Çünki insanı ən çox yoran sahib olduqları deyil, heç vaxt sahib ola bilmədiklərinə duyduğu sonsuz həsrətdir.
5-08-2026, 08:34

Psixologiyada bovarizm termini var. Bu termin insanın öz həyatından narazı qalaraq, xəyalında yaratdığı ideal həyatı gerçək həyatından üstün tutmasını ifadə edir. İnsan əlində olanı dəyərsiz görür, sahib ola bilmədiyini isə mükəmməlləşdirir.
Maraqlıdır ki, bu anlayışın mənşəyi psixologiyadan deyil, 170 il əvvəl yazılmış bir romandan gəlir.
Fransız yazıçısı Qustav Flober "Madam Bovari" romanında Emma Bovari adlı qadının həyatını təsvir etmişdi. Emma nə kasıb olduğu, nə də sevgisiz qaldığı üçün bədbəxt idi. Onun əsas faciəsi yaşadığı həyatı xəyalında qurduğu qüsursuz həyatla daim müqayisə etməsi idi. Bu müqayisə onu heç nədən razı salmır, hər gün daha böyük məyusluğa sürükləyirdi.
Məhz bu obrazın təsiri ilə sonralar "bovarizm" anlayışı yarandı. Bu gün isə həmin anlayış XIX əsr romanının səhifələrindən çıxaraq XXI əsrin ən geniş yayılmış psixoloji və sosial problemlərindən birinə çevrilib.
Sosial şəbəkələr bu hissi daha da gücləndirir. Hər gün qarşımıza daha zəngin, daha gözəl, daha uğurlu və daha xoşbəxt görünən həyatlar çıxır. İnsanlar getdikcə həyatlarını yaşamaqdan çox, onun vitrininə çevrilmiş görüntüsünü nümayiş etdirməyə çalışırlar.
Bəlkə də buna görə bu gün insanların problemi kasıblıqdan və ya sevgisizlikdən daha çox, davamlı müqayisə etməkdir. Çünki insanı ən çox yoran sahib olduqları deyil, heç vaxt sahib ola bilmədiklərinə duyduğu sonsuz həsrətdir.
Gunel Musa

