirdi ki, bu gün mübarək şəxslərin qətlə yetirildiyi gündür. Necə ki, dünyasını dəyişən doğmalarımızın adına duz atıb, yemək bişiririk, bu da elə.
Biz tərəflərin əhalisinin əksəriyyəti sünnidir, Şəkidə yalnız bir kənd və şəhərin bir-iki məhəlləsi şiədir. Məsələ sünni və ya şiə olmaqda deyil. Kəndimizdə əzadarlıq ayinləri olmasa da, hər il bu aya rəğbətən toylar dayanırdı. Yəni sən bir dinə inanırsansa, onun tarixində baş verən hadisələr necəsə sənin həyatına təsir göstərir.
Bu gün ağzımızı açıb, bir söz deyəb kimi böyük bir kütlə hücuma keçir və əsas sözləri də bu olur: "Niyə mənin əqidəmi təhqir edirsən?"
Bəli, demokratik cəmiyyətdə hər kəs bir-birinin fikrinə, düşüncəsinə, əqidəsinə hörmət etməlidir. Amma "hörmət etmək"lə," qəbul etmək" fərqli anlayışlardır.
Kərbəla hadisəsi İslam tarixinin unudulmaz faciəsidir. Amma bu dinin tarixində onlarla, yüzlərlə belə hadisə olub. Nəinki bu dinin, düny tarixində bundan dəhşətli hafisələr, faciələr, savaşlar yaşanıb.
Biz kiminsə zövqünə, fikrinə, inancına müdaxilə edə bilmərik. Kiməsə deyə bilmərik ki, mütləq sünni olma, şiə ol, şiə olma, sünni ol, İmam Hüseyni yox, Musab bin Ümeyri sev və ya Musab bin Ümeyri də İmam Hüseyn qədər sev. Amma nəyin ədalətli, nəyin ədalətsiz, nəyin əqidəvi, nəyin qeyri-əqidəvi olduğunu deyə bilərik.
Mən istər uşaqlıqdan aldığım din təlimimdən və sonra aldığım din üzrə aldığım ali təhsilimdən yola çıxaraq əminliklə deyə bilərəm ki, bu gün Məhərrəmıik ayinləri kimi təqdim olunan davranışların nə dinlə, nə İmam Hüseynlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bəli, yoxdur.
Kərbəla hadisəsi və bu hadisədə həlak olan şəxslər nümunə ola bilərlər. Hətta hadisə inancsız və ya başqa dindən olan insanlara da təsir edə bilər.
Bu hadisə haqqında onlarla kitab yazılıb, film çəkilib. Roman bildiyin bir ədəbiyyat janrıdır, film də incəsənət janrı. Oxuyursan, izləyirsən, təsirlənirsən, qeydlərini götürürsən. Bir də var, bu hadisəni hər il tamaşa kimi küçədə göstərmək. Bu, əqidə deyil, meydan tamaşasıdır. Atı bəzəyib, meydanda, gəzdirmək, boş tabuta şabaş atmaq, ələm uçurmaq, zəncir vurmaq, körpə uşaqların başını xəncərlə yarmaq, əqidə deyil, meydan tamaşasıdır.
Təəssüf etdiyim məqam budur ki, hər il əzadarlıq mərasimlərinə qoşulan, bunları bilən, görən, dərk edən, gizlincə "doğru deyil" deyən yazışılar, şairlər, ziyalılar, ictimai fiqurlar bu məsələləri dilə gətirmir. Niyə? Kütlə itirməkdən qorxrlar. Qorxurlar ki, şiələr onların üzərinə gələcək, "Başqaları bilmir, sən də bilmirsən ki, bu, bizim ənənəmizdir?!" deyəcək. Onlar deməsin, biz deyirik.
İslam tarixində üç dəfə 10-12-15-ci əsrlərdə nəzəri və praktiki şiəlik təbliğatı olub. Bu məzhəbi, mərasimləri daha çox farslarla əlaqələndirirlər. Amma təkcə farslar deyil, farslarla eyni kökdən olan, hətta olmayan, eyni coğrafiyada yaşayan digər xalqların da mühüm rolu var və onların da ənənəsidir. Ümumilikdə Sasani şüubiyyəsinin yaşadılmasına xidmət edən ənənələr toplusudur. Amma sırf farslarındır, deyib, üzərindən keçmək doğru deyil. Sünni məzhəblərinin formalaşmasında rolu olan nə qədər fars müəllif var.
Məhərrəmlik mərasimlərində müxtəlif kültür elementləri var. Ortodoks xristianlığı istisna deyil. Xüsusilə biz türklərin də az əməyi, rolu olmayıb. Məsələn, "saçyoldu", "üz cırmaq" qədi türk "yuğ ənənəsi"dir. Digər tərəfdən İmam Hüseyn İslamı təmsil edir, İslam uğrunda şəhid olub, amma Məhərrəmlikdəki təziyə ənənələri, xüsusilə "İmamın qırxı" türk Şaman inancına əsasən qeyd olunur. Bir sözlə, bu qazana hərə bir çimdik duz atıb, qarışdırmaqla məşğuldur.
Nəticədə din yox, böyük bir cəhalət hökm sürür. Bir insanın özünə davamlı olaraq əzab verməsi əqidə deyil, mozaxizmdir. Ələm uçuranın ovcuna pul qoymaq, körpə uşaqların başınl yarmaq, özü-özünü döymək, zəncirləmək, atı bəzəyib, meydanda gəzdirmək İmam Hüseynə təzim yox, təhqirdir.
Kütlə bunun fərqində deyil. Heç manipulyasiya olunduğunun da fərqində deyil. Bu ənənələrdən böyük qazanc və nüfuz güdən adamlar var: Mərsiyəxanlar, rövzəxanlar, mollalar, şəbehçilər və.s. Onların məramı nə dindir, nə İmam Hüseyn. Böyük bir kütləni manipulyasiya edib, pul və nüfuz qazanmaqdır əsas məqsəd. Əksinə bir fikir ifadə edən adamları da elə manipulyasiya etdikləri kütlə vasitəsilə zərərsizləşdirirlər.
Əgər İslam Allah tərəfindən göndərilibsə, belə bir din göndərilməyib. İmam Hüseynin babası sizə belə bir ənənə qoyub, getməyib. Səmimi olun və etiraf edin ki, biz Hüseyni müqəddəsləşdirib, öz ənənələrimizi yaratmışıq və onu bu yolla yaşadırıq. Vəssalam... Показать меньше
Sahib Altay












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru