Sabirin son məktubu
Bu gün, 07:34

(məktub düz 115 il əvvəl bu gün yazılıb. şairin ölümünə 15 gün qalmışdı)
Qardaşım Səhhət!
Məktubun yetişdi. Evdən, uşaqlardan bir əndazəyəcən nigəranlığım rəf’ oldu. Qaldı ki, mənim əhvalım, sabiqdə sənə məktub yazdığım halda indiki haldan min dəfə yaxşıraq idi; özüm öz bədbəxtliyimə bais oldum. Doğrusu, Mirzə Cəlil və Həmidə xanım cənablarının həddən artıq iltifatlarından xəcalət çəkdiyimə görə çalışdım ki, bəlkə bir az tez səhhət tapım; daha da xəstəliyim şiddət elədi. Boylə ki, burada bir nəfər Qandəmirov adlı doktor var, - Iran konsulunun məxsusi həkimidir, Rusiyada və Yevropada təhsil etmişdir, osmanlı türkcəsilə də gözəlcə danışır, - getdim onun yanına. Məni müayinə etdi, soruşdu ki, kimdən əlac edirsən. Dedim:
- Doktor Kasparyansdan.
Dedi:
- Kasparyans eyi bir doktordur, lakin bir qədər ixtiyarlaşmış. Doğrusu, onun bu ibarəsi ğayətdə mənim xoşuma getdi. TUrklərə məhəbbətimin kəsrətindən xəyal etdim ki, bu adamın danışığı yalnız mənə əlacdır. Ondan əlac istədim. Mənə bir həb və bir içmə dərman yazdı. Dedi ki:
- Bu həbdən gecələr yatan vəqtdə iki danə atarsan, o içmə dərmandan da iki saətdə bir xörək qaşığı içərsən. Bir az vəqtdə bütün-bütünə səhhətyab olarsan, şişmanlaşarsan. Vətəninə gedib, qəzetələrdə məni mədh edərsən. Bu adamın yazdığı davaları Mirzə Cəlil cənablarına məsləhət etməmiş aldım. Çünki bilirdim ona məsləhət etsəydim, razı olmayacaqdı. Həkim iki həb demişdisə, mən gecə bir danə həb atdım...
...Axır nəfəslərim olduğun dərk edib də, bu məktubla sənə əhvalımı xəbər verirəm. Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam. Məndən Mahmudbəyə səlam et. Mehdibəy Hacınski cənablarına ayrı məktub yazmaq fikrindəyəm. Lakin əlim daha qələm tutmayır. Əhli-əyalımı sizə, sizi də Allaha tapşırıram. Ölürsəm, qəm etmərəm; çünki bilirəm siz mənim asarımı təb’ etdirərsiniz. Baqi vəssəlam.
Qardaşın Ə.Sabir
27 iyun 1911
[Məktubdan bir parça]
...Dünyadən, həyatimdən bizarəm. Bəradər, yəqin et ki, şər’ən məs’ul olmaseydim, özümü məsmum edərdim. Bir dəfə dünyanın əzabindən xilas olurdum. Lakin nə etməli, tərbiyeyi-ibtidaiyyənin tə’sirindənmi, dindarlıqdanmıdır ki, buna vicdanən razı olamıyoram. Nə qədər cismən narahət...
“Hophopnamə”, iki cilddə, ll cild 'Şərq-Qərb”, Bakı-2004
Sabir 1911-ci il iyulun 12-də rəhmətə gedib
Vasif Sadiqli

