Solovyov Ermənistanı qoşun yeritməklə hədələdi: İrəvan isə Solovyovu təhqir etdi

12-01-2026, 16:27           
Solovyov Ermənistanı qoşun yeritməklə hədələdi: İrəvan isə Solovyovu təhqir etdi
Ermənistan–Rusiya münasibətlərində gərginlik yeni mərhələyə keçib.

Musavat.com xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov efirdə səsləndirdiyi açıqlamalarla Ermənistanla bağlı açıq hədələrə keçib və hətta ölkəyə qoşun yeridilməsi ehtimalını gündəmə gətirib.

Solovyov çıxışında Ermənistanı və Orta Asiyanı “xüsusi hərbi əməliyyat” ssenarisi ilə açıq şəkildə hədələyərək bildirib ki, Moskva üçün bu regionlarda baş verənlər Ukraynadan az əhəmiyyət daşımır. Onun sözlərinə görə, Rusiya öz maraqlarını qorumaq üçün bu coğrafiyada da ən sərt variantları nəzərdən keçirə bilər. Bu açıqlamalar İrəvanda birbaşa siyasi və hərbi təzyiq mesajı kimi qəbul olunub.

Solovyovun bu fikirləri Ermənistanda kəskin reaksiyaya səbəb olub. Ermənistanın Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan rusiyalı aparıcını açıq şəkildə “manyak” adlandırıb və onun Ermənistanın “Şərəf” ordenindən məhrum edilməsini təklif edib.

Akopyan bəyan edib ki, Ermənistana və erməni xalqına qarşı mütəmadi olaraq hədə-qorxu gələn, ölkəyə fəlakət arzulayan bir şəxs respublikanın ali dövlət mükafatına layiq ola bilməz. Onun sözlərinə görə, Solovyovun bu ordeni daşıması Ermənistan üçün rüsvayçılıqdır və məsələ mövcud qanunvericiliyə uyğun şəkildə həll olunmalıdır.

Qeyd edək ki, Solovyov 2013-cü ildə Ermənistan tərəfindən “iki xalq arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə” “Şərəf” ordeni ilə təltif edilmişdi. İndi isə həmin mükafatın geri alınması İrəvanda ciddi siyasi və ictimai müzakirələrin mərkəzinə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru