Raquf Orucov onu şəxsən tanıyanlar üçün də, tanımayanlar üçün də bir əfsanə idi.
Bu gün, 00:06

Dünən şəhid Raquf Orucovun doğum günü idi. Raquf Orucov onu şəxsən tanıyanlar üçün də, tanımayanlar üçün də bir əfsanə idi. Bəzən onun haqqında yazanda mənə elə gəlir ki, boşuna kürək çəkirəm. Ancaq qətiyyən ümidim itirmirəm. Çünki onun Milli Qəhrəman statusuna tam layiq olduğuna səmimi qəlbdən inanıram. Söhbət təkcə Aprel döyüşlərindəki fəaliyyətindən də getmir. Elə hərbçilər var ki, onların xidmətləri, keçirdiyi əməliyyatlar və atdığı addımlar ən yüksək ada layiq olduqlarını onsuz da ortaya qoyur. Əminəm ki, Raquf Orucov Aprel döyüşlərində şəhid olmasaydı, 44 günlük Vətən Müharibəsi zamanı daha böyük işlər görəcəkdi. Arada ürəyimdən keçir ki, kaş Raquf Orucov 2016-cı ildə yox, 2020-ci ildə şəhid olardı; bəlkə o zaman haqq etdiyi həmin adı ala bilərdi. Əslində, Raquf kimilər heç şəhid olmasaydı, daha yaxşı olardı, ancaq acı reallıq heç nəyi dəyişmir.
Ola bilsin, Raquf Orucov üçün Milli Qəhrəmanlıq statusu istəməyim, bu arzum və tələbim kimlərinsə xoşuna gəlməsin. Zamanında bu adı hər yetənə istəyənləri özüm o qədər tənqid etmişəm ki... Ancaq bir nəfər çıxıb sübut etsə ki, Raquf o ada layiq deyildi, bu söhbəti birdəfəlik bağlayaram. Bilirsiniz maraqlı nədir? Ölkədə insanların böyük hissəsi hələ də elə bilir ki, Raquf Orucov rəsmən Milli Qəhrəmandır. Görəsən, o, niyə bu qədər sevilir? Elə zabit var ki, işini yaxşı bilir, verilən tapşırıqları canla-başla yerinə yetirir, ancaq insan kimi bir salama belə layiq olmur. Eləsi də var ki, zabit kimi xeyli problemi var, amma hamı ona insanlığına görə hörmət edir. Raquf Orucovda isə bu keyfiyyətlərin hər ikisi cəmləşmişdi: həm peşəkar hərbçi idi, həm də adam kimi adam!
Azərbaycanda Milli Qəhrəmanların siyahısı hamıya məlumdur. Elə Milli Qəhrəmanlar var ki, sadəcə cəbhə xəttinə çatib oturub yemək yeyərkən ortalarına mərmi düşüb və indi o statusu daşıyırlar. Yəni yeganə fəaliyyətləri cəbhədə yemək yemək olub. Mitinqlə, aksiya ilə o adı alanlar da var. O adı almaq üçün etmədiyi iş, çıxarmadığı həngamə, tökmədiyi pul qalmayanlar da sonda məqsədlərinə çatdılar. Arada düşünürəm ki, bəlkə də Raquf Orucovun adının onlarla eyni siyahıda olmaması daha yaxşıdır. Amma yox, bu xalq unudandır; rəsmi status mütləq önəmlidir.
Bir çoxlarının "Raquf Orucovun Milli Qəhrəman statusu almasının qarşısını sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov alıb" deməsi tamamilə boş və mənasız söhbətdir. Nəcməddin Sadıkovun Raqufa bacardığı bütün pislikləri etdiyi doğrudur. Lakin artıq altı ildir ki, o, Azərbaycan ordusunda yoxdur. Raquf Orucov şəhid olan zaman Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Necə olur ki, Nəcməddin Sadıkov XTQ-ni dağıtmaq istəyərkən buna sinə gərən şəxslər Raquf Orucovun Milli Qəhrəmanlığı üçün bir sənəd hazırlaya bilmədilər? Hazırlasaydılar, qoy Nəcməddin Sadıkov yenə qarşı çıxsaydı. Yaxud, artıq altı ildir ordu Nəcməddin Sadıkovdan xilas olub; bəs o sənədləri hazırlayıb yuxarıya təqdim etməli olan zabitlərin, generalların əllərini pişik yeyib? Ortada təqdimat yoxdur.
Koroğlu pisdir, Qaçaq Nəbi pisdir, Şah İsmayıl pisdir, o pisdir, bu pisdir... Hər şeyi vurun, dağıdın. Hər millət öz qəhrəmanını özü yaradır. Hətta bəzən onu yaradanlar da qəhrəman qismində təqdim etdikləri adamın buna layiq olmadığını bilirlər, ancaq yenə də əl çəkmirlər. Yaxşı, anladım, keçmişdəkiləri biz yazmamışıq; SSRİ bizə tarixi necə təqdim edibsə, ondan o yana keçə bilməmişik. Bəs indiki tarixi ki özümüz yaza bilərik? Elə adamlar var, haqqında nəsə bir qəhrəmanlıq epizodu düzüb-qoşmağa nə qədər çalışsalar da, alınmır, alındıra bilmirlər. Niyə? Çünki qabında yoxdur və məcburən başqasının xidmətini ona calamaq istəyirlər. Raquf Orucova isə heç nəyi süni şəkildə calamağa ehtiyac yoxdur! O, həm adam kimi adam olub, həm də göstərdiyi xidmət hər kəsin gözü önündədir!
Allah sənə rəhmət eləsin, komandir!
Səxavət Məmməd

