Nuriddin Mühitdinov: Dil məsələsində Azərbaycan rəhbərliyi 40 il əvvəl öz sələflərinin etdiyi ağılsızlığı olduğu kimi təkrarlayıb
14-08-2026, 12:54

Mərkəzi Komitənin Plenumunda Mirzə İbrahimova hücum edənlərdən biri də Azərbaycan KP MK üzvlüyünə namizəd, Bakı şəhər partiya komitəsinin katibi Armik Karamyan oldu. O, dedi ki, bir millətin digər millətlər üzərində üstünlüyü ətrafında yaradılmış hay-küy, Sov.İKP MK-dan gizlin dövlət dili haqqında qanunun qəbul edilməsi bütövlükdə Azərbaycan Kommunist Partiyasının, Bakı partiya təşkilatının fikri deyildir. Bu, Mirzə İbrahimov başda olmaqla siyasi cəhətdən yetkin olmayan ziyalılar qrupu tərəfindən meydana atılan xırda burjua millətçiliyinin təzahürü idi...
O, üzünü Mirzə İbrahimova tutaraq dedi ki, sən “bizim respublikanın” xalqlar dostluğuna zərbə vurmusan, millətlər arasında qarşıdurma toxumu səpməyə cəhd göstərmisən və buna görə partiya nizamnaməsinə uyğun cavab verməlisən. Karamyan eyni zamanda Ali Sovetin Rəyasət Heyətinin sədri İlyas Abdullayevin də cəzalandırılmasını tələb etdi və bildirdi ki, “çirkli zəmində baş verən ziyanlı işlərdə” o, Mirzə İbrahimovun birbaşa varisidir”.
Azərbaycan KP MK-nın IX plenumunda hamını dinlədikdən sonra Sov.İKP MK-nın katibi Nuriddin Mühitdinov çıxış etdi. O, demək olar ki, plenumda toxunulan, habelə Moskvada müzakirə edilmiş bütün məsələləri əhatə etdi. Sov.İKP-nin XX və XXI qurultaylarının, MK-nın son plenumlarının əhəmiyyətindən danışdıqdan sonra Mühitdinov Azərbaycandakı vəziyyət üzərində geniş dayandı. O, qeyd etdi ki, respublikada yerliçilik təzahürlərinə və dövlət intizamının pozulmasına yol verilir.
Onun fikrincə, yerliçilik bir sıra hallarda respublika təşkilatları tərəfindən ölkənin digər iqtisadi rayonlarına istehsal məhsullarının birinci növbədə göndərilməsi haqqında partiya və hökumətin göstərişlərini yerinə yetirməməkdə özünü göstərmişdir və belə pozuntular Rustavi metallurgiya, Yaroslavl neftayırma zavodlarının, Qərbi Ukraynanın neft müəssisələrinin və digərlərinin işində ciddi çətinliklər yaratmışdır.
Mühitdinov dedi: “Ayrı-ayrı yoldaşlar guya Azərbaycanın özünə qaz lazımdır bəhanəsi ilə Ermənistan və Gürcüstan ərazisinə gedəcək qaz kəmərinin tikintisinin əleyhinə açıq şəkildə çıxış edirlər. Respublikalar arasında coğrafi sərhədlər mövcuddur, lakin təbii ehtiyatların istifadəsindən söhbət gedəndə bu sərhədlərdən yapışmaq mənasızdır”.
Sonra Nuriddin Mühitdinov ideoloji işin və partiyanın milli siyasətinin həyata keçirilməsinin bəzi məqamları üzərində dayandı. Milli məsələ ilə bağlı nəzəri müddəalardan, bolşeviklərin baxışlarından danışdıqdan sonra dedi ki, respublikada Lenin milli siyasətinin bir sıra hallarda təhrif olunmasında Azərbaycan partiya təşkilatı deyil, onun rəhbərləri günahkardır. Götürək dövlət dili haqqında məsələni.
Bildiyiniz kimi, 1956-cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti “Azərbaycan dilinin dövlət dili kimi tətbiqi haqqında” qanun qəbul edib. Heç kəsin şübhəsi yoxdur və ola da bilməz ki, Azərbaycan dövlətində, Azərbaycan Respublikasında onun yarandığı andan Azərbaycan dili faktiki və hüquqi olaraq dövlət dilidir və dövlət dili olaraq qalır.
