AQTA-nın işi haradan başlayır? - Qoşqar Təhməzlinin "nöqsanları"...

18-12-2025, 09:08           
AQTA-nın işi haradan başlayır? -
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) demək olar ki, hər gün ictimaiyyətə eyni məzmunlu xəbərdarlıqlar təqdim edir: “Filan məhsulu almayın”, “Filan ət təhlükəlidir”, “Filan balıq məhsulunda uyğunsuzluq aşkarlanıb” və sair. Şübhəsiz ki, bu cür məlumatların yayılması vətəndaşların sağlamlığının qorunması baxımından vacibdir. Lakin bu xəbərdarlıqların gündəlik xarakter alması artıq ciddi suallar doğurur.

Bizimesr.az bildirir ki, ardıcıl və sistemli şəkildə yayımlanan bu cür məlumatlar bir reallığı üzə çıxarır - problem təkcə qida məhsullarında deyil, nəzarət mexanizminin özündədir. Əgər təhlükəli məhsullar mütəmadi olaraq bazara çıxırsa, deməli, Agentliyin işi düzgün qurulmayıb.

Əsas sual budur - niyə sağlamlıq üçün risk yaradan məhsullar bazara qədər gəlib çıxır? Axı AQTA-nın əsas missiyası məhz bunun qarşısını almaqdır. Normal və effektiv bir qida təhlükəsizliyi sistemi istehsal mərhələsindən başlamalıdır. Məhsul bazara çıxmazdan əvvəl istehsal şəraiti yoxlanılmalı, xammalın mənşəyi araşdırılmalı, laborator analizlər aparılmalı, məhsul sertifikatlaşdırılmalı, təhlükəsizliyi rəsmi şəkildə təsdiqlənməlidir.

Yalnız bundan sonra həmin məhsulun satışına icazə verilməlidir. Əks halda, bazarda aşkarlanan problemlər artıq gecikmiş nəzarətin nəticəsidir.

Agentliyin resursları var, bəs nəticə niyə yoxdur?

AQTA sədri Qoşqar Təhməzlinin rəhbərliyi altında fəaliyyət göstərən qurumun kifayət qədər böyük ştatı, maddi-texniki bazası, laboratoriyaları və regional strukturları mövcuddur. Minlərlə əməkdaşı olan, müasir avadanlıqlarla təmin edilən bir qurumun qarşısına qoyduğu tələbləri yerinə yetirə bilməməsi məntiqə sığmır.
Əgər bu resurslar mövcuddursa, bəs niyə nəticə görünmür? Niyə təhlükəli məhsullar ardıcıl şəkildə bazara yol tapır?

Reallıq ondan ibarətdir ki, AQTA əsasən bazar monitorinqi üsulundan istifadə edir. Yəni məhsul artıq satışa çıxarıldıqdan sonra götürülür, laboratoriyaya göndərilir və yalnız bundan sonra problem aşkarlanır. Bu isə o deməkdir ki, məhsul artıq istehlakçıya çatmış ola bilər, insanlar sağlamlıq riski ilə üz-üzə qala, zəhərlənə və ölə bilər. Elə belə halların dəfələrlə şahidi olmuşuq... Bu gün edilən xəbərdarlıqlar sadəcə faktın təsdiqinə çevrilir, qarşısının alınmasına yox.

Daha ciddi məqam isə AQTA-nın ərazi üzrə əməkdaşlarının fəaliyyətidir. Görünən odur ki, bu əməkdaşlar mütəmadi və prinsipial yoxlamalar aparmır, bəzi hallarda isə bazara keyfiyyətsiz məhsul çıxaran şəxslərlə əlbirliyi ehtimalı yaranır. Bütün bazarlarda AQTA nümayəndələri fəaliyyət göstərir, məhsul satışa çıxmazdan əvvəl yoxlanmalı və icazə verilməlidir. Əgər bütün bunlara baxmayaraq təhlükəli məhsullar bazara daxil olursa, deməli, nəzarət mexanizmi ya işləmir, ya da bilərəkdən zəif işlədilir.

Beləliklə, AQTA-nın gündəlik xəbərdarlıqları vətəndaş üçün məlumat xarakteri daşısa da, eyni zamanda sistemin iflasını da göstərir. Qida təhlükəsizliyi xəbərdarlıqla yox, önləyici nəzarətlə təmin olunmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]