Tarix sahəsində Moskvanın əsas hədəfi Nəriman Nərimanov idi
15-08-2026, 00:03

Müşavirədə yeni seçilmiş birinci katib Vəli Axundov yekun sözü söylədi. O, respublikanın qarşı-sında duran vəzifələrdən, ideoloji işdə, milli məsələdə yol verilmiş nöqsanların aradan qaldırılmasından danışdı. Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının, onun direktoru Məmməd Salman oğlu İsgəndərovun (o, 1941-1943-cü illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləmişdi) ünvanına bir sıra tənqidi fikirlər səsləndirdikdən sonra Vəli Axundov qeyd etdi ki, Azərbaycan Kommunist Partiyasının tarixini yazan müəllifləri Mərkəzi Komitəyə toplamaq, onlara düzgün məsləhət vermək və düzgün yol göstərmək lazımdır. O, qeyd etdi ki, İnstitut bu kitabın nəşr olunmuş birinci hissəsini yenidən işləməli, yenidən işlənmiş variantı tezliklə təhvil verməli, sonra isə kitabın ikinci hissəsini başa çatdırmalıdır.
Vəli Axundov bədii ədəbiyyatla bağlı məsələlərdən danışarkən Mirzə İbrahimovun çıxışındakı bir sıra məqamların üzərində dayandı. O, dedi ki, Mirzə İbrahimov böyük yazıçıdır, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının iftixarıdır. Əgər biz Mirzə İbrahimovu qorumaq istəyiriksə, əgər istəyiriksə o, gələcəkdə də öz gözəl əsərlərini yaratsın və düzgün siyasi mövqedə dayansın, öz səhvlərini islah etməkdə hamılıqla ona kömək etməliyik.
Yoldaş İbrahimov plenumda çıxış edib öz səhvlərini etiraf etdi, plenuma və Sov.İKP MK katibi yoldaş Mühitdinova mətbuatda məqalə ilə çıxış edib öz səhvlərini etiraf edəcəyi barədə söz verdi. Mənə belə gəlir ki, biz Mirzə İbrahimovu müdafiə etməliyik ki, o, öz səhvlərini etiraf edən belə bir məqalə ilə çıxış etsin. O, üzünü Mirzə İbrahimova tutaraq – bunu etmək lazımdır, ümumi işimiz üçün bunu etmək lazımdır, Mirzə müəllim, – dedi.
Müşavirədən az sonra, yeni dərs ili başlananda Azərbaycan SSR Maarif Nazirliyi rus məktəblərində səkkizillik və onillik təhsil üzrə yeni tədris planını hazırlayıb sentyabrın 3-də mətbuatda dərc etdi. Orada qeyd edilirdi ki, rus məktəblərində Azərbaycan dilinin tədrisi şagirdlərin və valideynlərin arzusuna uyğun həyata keçirilməlidir.
Bakıdakı tədbirlərdən təxminən bir ay sonra, avqust ayının 17-də Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun fəaliyyəti Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun müzakirəsinə çıxarıldı. İnstitutun fəaliyyəti haqqında Məmməd İsgəndərovun hesabatı dinlənildi, hesabat ətrafındakı müzakirələrdən sonra “Azərbaycan Kommunist Partiyasının tarixinin yazılması üzrə Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının fəaliyyəti haqqında” Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun rəhbərliyinin qərarı qəbul edildi.
Qərarda göstərilirdi ki, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun elmi işlərində siyasi və nəzəri baxımdan ciddi nöqsanlar vardır. 1957-ci ildə çapdan çıxan “Azərbaycanda sovet hakimiyyəti uğrunda fəal mübarizlər” kitabında 178 adamın bioqrafiyasının verilməsində milli məhdudluq halları özünü göstərir. Belə ki, kitabda Azərbaycanda sovet hakimiyyətinin qurulmasında böyük xidmətləri olmuş Serqo Orconikidze, Sergey Kirov kimi inqilabçılara yer verilmədiyi halda, inqilabi işdə elə də böyük rolu olmayan Böyükağa Talıblı, Əsəd Qarayev, İsay Dövlətov, Zeynal Zeynalov, Çingiz İldırım və digərlərinə geniş yer verilmişdir. 1958-ci ilin yanvar ayında gənc tarixçi, tarix elmləri namizədi Tofiq Köçərli bu kitab haqqında “Kommunist” qəzetində geniş müsbət rəy yazması da moskvalıların diqqətindən yayınmamışdı.
Qərarın qalan hissəsi 1958-ci ildə çapdan çıxmış “Azərbaycan Kommunist Partiyası tarixi”nin birinci hissəsi haqqında idi. Orada deyilirdi ki, 1958-ci ilin noyabrında Bakıda keçirilən müşavirə, Marksizm-Leninizm İnstitutunda kitabın rəyə verilməsi göstərdi ki, əsərdə çoxlu səhv, çatışmazlıq və qeyri-dəqiqlik vardır. Ölkədə fəaliyyət göstərən Marksizm-Leninizm İnstitutunun digər filiallarından fərqli olaraq Azərbaycan filialı Azərbaycan Kommunist Partiyası tarixinə həsr edilən kitabı “Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri” deyil, “Azərbaycan Kommunist Partiyasının tarixi” adı ilə nəşr edib.
Qərarda göstərilirdi ki, Azərbaycan Kommunist Partiyası tarixinin bir sıra vacib problemləri kitabda araşdırılmayıb, tarixi keçmişin ayrı-ayrı hadisələrinin işıqlandırılmasında isə milli məhdudluq özünü göstərib. XIX əsrin sonu, XX əsrin əvvəllərinə dair Azərbaycanın sosial-iqtisadi vəziyyəti düzgün xarakterizə edilmir, müəlliflər Azərbaycan kəndində inkişaf etmiş kapitalizmin olmasını şişirtməklə, əslində RK(b)P-nin X qurultayının qərarını təftiş etmiş olublar.
Qərarda Azərbaycan bolşevik təşkilatı kimi “Hümmət”in də rolunun şişirdildiyi, onu müstəqil təşkilat kimi vermək cəhdlərinin yolverilməz olduğu göstərilirdi. Qərarı hazırlayanların fikrincə, kitabda “Hümmət”in fəaliyyəti həddən artıq geniş verildiyindən, onun fonunda Bakı bolşevik təşkilatının rolu görsənmirdi. Qərara görə kitabda həmin dövrün bəzi siyasi xadimlərinin, ilk növbədə isə Nəriman Nərimanovun rolu hədsiz dərəcədə şişirdildiyi halda, Caparidze, Orconikidze, Stalin, Şaumyan, Ketsxoveli, Knunyans və digərlərinin rolu zəif verilmişdi.
Daha sonra qərarda göstərilirdi: “Marksizm-Leninizm İnstitutunun rəhbərliyi belə hesab edir ki, “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının müzakirəsi ilə bağlı Bakıda keçirilən müşavirədə ayrı-ayrı yoldaşların – Şıxəli Qurbanovun, Mehdixan Vəkilovun, İsmayıl Hüseynovun, Məmməd İsgəndərovun və digərlərinin çıxışları düzgün xarakter daşımamış və əslində kitabın nöqsanları haqqında haqlı tənqidi qeydlər söyləyən müşavirə iştirakçılarına qarşı yönəlmişdir.”
Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun rəhbərliyi qərarda “tövsiyə” edirdi ki, haqqında söhbət gedən kitab ciddi şəkildə yenidən işlənilməklə, inqilaba qədərki və inqilabdan sonrakı dövr birləşdirilməklə Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri adı altında 1960-cı ilin sonunda bir kitab halında nəşr edilsin.
Eyni zamanda qərarda “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının birinci hissəsi haqqında “Sov.İKP tarixi məsələləri” jurnalında geniş tənqidi rəy çap olunması məqsədəuyğun sayılırdı. Müzakirədən az sonra “Sov.İKP tarixi məsələləri” jurnalının 1959-cu ildə nəşr edilən 5-ci nömrəsində verilmiş “Yerli partiya təşkilatları tarixinin elmi araşdırılması Sov.İKP tarixçilərinin mühüm vəzifəsidir” adlı baş məqalənin böyük bir hissəsi qeyd edilən qərardakı “tövsiyəyə” uyğun olaraq “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının tənqidinə həsr edilmişdi.
Lakin iş bununla bitmədi. Nikita Xruşşovun şəxsi göstərişinə uyğun olaraq Sov.İKP MK-nın nəzəri və siyasi orqanı sayılan “Kommunist” jurnalının 1959-cu ilin sentyabr nömrəsində Vasili Snastin, Nikolay Şataqin, Aleksandr Lukaşev və Andrey Yudenkonun imzası ilə “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının birinci hissəsi haqqında “Yerli partiya təşkilatları tarixinin işıqlandırılması məsələsinə dair” adlı geniş tənqidi məqalə dərc edildi. Bu, çox nadir hadisə idi ki, Sov.İKP MK-nın təbliğat və təşviqat şöbəsinin müdirinin birinci müavini bilavasitə, əyalətdə çıxan bir kitab haqqında yazılan tənqidi rəyin müəlliflərindən birincisi idi.
Kollektiv rəyin müəlliflərindən ikisi – Nikolay Şataqin və Aleksandr Lukaşev 1958-ci ilin noyabrında keçirilmiş Bakı müşavirəsinin iştirakçıları olduqlarından orada deyilən tənqidi və müdafiə xarakterli bütün fikirlərə bələd idilər. “Kommunist” jurnalında dərc olunmuş rəydə əslində noyabr müşavirəsində “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabı haqqında səsləndirilmiş tənqidi fikirlər daha “akademik” formada təqdim edilirdi. Kitabın müəllifləri ilə yanaşı kollektiv rəyin əsas hədəflərindən biri Nəriman Nərimanov idi.
Orada yazılırdı ki, “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabında lazım oldu-olmadı Nəriman Nərimanov 150 dəfə xatırlanır. Çox hallarda Nərimanovun rolu qeyri-obyektiv təsvir edilir və müəlliflər Azərbaycan inqilabi hərəkat tarixində bütün hadisələri, bütün tədbirləri onun adı ilə bağlamağa cəhd göstərirlər. “Kommunist” jurnalındakı rəydə qeyd edilən əsərlə yanaşı Məmməd İsgəndərovun “Azərbaycan Kommunist Partiyasının sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizəsi tarixindən” adlı monoqrafiyası da ciddi şəkildə tənqid edilmişdi.
Sov.İKP MK-nın əsas ideoloji silahı sayılan “Kommunist” jurnalındakı rəydə daha maraqlı bir məqama toxunulurdu. Orada qeyd olunurdu ki, Azərbaycan Kommunist Partiyası tarixinin işıqlandırılmasında buraxılan səhvlərin təkcə müəlliflər tərəfindən deyil, bütövlükdə Azərbaycan tarixçiləri tərəfindən müdafiə olunması ciddi narahatlıq doğurur. Bakıda keçirilən müşavirə bunu əyani şəkildə təsdiq etdi. Rəydə etiraf edilirdi ki, əslində 1958-ci ilin noyabrında Bakıda keçirilmiş müşavirə Azərbaycan tarixçiləri ilə digər respublikadan gələn tarixçilər arasında qarşıdurmaya çevrildi və bunun nəticəsində də bir sıra Azərbaycan tarixçiləri kitabın müdafiəsinə qalxdılar.
Onlar kitabı həddindən artıq təriflədilər və bununla da müəllif kollektivinə “ayı xidməti” göstərmiş oldular. Eyni zamanda müşavirədə siyasi cəhətdən səhv olan çıxışlara yer verildi. Məsələn, Azərbaycanda sosial-iqtisadi inkişafın səviyyəsi haqqında RK(b)P-nın X qurultayının vaxtı ilə vermiş olduğu qiymətə yenidən baxmaq cəhdləri bu qəbildən idi.
Şıxəli Qurbanovun 1958-ci ilin noyabr müşavirəsindəki yekun sözü haqqında “Kommunist” jurnalında dərc olunmuş və müəlliflərindən biri Sov.İKP MK-nın şöbə müdirinin birinci müavini olan məqalədə çox ağır ifadələr işlədilmişdi. Orada deyilirdi: “Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri yoldaş Qurbanov müşavirədə tamamilə yanlış mövqedən çıxış etdi.
Azərbaycan Kommunist Partiyası tarixinin işıqlandırılmasında ciddi səhvləri və nöqsanları qeyd edən müşavirə iştirakçılarını müdafiə etmək əvəzinə, yoldaş Qurbanov kitabın müdafiəsinə qalxdı və onun tənqidçi¬lərini Azərbaycan Kommunist Partiyası tarixinin mühüm müddəalarının təftişçiləri adlandırdı. Yoldaş Qurbanovun çıxışında kitabı tənqid edən müşavirə iştirakçılarının ünvanına təhqiredici hücumlar var idi...”
Ardı var...
Cəmil Həsənli
tarixçi alim.