Nəyə lazım idi ki, heç kəsdə şübhə oyatmayan, tamamilə aydın olan bir məsələyə qarışıqlıq salasan, burada deyildiyi kimi, özü də belə kobud, mənasız formada. Bu baxımdan dövlət dili haqqında indiki qanunun müəllifləri orijinallıq etməyiblər. Əslində bu, plagiatlıqdır. Onlar hələ 40 il əvvəl öz sələflərinin etdikləri ağılsızlığı olduğu kimi təkrarlayıblar. Hələ 1919-cu ildə (Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyun ayının 27-də qəbul etdiyi Dövlət dili haqqında qərarı nəzərdə tutulur) Azərbaycan dili (türk dili olmalıdır) qanunla dövlət dili kimi elan olunanda müxtəlif millətlərin nümayəndələri arasında mübahisə baş verdi və məcburi tətbiq edilməyə başlayan bu tədbirdən əl çəkməli oldular.
Sənədlər sizdə, arxivdə saxlanmışdır. Nəyə lazım idi ki, Azərbaycanda dövlət dili haqqında bu məsələni yenidən qaldırmaq. Axı digər müttəfiq respublikalardan heç biri indi bu məsələni qaldırmır. Azərbaycanda siyasətlə maraqlanan ayrı-ayrı xadimlər istisna olunarsa, xalq arasından heç kim bu məsələni qaldırmayıb. Təəssüf ki, bu məsələdə hamıdan çox görkəmli yazıçı, Azərbaycandan kənarda da yaxşı tanınan Mirzə İbrahimov canfəşanlıq edib. Bu adama ağır gəlir. Axı, onu bədii sözün ustası kimi həmişə qiymətləndirmişlər, partiya təşkilatı və xalq ona həmişə diqqət, qayğı və hörmət göstərmişdir. O, yəqin ki, Lenin milli siyasətinin mahiyyətini başa düşməmişdir.
Sizinlə birlikdə biz bu gün burada yoldaş İbrahimovun çıxışını böyük maraqla dinlədik. Dil haqqında məsələdə səhv etdiyi barədə onun etiraflarını eşitmək xoş oldu. Yoldaş İbrahimov, siz deyirsiniz ki, il yarımdır dil haqqında heç nə danışmırsınız. Siz fikirləşdinizmi bu il yarım ərzində sizin səhviniz respublikaya nə qədər böyük əsəbilik və çətinliklər gətirib? Bu sualı mən sizin partiya vicdanınız qarşısında qoyuram, şəxsən mənə cavab verməyə bilərsiniz.

Siz burada Leninin dediklərindən çoxlu misallar gətirdiniz, lakin yoldaş İbrahimov, bilin ki, böyük Leninin ucqarlarda çarın siyasəti haqqında danışması bir şeydir, 1959-cu ildə İbrahimovun danışması tamamilə ayrı şeydir. Həssas və ağıllı adam olan siz niyə Lenindən yalnız bu sitatları gətirir və onları indi, ölkədə və Azərbaycanda geniş kommunizm quruculuğu dövründə mexaniki olaraq şanlı Azərbaycan xalqının həyatına tətbiq edirsiniz? İstərdik ki, bu suala da yoldaş İbrahimov öz vicdanı qarşısında cavab versin.
Daha sonra Mühitdinov Mirzə İbrahimova müraciət edərək dedi: “Siz öz çıxışınızda səmimilik, mərdlik və xeyirxahlıq haqqında danışdınız. Çox istərdik ki, siz bu keyfiyyətləri, dil sahəsindəki səhvlərinizi yalnız MK-nın qapalı plenumunun tribunasından deyil, sizin səhv məqalənizi oxumuş xalqın qarşısında da açıq etiraf etməklə nümayiş etdirəsiniz.
Əgər əziz İbrahimov, siz dil haqqında leninçi bolşevik mövqeyindən yeni məqalə yazsanız və Azərbaycan xalqının SSRİ-nin digər xalqları ilə dostluğu haqqında yeni əsərlər yaratsanız – əgər siz istəsəniz bunu edə bilərsiniz – mən sizi əmin edə bilərəm ki, biz Mərkəzi Komitə Rəyasət Heyətinin üzvləri, eləcə də bütün xalq onu diqqətlə, məmnuniyyətlə və sizə minnətdarlıq hissi ilə oxuyacaqdır”.
