Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bu gün, 09:08
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
Bu barədə DİM məlumat yayıb.
İmtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.
İmtahanlara qeydiyyat 2026-cı il iyunun 19-dan 26-dək aparılıb və bu müddət ərzində 1067 namizəd ərizə təqdim edib.
İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 10 zal admini, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.