Səməd bəy Mehmandarov əskərlərə milli mətbəximizin yeməklərindən verilməsini tələb edirdi
Bu gün, 11:04

Hissələrdə olan vəziyyətlə tanışlıqlar zamanı Zaqatalada hərbi xidmətin təşkili, iaşə təminatı, yeməklərin yüksək keyfiyyətdə olması hərbi nazir Səməd bəy Mehmandarovu razı salmışdısa, 1919-cu il yanvarın əvvəllərində Praporşiklər məktəbində, Topçu divizionunda iaşənin təşkili onu razı salmamışdı. Bu narazılıq da daha çox məsul şəxslərin öz vəzifələrinə məsuliyyətlə yanaşmamalarından irəli gəlirdi. Adı çəkilən hissələrdə əsgərlərə səhər-axşam eyni yeməklər verilirdi, menyunun müxtəlif olmasına diqqət yetirilmirdi. Hərbi nazir də belə vəziyyətlə razı deyildi.
O imzaladığı əmrdə tələb edirdi ki, yad ölkələrin mədəniyyətinə aid olan yeməklərin bişirilməsinə son qoyulsun. Hərbi qulluqçulara bozbaş, dolma kimi milli yeməklər, həftədə bir dəfədən az olmayaraq isə plov bişirilsin, onlara verilən quru çayın və şəkərin miqdarı artırılsın.
Nazir bidirirdi ki, şəkər və qənd normalarının artırılması ǝsgərlərə səhər və axşam qaynar çay içmək imkanı verirdi. Yolxucu xəstəliklərin epidemiyası yayılanda isə nazir çay və şəkər normasını daha da artırdı ki, əsgərlər bütün gün ərzində çiy su içməsinlər, özlərini qaynar çayla təmin edə bilsinlər.
Tarix elmləri doktoru Mehman Süleymanov