Nuriddin Mühitdinov, – hə, yoldaş İbrahimov, biz sizinlə bu barədə partiyalı, leninçi əsasda razılığa gələ bilərikmi? – deyə soruşduqda, Mirzə İbrahimov, – yoldaş Mühitdinov, mən bunu edərəm, – deyə cavab verdi.
Nuriddin Mühitdinov 1959-cu ilin mart ayında qəbul olunmuş rus məktəblərində Azərbaycan dili məsələsinin üzərində də geniş dayandı. O, dedi ki, hələ bir neçə il əvvəl bütün azərbaycanlıların öz uşaqlarını yalnız Azərbaycan dilli məktəblərdə oxutmağa məcbur etməyə inzibati qaydada cəhdlər olmuşdu. Lakin əhalinin özünün kütləvi etirazı ilə bundan tezliklə imtina etməyə məcbur oldular.
Bütün respublikalarda məktəblərdə ikinci dil seçilməsi könüllü olduğu halda, sizdə rus məktəblərində Azərbaycan dili icbari qaydada tədris edilir. Necə ola bilər ki, əziz dostlar, sizinlə birlikdə bizim üçün böyük rus dili ilə xarici dillər arasında fərq yoxdur?
Necə ola bilər ki, bizim bütün bu dillərə yanaşmamız eyni cür olsun? Bütün respublikalar məktəb haqqında qanunu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin tezislərində olduğu kimi qəbul etdiyi halda, nə üçün yalnız bir respublikada, Azərbaycanda bunu ayrı redaksiyada vermək və beləliklə, Sov.İKP MK-nın bəyəndiyini təftiş etmək və bu aydın işə zərərli dolaşıqlıq salmaq lazım olmuşdur?
Yoldaşlar, axı kim ki rus dilinin öyrənilməsinə etinasız yanaşır, o, milli dilin müdafiəsi bayrağı altında çıxış etsə də, bununla hər şeydən əvvəl öz xalqına və onun mədəniyyətinə ziyan vurur.
Nəyə görə biz dil haqqında məsələnin düzgün və partiyalı mövqedən həllinə belə böyük siyasi diqqət yetiririk? Ona görə ki, dil məsələsi hazırda milli məsələdə ən mühüm amildir. Mühitdinov bütün məsələlərlə bağlı Mustafayevi kəskin formada tənqid etdikdən sonra nəhayət, qeyd etdi ki, Mustafayev partiya üçün itirilmiş adam deyildir və onu digər uyğun bir işlə təmin etmək olar və orada o, öz əməyi ilə işə də, təşkilata da xeyir gətirə bilər.
İclasın sonunda arayış verən İmam Mustafayev Sadıq Rəhimov və Rza Sadıqovun çıxışları istisna olmaqla bütün çıxışlarla razılaşdığın bildirdi və əlavə etdi ki, bütün deyilən səhvlər və nöqsanlar onun fəaliyyətində olsa da, bu plenuma qədər burada çıxış edən yoldaşlar bizim işimizi, xüsusilə məni necə lazımsa tənqid etməyiblər, hamı hər zaman deyib ki, siz necə gözəl çıxış elədiniz, yoldaş Mustafayev, siz hər şeyi necə gözəl ümumiləşdirdiniz və s.
Kənd təsərrüfatı sahəsində adamlara inanmışam, çox mühüm sahələri onlara etibar etmişəm, onları vicdanlı adamlar hesab etmişəm, onların işlərindəki nöqsanlarına kəskin reaksiya verməmişəm. Deyilən səhvlər ideoloji sahədə də olub. Dil haqqında qanunla bağlı, Azərbaycan Kommunist Partiyasının tarixinin yazılması məsələsində səhvlər olub və biz bu səhvlərin qarşısını almamışıq.
Mən birinci katib kimi kiçik məsələlərlə, əslində lazım olmayan, tamamilə məsələyə aid olmayan işlərlə məşğul olmuşam, böyük siyasi məsələlər mənim diqqətimdən kənarda qalıb. Sizi əmin edirəm ki, harada işləməyimdən asılı olmayaraq öz fəaliyyətimdə mən bir də belə səhvlərə yol verməyəcəyəm...
Ardı var
Cemil Hasanli,professor

