Nikita Xruşşov: Yoldaş Mustafayev, niyə rəhbərlikdə ermənilər və ruslar yoxdur?

5-08-2026, 10:15           
Nikita Xruşşov:
Sov. İKP MK-nın Rəyasət Heyətinə məruzəsində İosif Şikin 1959-cu ilin martında rus məktəb-lərində Azərbaycan dilinin icbari tədrisi haqqında qanuna toxunaraq qeyd etdi: “Azərbaycan SSR-də məktəbi həyatla əlaqələndirmək haqqında hökumətin qəbul etdiyi qanunun müvafiq maddəsinin ikinci hissəsi Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin məktəb işinin yenidən qurulması haqqında tezislərdə söylənilən tövsiyə ilə uyğunlaşmır. Əslində o, dil öyrənilməsində könüllülük prinsipini inkar edir və Azərbaycan dilinin bütün məktəblərdə icbari öyrədilməsi kimi səslənir.
Şikin respublikada martın 8-də keçirilmiş qadınlar bayramında Ali Sovetin Rəyasət Heyətinin sədri İlyas Abdullayevin zalın yarıya qədərinin qeyri-azərbaycanlılar olduğu halda Azərbaycan dilində danışdığını ciddi nöqsan kimi qeyd etdi və bu səbəbdən də onun çıxışının dinlənilmədiyini bildirdi. Nikita Xruşşov replika verərək əlavə etdi ki, mən, məsələn, türk dilini bilmirəm və türklər qarşısında rusca çıxış etsəydim, onlar da mənə qulaq asmazdılar.
İosif Şikin Mirzə İbrahimov və İlyas Abdullayevin çıxışlarından bir neçə misal gətirdikdən sonra Xruşşov onu saxladı və dedi: “Yoldaşlar, bütün bunlar 66 faiz qeyri-azərbaycanlıların yaşadığı (62 faiz olmalıdır) Bakıda baş verir. Sadəcə yanaşsaq, onlar sizi partiya təşkilatlarından vurub çıxara bilərlər, axı əksəriyyət təşkil edirlər. Misal kimi xırda burjua təcrübəsini götürək. İndi Kanada da seçkilər gedir və kanadalılar ukraynalılara qarşı çıxış etmirlər, çünki orada ukraynalılar çoxdur və seçkilər pozula bilər. Məsələn, Amerikada da polyak və ukraynalı əhalinin çoxsaylı olduğu yerlər var. Amerikalılar bununla hesablaşırlar.
O, üzünü Mustafayevə tutaraq əlavə etdi ki, hətta burjua xadimləri belə sizin kimi münasibət bəsləmirlər. Bu, kobudca desək, hitlersayağı münasibətdir, zooloji münasibətdir, burjua demokratiyası isə belə yanaşmır. Millətlərə, çoxluq təşkil etməsələr də, azsaylı bir toplum olsalar da, hansısa muxtariyyət verirlər, siz isə gözümçıxdıya salır, özünüzü də kommunist adlandırırsınız.
Sonra Şikin qeyri-azərbaycanlıların milli maraqlarının məhdudlaşdırılmasına aid digər bir misal gətirdi və dedi: “Burada iştirak edən yoldaş Abdullayev bu yaxınlarda neftçilərin hökumət mükafatları ilə təltif olunmalarının yığıncağını aparırdı. Yığıncaqda Azərbaycan dilini bilməyən bir çox adamlar da iştirak edirdilər, bunu nəzərə almadan hər şey Azərbaycan dilində aparılıb. Tərcüməçilər olmayıb və iştirak edənlər də narazılıqlarını bildiriblər”.
İosif Şikinin məlumatında partiya tarixi sahəsində millətçiliyin baş qaldırmasına geniş yer verilmişdi. O, dedi: “Millətçilik əhvalının baş qaldırmasına partiya tarixi sahəsindəki işlərdə buraxılan nöqsanlar da təsir göstərmişdir. Azərbaycan Kommunist Partiyası tarixinin, inqilabi hərəkatın işıqlandırılmasında milli məhdudluq, özünə vurğunluq, keçmişin idealizə edilməsi, “Kumen” (“Hümmət” demək istəyir) kimi təşkilatın şişirdilməsi halları özünü göstərir”.
Nikita Xruşşov soruşdu: “Bakı bolşevik komitəsini onlarmı yaratmışlar?” Şikin isə sözünə davam edərək dedi ki, Nəriman Nərimanov kimi xadimlərinin rolu şişirdilir. Guya ki, ona tərəddüdlər, səhvlər və sapıntılar yad imiş. Kommunist Partiyası tarixi üzrə kitablarda Serqo Orconikidze, Stepan Şaumyan, Alyoşa Caparidze kimi xadimlərin nöqsanları, səhvləri göstərilsə də, Nəriman Nərimanovun nöqsanlarından bir kəlmə də deyilmir, lakin bizə məlumdur ki, xüsusilə milli siyasət sahəsində onun böyük nöqsanları olmuşdur.
Nikita Xruşşov göstəriş verdi ki, tənqidə tutmaq lazımdır, bizim Moskvadakı tənqidçilərimiz hara baxırlar?
İosif Şikin isə cavab verdi ki, ötən il “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının birinci hissəsinin müzakirəsində Sovet İttifaqının hər tərəfindən olan yoldaşlar bu kitabda ciddi nöqsanların, ideya baxımından qüsurların və sapıntıların olduğunu göstərmişdilər, lakin azərbaycanlı yoldaşlar bu tənqidi iradları yerli-dibli rədd etdilər.
Nikita Xruşşov yenidən göstəriş verdi ki, “Kommunist”də (Sov.İKP MK-nın nəzəri-siyasi jurnalı) məqalə çap edib orada şil-küt eləyin.
İosif Şikin həmin müşavirədə baş verənlərə toxunaraq bildirdi ki, Tacikistanın təmsilçisi yoldaş Mirmullayev çıxış edib deyib ki, daha yaxşı olmazdımı bütün müttəfiq respublikalarda olduğu kimi kitabı “Azərbaycan Kommunist Partiyasının tarixi” yox, “Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri” adlan¬dıraydınız? Ona cavab olaraq müşavirəni aparan MK-nın təbliğat və təşvi¬qat şöbəsinin müdiri deyib: “Niyə oçerklər? Bəlkə siz bu gün çıxış edib deyəsiniz ki, bizdə Nazirlər Soveti və Azərbaycan KP MK da yoxdur?" Yoldaş Mirmullayev sözünə davam edərək deyib ki, siz Nəriman Nərimanovun rolunu şişirdirsiniz. Təbliğat və təşviqat şöbəsinin müdiri belə bir replika atıb ki, “Bəs sizləri və qırğızları azad etdirən kim idi?”
İosif Şikin həmin müşavirədə Şıxəli Qurbanovun yekun sözünə toxunaraq qeyd etdi ki, “Şıxəli Qurbanovun bu müşavirədəki mahiyyətcə səhv olan yekun çıxışından altı ay keçsə də, partiya MK-sı həmin müşavirənin yekunlarını müzakirə etməyə, müəllif kollektivinin işinə qiymət verməyə, gələcəkdə necə işləməyin yolunu göstərməyə vaxt tapmır. Bəzi sənət əsərlərində, ayrı-ayrı çıxışlarda 26 Bakı komissarının fəaliyyəti səciyyələndiriləndə Stepan Şaumyan tarixi həqiqətin əksinə olaraq ikinci plana keçirilir, birinci plana isə milliyyətcə azərbaycanlı nümayəndələr çıxarılır”.
İosif Şikin “Bakinskiy raboçiy” qəzetinin bir nömrəsini nümayiş etdirərək dedi: “Baxın, yoldaşlar, dünən bəziləri etiraz etməyə çalışdılar ki, bu, belə deyil. Mən heç olmasa bir misal açıqlayacağam. Baxın, “Bakinskiy raboçiy” qəzetidir. Budur, buyurun: Əzizbəyov, Şaumyan, Caparidze”. Nikita Xruşşov soruşdu ki, burada hansı prinsip gözlənilir? O, əlavə etdi ki, biz məsələn, əlifba sırası ilə çap edirik və dedi: “Hamı bilir ki, Şaumyan Bakı hökumətinə başçılıq edirdi. O, ermənidir və bizlərdə sual doğmurdu ki, o, ermənidirmi, ya başqa millətdəndir. O, Lenin tərəfindən bütün Zaqafqaziya üzrə təyin edilmişdi. O, öz səlahiyyətini yalnız Bakıya yox, Gürcüstana və Ermənistana da şamil edirdi. Necə də utanmırsınız, burjua millətçiliyi girdabına yuvarlanmısınız! Kommunist adlanırlar! Allah bizi belə dostlardan qorusun! Düşmənlərdən isə özümüz qorunarıq”.
Nöqsanlardan və səhvlərdən danışarkən İosif Şikin tək partiya tarixi məsələlərinin işıqlandırılmasında deyil, mətbuat, radio, televiziya, kino və bütövlükdə yaradıcılıq təşkilatlarının fəaliyyətində ciddi əyintilərə yol verildiyini xatırladaraq bildirdi ki, yoldaş Mühitdinov Latviyadan misal gətirərək orada rus dilində verilişə 20 dəqiqə vaxt ayrıldığını dedi, Azərbaycanda isə yerli radio verilişlərinin 13 saatından rus dilində verilişlərə 28 dəqiqə və erməni dilində verilişlərə də bir o qədər vaxt ayrılır.
İdeoloji sahədə nöqsanları sadaladıqdan sonra o, dedi: “MK bürosu nöqsanları və səhvləri prinsipial müzakirəyə qoymamış, ideoloji işdə ayrı-ayrı millətçilik təzahürlərinə qarşı mübarizə aparmamış, respublikanın məfkurəvi həyatında öz istiqamətverici və təşkilatçı rolunu zəif ifa etmişdir. Respublikada kadr seçimində partiya prinsipləri kobudcasına pozulmuşdur”.
İosif Şikin Azərbaycanda kadr seçimində partiya prinsiplərinin kobudcasına pozulduğundan danışanda Nikita Xruşşov üzünü İmam Mustafayevə tutaraq soruşdu: “Mən soruşuram ki, niyə rəhbərlikdə ermənilər və ruslar yoxdur. Niyə? Bu kommunistlər gözdən düşüblərmi, siyasi hüquqlardan məhrum ediliblərmi? Necə də utanmırsınız?
Vaxt var idi ki, Stalin vardı. Elə Stalinin özü bu məsələlərdə sərt və amansız idi. Mən aviasiya sənayesində milliyyətcə erməni olan yoldaş Ağacanı tanıyırdım. Gözəl oğlan idi. O, təyyarə zavodunda sex partiya təşkilatı katibi vəzifəsində çalışır, mən isə bu partiya təşkilatında işləyirdim. Mən, hətta onun erməni olduğunu bilmirdim. Xalis rusca tələffüzü vardı, sənin kimi deyildi, Anastas (Mikoyan), görkəmi də sənə oxşamırdı. Sonralar onu Qorki şəhə¬rinə zavod direktoru, daha sonra Gürcüstana göndərdilər. Stalin onu tanıyırdı. Axırda gürcülər onu oradan azdırdılar. Mən gələndə Stalin soruşdu: “Siz yoldaş Ağacanı tanıyırsınızmı?" "Əla oğlandır" – dedim. Stalin dedi: "Məgər gürcülər öz aralarında qeyri-gürcünün olmasına dözə bilərlər? Qovdular, yedilər onu."
Yadımdadır, müharibədən əvvəl Stalin gürcü kolxozçuları qəbul edirdi. Rəyasət Heyətində əyləşmişdik. Beriya o vaxt Gürcüstanda katib işləyirdi. Gələn adamların tərkibində hansısa məşhur bir qadın da var idi. Ən yaxşı çay yarpağı yığan gürcü qızı idi. Stalin ona baxıb dedi: o, ermənidir. Beriya cavab verdi: yox, gürcü qızıdır. Onda Stalin təklif etdi ki, özündən soruşun. Məlum oldu ki, qadın erməniymiş. Beriya bunu bilmirmiş, biləndə isə, qadını az keçmədən aradan çıxartdılar və o, səhnəni tərk etdi. Bu da Beriya. Beriya millətçi idi...”
Ardı var...
Cəmil Həsənli, tarixçi alim.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]