FB duracaq yer deyil, Eyy Can, səfər eylə...

Bu gün, 00:02           
FB duracaq yer deyil, Eyy Can, səfər eylə...
Duracaq olmayan bu yerdə son günlər, əlbəttə, (əda ilə deyim ki, yalnız) 3 gündən bir, 5 gündən bir duracaq oluram. Qarşıma çıxan ilk divar Orxan Saffari adını daşıyır.
Mən axtarmadım, özü məni tapdı. Və artıq axtarmalı oldum. Arada səhifəsini belə açıram, oxuyuram və `xорошо пишет, сволочь` deməkdən özümü saxlaya bilmirəm...
Yaman yazır... həm düşündürür, həm güldürür...
Adam Qurd Ürəyi yeyib...
Və Qurd Ürəyi yediyini bilir...
Biz də bir zamanlar Aztv efirində Qurd Ürəyi yemişdik...
Ama Qurd Ürəyi yediyimizdən xəbərimiz yoxuydu...
Elə bilirdik, dünya, elə belə gəlib belə də gedəcək...
Eləcə sual verirdik, `niyə belə, niyə helə` deyə...
Sorularımızdan `zərər çəkənlər` birləşdilər və efirimizi qapatdılar. Sovet despotizmindən yeni çıxmışdıq, amma bürcləri hələ ayaqda idi, strateji yüksəkliklər (indiki kimi) onlarda idi...
Biz zəiflərə gücləri çatdı...
Hər zaman zəiflərə güc göstəriblər...
Güclü ilə işləri olmaz...
Güclünün kölgəsində girlənərlər...
Çox bilmişdirlər...
Onlar şikayət edərlər, ancaq deməzlər bu adam mənə cavabını verə bilmədiyim suallar verir. Deyərlər, `cənab prezident, bu adam bizi nüfuzdan ona görə salır ki biz sizin tərəfinizdəyik. Hədəf sizsiniz zat-aliləri..., ayağının altında ölüm... ` və s.
Yaltaqlıq məqamında nə deyəcəkləri haqda bolşevizmin tarixi qədər bilikləri və irsi təcrübələri var...
Bu yeni dövr üçün yeni təcrübələr də yox deyil...
O vaxtlar, azadlığın ilk illərində biz nəsil bir arx axıtmaq istəyirdik... su gələn arxa bəlkə bir də gələ deyə...
Yarımçıq qaldı... yol vermədilər...
O yaşam arxını Qüdsi qardaşları 150 il əvvəl olmazın müsibətlə axıtmışdılar... və yarımçıq qaldı...
`Əkinçi` də özünü o arxın qutsal yatağına vurdu... yarımçıq qaldı... qoymadılar...
`Molla Nəsrəddin` də o yönə yürüdü... önünü kəsdilər...
88-dən başlayan bizim arx da axmadı... 90-larda quruduldu...
Təkcə rejim məsələsi deyil. Xalq olaraq da biz, azı yüzdə əlli bir doğru sözü sevmirik. Tənqidi sevirik, yumora gülürük, satiraya bayılırıq, amma mənə və `babamın yapdığına` yox. Çünkü babamın yapdığı `filan şey` deyil, babam yapdığıdı...
Beləcə, söz üstümüzə sıçrayanda o arxı `qəhrəmanca` quruduruq...
Bütün hallarda Orxan Saffari hələ yazır... iti yazır...
Yaxşı yazır...
İctimai fikirdəki dərin boşluğu, müzakirə və mübahisə ehtiyacını doldurmağa çalışır...
Bütləri bildiyi kimi dağıdır...
Lakin bu aydın axarı qurutmağa hazır tayfa də fikir-fikir etməkdədir, əminəm...
Təcrübəm var
Orxan bilməlidir... və bilməmiş olmaz...
Hər səfanın ardıyca koşan bir cəfa var...
Hər cəfanın da dalıyca bir səfa sürünməkdədir...
Kimsə kefini pozmasın...
Dünya duracaq yer deyil...
Yeri gəlməmiş olsa da bir əhvalat yadıma düşdü,
`Molla Nəsrəddin`ə Süpürgəsaqqal` imzası ilə yazan Qalalı (Şuşalı) Mustafa bəy varmış, arada-barada həcv yazarmış... Yaşı 80-ə yaxın... Məzəli və rüsvayçı əhvalatları ilə tanınır, bəlkə bir gün yazdım... nə isə... konumuz o deyil...
Adam, Həmidə Xanımın evində Mirzə Cəlillə rastlaşır. Kim olduğunu bilmir, demirlər. Hər ikisi hal əhli, hər ikisi süddən yanıq (!)... sözləri tutur, bir xeyli hal-əhval edirlər. Adam arif imiş, nəsə şübhələnir və deyir, `bəri bax, sənin o işdə barmağın varmı?`
Mirzə deyir, `arada, sırada olur...`
Süpürgəsaqqal deyir, `qurumsaq, yaxşı yazır, amma axır vaxtlar sarsaqlayıb, dinə sataşır...`
Həmidə Xanım yazır ki, `Mirzə, Mustafa bəyin bu ifadəsinə ləzzətlə güldü...`
`Molla Nəsrəddin`in dinə sataşması ona baha başa gəldi. Təkcə Şuşa qalasından olan 49 abunəçisinin sayı 6 ca nəfərə düşdü.
İrana, Turana göndərişlər yasaqlandı. Məhkəmələrə çəkildi, boynuna cərimələr yükləndi...
Qürur hissi ilə deyim ki, `Molla Nəsrəddin` o tənəzzüldən sonra Üzeyir bəy demişkən `milyonçu kişilər dura-dura` Həmidə Xanım Cavanşirin şəxsi vəsaiti hesabına var ola bildi.
Xanımağa jurnalın məhkəmə cərimələrini belə cibindən ödəyirdi...
Nə isə... konumuz o da deyil...
Amma o arxı da qurutdular...
Böyür-başına nəfəs verəcək, gül-çiçək yetirəcək irmaqlar boz çöllüyə çevrildi... səslər kəsildi... sözlər qısıldı, fikirlər bülöylənib bolşevizm şüarçılığında parladı...
`Dinmə, danışma, lal ol, kar ol, kor ol` modu yenə aktual oldu...
Bizdən umulan budu...
Hələ Qüdsq qardaşlarından bəri rejimlərin də umduğu budur, bu gün yaşayan, özünü 1000 kitab oxuyub, 100 kitab yazmış bilənin də umduğu budur...
Nə etməli, coğrafiya qədərdir, demişlər. İki qitənin boğazında yaşamaq bundan artıq olmaz.
Bildiyimiz iki min ildən bəri ötən də hülqumundan yapışır, keçən də...
Amma `su gələn arxa bir də gələr..` deyib atalar...
Arx da üzünə üz bağlayıb... fürsət tapan kimi axmağındadı...
AXACAQ!
Mehriban Vezir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru