Masallı qaz idarəsindən şikayət var Vətəndaşın şikayəti

Bu gün, 12:18           
Masallı qaz idarəsindən şikayət var  Vətəndaşın şikayəti
Azərbaycan Respublikasının
“Azəriqaz” İstehsalat Birliyinin
Baş direktoru cənab Azər Məmmədova

Masallı rayonu, H.Əliyev küçəsində yaşayan
Rufullayev Oktay Əsəd oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Azər müəllim,

Mən, Rufullayev Oktay Əsəd oğlu, Masallı rayonu H.Əliyev küçəsində yerləşən və mənə məxsus olan yaşayış evinin abonenti olaraq bildirirəm ki, 21 may 2026-cı il tarixində Masallı Regional Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən mənzilin qaz təchizatı dayandırılmışdır.

Hadisə ilə bağlı məlumat almaq məqsədilə aidiyyəti quruma müraciət etdikdə mənə bildirildi ki, guya mənim 357 (üç yüz əlli yeddi) manat məbləğində cərimə borcum mövcuddur və həmin cərimə 2024-cü ildə tətbiq edilmişdir. Lakin qeyd olunan tarixdən indiyədək bu barədə mənə heç bir rəsmi bildiriş təqdim edilməmiş, nə yazılı xəbərdarlıq olunmuş, nə də aylıq ödəniş qəbzlərində hər hansı borc göstərilmişdir.

2026-cı ildə yalnız SMS vasitəsilə məlumat aldıqdan sonra məsələ ilə bağlı idarəyə yaxınlaşdım. Mənə cərimənin əsasını təşkil edən sənədlərin təqdim olunmasını tələb etsəm də, heç bir rəsmi sənəd verilmədi. Daha sonra “ASAN Xidmət”ə müraciət etdikdə sistemdə mənim adıma hər hansı cərimə barədə məlumatın olmadığı bildirildi.

Bildirirəm ki, 2024-cü ilin sentyabr ayında mənim evimin yaxınlığında baş vermiş hadisə nəticəsində sayğaca zərər dəymiş, həmin vaxt məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilmişdir. Hadisə yerinə gələn əməkdaşlar — Əlizamin Hüseynov və sahə nəzarətçisi İlham İmanov tərəfindən sayğac dəyişdirilmiş, polis arayışı təqdim olunmuş və sayğacın dəyəri olaraq 93 manat məbləğində ödəniş edilmişdir. Həmin vaxt bizə əlavə cərimə tətbiq olunmayacağı bildirilmişdir.

Lakin bütün bunlara baxmayaraq, 21 may 2026-cı il tarixində Masallı qaz sahəsinin əməkdaşları İlham İmanov və Sənan adlı işçi tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən yaşayış evimin qaz təchizatı dayandırılmışdır. Bundan əlavə, həmin əməkdaşlar tərəfindən vətəndaşa qarşı kobud davranış nümayiş etdirilmiş, mənim izahat vermək və sənədləri təqdim etmək cəhdim nəzərə alınmamışdır.

Baş vermiş hadisə məndə ciddi narahatlıq və haqlı narazılıq yaratmışdır. Hesab edirəm ki, vətəndaşla davranış qaydaları və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirəm:

1. Məsələ obyektiv şəkildə araşdırılsın;

2. Mənə tətbiq olunduğu bildirilən 357 manatlıq cərimənin hüquqi əsasları təqdim edilsin;

3. Qaz təchizatının qanunsuz şəkildə dayandırılması məsələsinə hüquqi qiymət verilsin;

4. Vətəndaşla kobud rəftar edən əməkdaşlar barədə müvafiq tədbirlər görülsün;

5. Mənim qanuni hüquqlarımın bərpasına köməklik göstərilsin.

Əvvəlcədən təşəkkür edirəm.

Hörmətlə,

Rufullayev Oktay Əsəd oğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru