PUTİNƏ QARŞI “TƏXRİBAT”... - Qalmaqallı videonu kim sızdırıb? + VİDEO

10-03-2026, 15:44           
PUTİNƏ QARŞI “TƏXRİBAT”... -
Rusiyada Vladimir Putinin qadınlara 8 Mart təbrikinin çəkilişi ətrafında ciddi qalmaqal yaranıb və hadisə siyasi çalarlar almağa başlayıb.

Qadınlara ənənəvi təbrik mətni oxuyan Putinin çəkiliş vaxtı boğazında, səsində problem yaranıb. “Boğazı sözünə baxmayan” Putini öskürək tutub, səsi xırıldayıb, normal danışa bilməyib, ümumiyyətlə zəif və inamsız təsir bağışlayıb. Sonradan çəkiliş yenidən aparılıb və redaktə olunmuş formada efirə verilib.

Putinin yaşı nəzərə alınsa, təbii ki, burada qeyri-adi bir şey yoxdur. Qalmaqala səbəb olan isə odur ki, adətən heç vaxt efirə verilməyən bu cür “qaralama” çəkiliş variantı mediaya ötürülüb. Özü də Kremlə yaxın təbliğat kanalları vasitəsilə tirajlanaraq, yayımlanıb. Daha sonra təcili olaraq bu kanallardan yığışdırılıb.

Məsələ ondadır ki, rəsmi təbliğat Putini cüdo, hokkey və digər idman növlərilə məşğul olan, hətta at belində poza verən “sağlam və gümrah” biri kimi təqdim edib. Bu baxımdan onun xüsusilə də Rusiya daxilində narazılıqların getdikcə artdığı həssas bir dönəmdə bu cür “xəstə və əlacsız qoca” simasında təqdim olunması müəyyən şübhələrə səbəb olub.

Çoxları bu videonun sızdırılmasının təsadüfi olmadığını, Rusiya başçısına qarşı “təxribat” xarakteri daşıdığını düşünür. Çünki bu cür çəkilişlərn yayılmaması, belə “ÇP”-lərin baş verməməsi üçün bir neçə dövlət qurumu nəzarət həyata keçirir, monitorinq aparır. Bunlara Prezident Administrasiyası, kəşfiyyat xidmətləri və s. aiddir. Deməli, videonun bu qədər qurumun arasından sızdırılaraq mediaya ötürülməsi təsadüfi ola bilməz.

Məsələ ondadır ki, həmin videodan bir gün əvvəl Kremlə yaxın olan VTSİOM sorğu mərkəzi rusiyalıların Putinə etimad səviyyəsilə bağlı sorğunun nəticələrini yayımlayıb. Həmin nəticələrə görə, Putinin reytinqi müharibənin başlanğıcından bəri rekord səviyyədə aşağı düşüb. Açıq sorğuya görə (respondentlər istənilən sayda siyasətçinin adını çəkə bilərlər), respondentlərin yalnız 32,1%-i mühüm dövlət məsələlərini həll etmək üçün kimə etibar etdikləri soruşulduqda Putinin adını çəkib. Bu rəqəm 2024-cü ilin mart ayında 48,8% idi. Belə görünür ki, həmin vaxtdan bəri Putinə etimad az qala yarıya qədər azalıb. Həmin sorğu mərkəzi həmçinn, rusların müharibədən bezdiyini, müharibəyə münasibətin mənfi istiqamətdə kəskin dəyişdiyini göstərən rəqəmlər açıqlayıb.

İndi Rusiya mediasında və siyasi dairələrində sözügedən sorğunun və ardınca da bu videonun yayımlanmasının təsadüfi olmadığı iddia edilir. Qeyd olunur ki, Prezident Administrasiyasının rəhbərlərinin razılığı olmadan nə bu sorğu, nə də video ictimaiyyətə açıqlana bilməzdi. Bu o deməkdir ki, ən yuxarıdakı kimsə VTSİOM-a Putinin reytinqinin düşməsi və rusların müharibədən bezməsi barədə məlumat dərc etməyi tapşırıb. Bu iki məsələ (video və sorğu) yalnız ən yuxarıdan, inzibati şəkildə - məsələn, Prezident Administrasiyası başçısının birinci müavini Sergey Kiriyenko kimi biri və ya bəzi nüfuzlu oliqarxlar tərəfindən ortaya atıla bilərdi.


Bütün bunlar belə bir təəsürat yaradır ki, Rusiya elitası Putini gözdən salmağa çalışır. Bir tərəfdən, onu əhalinin qarşısında zəif, qoca və xəstə kimi göstərirlər. Digər tərəfdən, onun reytinqlərinin əvvəlki qədər yüksək olmadığını və azalmağa davam etdiyini nümayiş etdirirlər.

Eyni zamanda, müxtəlif sosioloji mənbələrdən cəmiyyətin müharibədən bezdiyinə dair siqnallar yayılmağa başlayır. Bütün bunlar hakimiyyətdə dəyişiklik, hətta Putinin mümkün yola salınması üçün informasiya hazırlığı kimi görünür. Müşahidəçilərin fikrincə, rus elitasının əksəriyyəti, Trampın müharibəni cəbhə xətti boyunca dondurmaq təkliflərini qəbul etmək istəyir, lakin Putin dayanmağa meylli görünmür. Üstəlik, Maduronun qaçırılması və Xameneinin öldürülməsi fonunda Putinin mövqeyi getdikcə zəifləyir və həssaslaşır. Kremldəkilər də bundan yaxşı xəbərdardır.

Tarixdən, xüsusilə də Rusiya imperiya tarixindən isə çarların, imperatorların taleyinin daha çox xalq deyil, saray əyanları, hökmdarların yaxın ətrafına aid elitalar tərəfindən həll olunduğu məlumdur. Bu baxımdan, nə vaxtsa Putinin də taleyinin eyni zümrə tərəfindən həll olunacağını qətiyyən istisna etmək olmaz...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru