Ronaldo hazırda Messinin vaxtilə Argentina yığmasında üzləşdiyi gözümçıxdı vəziyyətindədir

Bu gün, 09:24           
Ronaldo hazırda Messinin vaxtilə Argentina yığmasında üzləşdiyi gözümçıxdı vəziyyətindədir
Şir qocalanda başına çaqqal-çuqqal yığışar deyirlər. Bu məqamda tam yerinə düşür.
İnsanlarda bəzən kollektiv amneziya baş verir.
Unudurlar kimə qədər nə necə olub.
Kristiano Ronaldo 41 yaşında qaçmaq, toplara çıxmaq üçün özündə güc hiss edir. Bəs oyunlarda ona neçə ötürmə gəldi? Neçə asma verildi ki, “bacarmır” deyilsin? İspaniya ilə oyunda ilk hissədə təsadüfən ayağına düşən topu çətin vəziyyətdə qapıya aşırma zərbə ilə göndərən Kristiano idi, başqası yox.
Ronaldo hazırda Messinin vaxtilə Argentina yığmasında üzləşdiyi gözümçıxdı vəziyyətindədir. Messi o vaxt millidən hətta getmişdi. İndi isə məşqçi və kollektiv ona layiq olduğu münasibəti göstərir.
Ronaldo isə tək qaldı. Məşqçi xaraktersiz, futbolçular isə Portuqaliya millisinin nailiyyətlərinə görə kimə minnətdar olduqlarını unudan kaprizli uşaqlardır. Oyunda bu adamın reallaşdıra biləcəyi qol epizodlarını belə ona yaratmaq istəmədilər.
Dünya çempionu olmaması isə Ronaldonu əksildə bilməz. Kakanın bu yaxınlarda bir cümləsi oldu: “Ən güclünü dünya kuboku müəyyən etmir. Mən bütün mümkün titulları qazandım. Amma tarixin ən güclüsü deyiləm.”
Futbol komanda oyunudur və Argentina həmişə Portuqaliyadan güclü olub. Bu gün də güclüdür. Tək Messi bu kuboku onlara qazandırmayıb. Tək Ronaldo da praym vaxtında bunu edə bilməzdi. Nəinki 41 yaşında.
Hələ ağılsızcasına 2-ci yeri tutmaqla çətin cığıra düşdülər, Argentinadan fərqli olaraq. Bu da həlledici oldu. Bəlkə də yarımfinala kimi gələrdilər bu rəqiblərlə. Bəlkə də yox. Bilməyəcəyik. Amma Portuqaliya dünya çempionu olmağa mental olaraq hazır və layiq olmadığını göstərdi.
Messi və Ronaldoya gəlincə. İkisi də fərqli həyat yolu ilə zirvədə olublar. Onlar çox fərqlidirlər. Necə ki, Messi çempion olanda ona görə sevinib paylaşımlar edirdim, bu gün də CR7-yə görə üzülürəm. Çünki layiq idi bu ada. Portuqaliya yox, o layiq idi. Qismətinə bu ölkənin formasını geyinmək düşüb. Ən yaxşı vaxtında da onlara DÇ ola bilmədi, çünki bir nəfərin oyunu deyil bu.
Hələ də kiminsə kimdənsə üstün olduğunu sübut etməyə ehtiyac görürsünüzsə, təsdiqləməyə çalışırsınızsa, buna hələ də ehtiyac duyursunuzsa - idolunuzu dəyərsizləşdirirsiniz.
Ronaldonun tək əksiyi dünya çempionluğudur. Amma bir kubok 20 illik böyüklüyü nə yarada, nə də silə bilər.
Narmin Salmanova
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru