Evinin sənədi olmayanlara müjdə - Bu ərazilərdəki tikililərə "kupça" verilə bilər
Bu gün, 00:06

Azərbaycanda uzun illərdir ki, ciddi hüquqi və sosial problem kimi qalan sənədsiz evlərin qeydiyyata alınması məsələsi yenidən dövlətin əsas gündəm mövzularından birinə çevrilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun hökumət tərəfindən bu istiqamətdə xüsusi konsepsiyanın işləndiyini və ilkin mərhələdə 100 mindən artıq qeydiyyatsız evin qısa müddətdə çıxarışla (kupça) təmin olunacağını açıqlaması minlərlə ailədə böyük ümidlər yaradıb. Xüsusilə sovet dövründə vətəndaşlara ayrılmış, lakin sonradan qanuni statusu tənzimlənməmiş torpaqlarda tikilən mülklərin taleyi illərdir qeyri-müəyyən qalsa da, iddia olunan bu kütləvi sənədləşmənin reallığı, icra mexanizmləri və daşınmaz əmlak bazarına göstərəcəyi təsirlər həm vətəndaşlar, həm də mütəxəssislər tərəfindən diqqətlə izlənilir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov qeyd edib ki, 100 mindən çox evin çıxarışla təmin edilməsini nəzərdə tutan yeni konsepsiya sosial baxımdan inqilabi addım olsa da, onun qısa müddətdə tam real və problemsiz icrası mövcud texniki-hüquqi maneələrə görə böyük hazırlıq tələb edir: "İlkin mərhələdə bu qədər ailənin mülkiyyət hüququnun tanınması həm vətəndaşların rifahı, həm də daxili bazarın leqallaşması üçün çox mühüm hadisədir. Lakin unutmaq olmaz ki, sənədsiz evlərin böyük bir qismi mühafizə zonalarında — yüksək gərginlikli elektrik xətlərinin altında, neft və qaz boru kəmərlərinin yaxınlığında, həmçinin sürüşmə zonalarında yerləşir. Hökumətin hazırladığı konsepsiyada bu riskli zonalar mütləq şəkildə kateqoriyalara bölünməli və yalnız təhlükəsizlik standartlarına cavab verən mülklərə yaşıl işıq yandırılmalıdır, əks halda proses texniki cəhətdən dalana dirənə bilər".
Onun sözlərinə görə, illərdir həllini tapmayan bu xroniki problemin birdəfəlik aradan qaldırılması üçün sənədləşmə prosedurları maksimal dərəcədə sadələşdirilməli və vətəndaşlar üçün maliyyə yükü minimal həddə endirilməlidir: "Əgər dövlət bu prosesi sürətləndirmək istəyirsə, çıxarışların verilməsi zamanı rüsumlar və tələb olunan arxiv sənədlərinin toplanması mexanizmi 'bir pəncərə' prinsipinə keçirilməlidir. İllər öncə sovet dövründə və ya müstəqilliyin ilk illərində pay torpaqları, bələdiyyə qərarları ilə tikilən evlərin əksər sənədləri itib və ya arxivlərdə tapılmır. Yeni konsepsiya vətəndaşdan mövcud olmayan sənədləri tələb etmək yerinə, faktiki yaşayış müddətini və binaların təhlükəsizlik rəyini əsas götürərək birbaşa amnistiya xarakteri daşımalıdır".
Ekspert qeyd edib ki, 100 mindən çox mülkiyyətin leqal dövriyyəyə daxil olması ölkə iqtisadiyyatına və daşınmaz əmlak bazarına çoxşaxəli, müsbət iqtisadi təkan verəcək: "Bu evlərin sənədləşdirilməsi təkcə vətəndaşların mülkiyyət toxunulmazlığını təmin etməyəcək, həm də dondurulmuş milyardlarla manatlıq kapitalı aktivləşdirəcək. Çıxarış alan vətəndaşlar öz evlərini banklarda girov qoyaraq biznes kreditləri götürə biləcək, əmlak üzərində rahat alqı-satqı və vərəsəlik əməliyyatları apara biləcəklər. Eyni zamanda, bu addım dövlət büdcəsinə əmlak və torpaq vergilərinin daxilolmalarını kəskin şəkildə artıracaq ki, bu da layihənin iqtisadi cəhətdən həm dövlət, həm də cəmiyyət üçün tamamilə əlverişli və real olduğunu sübut edir".

