100 yaşlı Dik Van Dayk özündən 46 yaş kiçik həyat yoldaşı ilə — FOTO
Bu gün, 11:04

Hollivudun yaşayan əfsanələrindən biri olan Dik Van Dayk bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, 100 yaşlı aktyor Los-Ancelesdə özündən 46 yaş kiçik həyat yoldaşı Arlin Silver ilə birlikdə görüntülənib.
1950-ci illərdən etibarən karyerası ilə tanınan Van Dayk aktyor, komediyaçı, müğənni və rəqqas kimi Hollivudun ən məşhur simalarından birinə çevrilib. O, 2025-ci ilin dekabrında 100 yaşını tamamlayıb və bu gün də aktiv həyat tərzi ilə diqqət çəkir.
Son görüntülərdə yaşına görə gəzinti vasitəsindən istifadə etdiyi görülən aktyorun buna baxmayaraq gülərüzü və pozitiv davranışı sosial mediada maraqla qarşılanıb. Onun ictimai tədbirlərdə iştirak etməyə davam etməsi də diqqət çəkən məqamlar arasında yer alıb.
Dik Van Daykın adı xüsusilə 1960-cı illərin məşhur “The Dick Van Dyke Show” serialı ilə xatırlanır. Aktyorun kino karyerasında isə “Mary Poppins”, “Chitty Chitty Bang Bang” və “Night at the Museum” kimi filmlər xüsusi yer tutur.
60 ildən çox davam edən sənət həyatında Van Dayk 6 Emmy, 1 Grammy və 1 Tony mükafatına layiq görülüb. O, həmçinin “Disney Legend” fəxri adı və “Kennedy Center Honors” kimi nüfuzlu mükafatların sahibidir.
Aktyor 2006-cı ildə SAG mükafatlandırma mərasimində makiyaj ustası Arlin Silver ilə tanış olub. Daha sonra münasibətləri evliliklə nəticələnib və cütlük 2012-ci ildə ailə qurub.
Aralarında 46 yaş fərq olmasına baxmayaraq, cütlük bu fərqin münasibətlərinə təsir etmədiyini bildirir. Dik Van Dayk bir açıqlamasında “Ruhən heç vaxt qocalmamışam” sözləri ilə diqqət çəkmişdi.
Hazırda cütlük tez-tez birlikdə rəqs etdikləri və gündəlik həyatlarından anlar paylaşdıqları ilə gündəmdə qalır.

