Məhəmməd Baqir Zülqədr kimdir və niyə seçildi? - İran “dərin dövlət”inin SƏRT ADAMI

26-03-2026, 11:51           
Məhəmməd Baqir Zülqədr kimdir və niyə seçildi? -
Məhəmməd Baqir Zülqədr Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib. Bu ad təsadüfi seçilmiş fiqur deyil. Əli Laricaninin öldürülməsindən bir həftə sonra və müharibənin dövlət rəhbərliyini zəiflətdiyi bir dövrdə seçim İranın hakimiyyət sisteminin sərt dayaqlarını formalaşdırmış “dərin dövlət” dairələrindən çıxmış bir şəxs üzərində dayandı.

Yenicag.az xəbər verir ki, bu barədə məşhur ərəb qəzeti “Şərqul Avsat” xəbər yayıb. İran vitse-prezidentinin kommunikasiya məsələləri üzrə müavini Mehdi Təbatəbai bildirib ki, general Zülqədr Laricaninin yerinə təyin olunub və yeni Ali Rəhbər Müctəba Xamenei bu təyinatı təsdiqləyib.

Milli Təhlükəsizlik üzrə Ali Şura rəsmi olaraq prezident Məsud Pezeşkian tərəfindən idarə olunsa da, ölkənin təhlükəsizlik və xarici siyasət məsələlərini koordinasiya edən əsas qurumdur. Şuraya ordu, kəşfiyyat və hökumət rəhbərləri daxildir, lakin son qərar səlahiyyəti Ali Rəhbərə məxsusdur.

Bu təyinat dövlətin böhran dövründə prioritetlərini əks etdirən bir addım kimi qiymətləndirilir. Gözlənilir ki, Ali Rəhbər ikinci fərmanla Zülqədri öz nümayəndəsi kimi də təyin edəcək və ona konstitusiyaya uyğun səsvermə hüququ verəcək.

Zülqədr tribunadan çıxış edən, seçkilərlə və ya ictimai populyarlıqla yüksələn siyasətçi tipi deyil. O, başqa kateqoriyaya daxildir — dövlət yaranmazdan əvvəl mövcud olmuş şəbəkələrdən çıxıb sonradan dövlət strukturlarına daxil olan və təsir gücünü səssiz şəkildə sistemin daxilində toplayan fiqurlardandır.

Bu baxımdan onun bioqrafiyası ardıcıl vəzifələr zəncirindən çox, İran hakimiyyətinin ən sərt strukturları arasında uzanan bir xəttə bənzəyir.

“Mənsurun” şəbəkəsindən dövlətin mərkəzinə

Zülqədrin kimliyini anlamaq üçün onun mənsub olduğu siyasi mühitə baxmaq vacibdir. O, “Mənsurun” adlı ideoloji şəbəkənin üzvü olub. Bu şəbəkədən sonradan İranın “Sepah” strukturlarında mühüm mövqelər tutan şəxslər — Möhsün Rzai, Əli Şəmxani, Qulaməli Rəşid və Fəruzəndə qardaşları çıxıb.

Burada əsas məqam təkcə təşkilati üzvlük deyil, həmin şəbəkənin xarakteridir: inqilabdan əvvəl formalaşmış ideoloji və sərt xətt tərəfdarı bir qrup sonradan dövlət strukturlarına inteqrasiya olunub.

Zülqədrin yüksəlişi fərdi karyera artımından çox, sədaqət və əlaqələr şəbəkəsi daxilində tədricən möhkəmlənmə prosesi olub. O, sırf hərbçi deyil, təhlükəsizlik və siyasəti eyni sahə kimi qəbul edən bir nəslin nümayəndəsi sayılır.

“Ramazan” qərargahı və müharibə təcrübəsi

Şah rejimi devrildikdən sonra Zülqədr inqilabi komitələrdə fəaliyyət göstərib və sonra “Sepah”a qoşulub. İran-İraq müharibəsi dövründə onun əsas rolu “Ramazan” qərargahına rəhbərlik etmək olub.

Bu struktur İranın xarici əməliyyatlarının ilkin nüvəsi sayılırdı və sonradan “Qüds” qüvvələrinin formalaşmasına zəmin yaratdı. Qərargah İraq daxilində əməliyyatlar, yerli qruplarla əməkdaşlıq və regional təsir şəbəkələrinin qurulması ilə məşğul idi.

Bu mərhələdə Zülqədrin əsas xüsusiyyəti formalaşdı: o, klassik döyüş komandirindən daha çox hərbi, kəşfiyyat və siyasi fəaliyyətin kəsişməsində işləyən təşkilatçı idi.

“Sepah”ın zirvəsində uzun illər

İran-İraq müharibəsi başa çatdıqdan sonra Zülqədr 16 il “Sepah” rəhbərliyinin ən yüksək pillələrində çalışdı:

8 il Baş Qərargah rəisi
8 il baş komandanın müavini
Bu uzun müddət onu təkcə hərbi rəhbər deyil, sistemin struktur idarəçisinə çevirdi. Onun gücü populyarlıqdan deyil, təşkilat daxilindəki mövqeyindən qaynaqlanırdı.

İslahatlara qarşı sərt mövqe
1990-cı illərin sonlarında prezident Məhəmməd Xatəmi dövründə siyasi islahatlar başlayanda Zülqədr “Sepah” daxilində konservativ düşərgənin əsas simalarından biri kimi çıxış etdi.

Həmin dövrdə “Sepah” komandirlərinin prezidentə göndərdiyi məşhur məktub — hərbi strukturların siyasətə birbaşa müdaxiləsinin rəmzi hadisəsi — onun adı ilə əlaqələndirilir.

Bu mərhələ göstərdi ki, Zülqədr siyasətə sonradan daxil olmayıb; əksinə, hərbi institutun siyasi proseslərdə aktiv rol oynadığı dövrdən etibarən bu xəttin bir hissəsi olub.

Daxili İşlər Nazirliyi və təhlükəsizlik idarəçiliyi

2005-ci ildə Mahmud Əhmədinejad prezident seçildikdən sonra Zülqədr daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini vəzifəsinə təyin edildi.

Bu post ölkə daxilində təhlükəsizlik, regional idarəçilik və etirazların idarə olunması kimi məsələlərin mərkəzində yerləşirdi. Beləliklə, o, hərbi strukturdan icra hakimiyyətinə keçsə də, əsas funksiyası yenə də sistemin təhlükəsizliyini təmin etmək idi.

“Bəsic” və məhkəmə sistemi vasitəsilə nüfuzun genişlənməsi

2007-ci ildə o, yenidən hərbi struktura qaytarılaraq Silahlı Qüvvələrin Baş Qərargahında “Bəsic” üzrə müavin təyin edildi.

2010-cu ildən isə məhkəmə sistemində yüksək vəzifələr tutdu və 2020-ci ilə qədər strateji məsələlər üzrə rəhbər kimi fəaliyyət göstərdi. Bu, onun təsir dairəsini daha da genişləndirdi və dövlət strukturlarında əlaqələr şəbəkəsini möhkəmləndirdi.

Yeni mərhələ: Milli Təhlükəsizlik Şurası

2021-ci ildə Zülqədr Məsləhət Şurasının katibi təyin edildi. Bu vəzifə formal post deyil o, dövlətin strateji qərarlarının hazırlanması və müxtəlif güc mərkəzləri arasında koordinasiyanın təmin edilməsində mühüm rol oynayır.

Əli Laricaninin öldürülməsindən sonra onun yerinə məhz Zülqədrin seçilməsi təsadüfi sayılmır. Bu addım İran rəhbərliyinin böhran dövründə kompromisçi siyasətçilərdən çox, sistem daxilində möhkəm şəbəkələrə malik sərt təhlükəsizlik fiqurlarına üstünlük verdiyini göstərir.

Məhəmməd Baqir Zülqədr ictimaiyyət qarşısında çox görünən siyasətçi deyil. Lakin o, dövlətlərin ən çətin dövrlər üçün saxladığı tipli kadrlardandır.

İran sistemi böhran və müharibə şəraitinə daxil olduqca, səhnə adamlarından daha çox, daxili mexanizmləri idarə edən sərt strukturların nümayəndələrinə arxalanır.

Zülqədr də məhz belə fiqurlardan biridir və müharibə onu yenidən hakimiyyətin ön sırasına qaytardı.

Amir Aqiloğlu - yenicag.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru