Mənim üçün Təbrizli ilə Qazaxlı arasında, Ərdəbilli ilə Gəncəli arasında fərq yoxdur.
31-03-2026, 10:44

Fulya Öztürk xalq tərəfindən müdafiə olunur və sevilir, çünki biz haqqı qiymətləndirən xalqıq. Canımızda haramla halal arasında həssaslıq var. Fulya nə etsə, bağışlayacağıq.
İndi təsəvvür edin ki, o müharibəni o yox, mən çəkmişəm və yaymışam. O zaman eyni sevgini mənə bəsləyəcəkdiniz. İzləyici sayım yüz minlərlə olacaqdı.
Mənim və ya mənim kimi heç bir azərbaycanlı bloqer, jurnalist, aktivist sevilməsin, yeni bir Çingiz Mustafayev yetişməsin deyə, dövlət Türkiyədən hökumət təbliğatçısı Hulyanı gətirdi. Avtomobil və mühafizə ilə təmin edib gəzdirdilər. Cəbhəyə uzağı Mirşahin kimi 2-3 öz adamını qısa müddətə çıxardılar.
Məndən soruşursunuz: “Müharibədə harada idin?” Boynumda press kart, Füzulinin kruqunda idim. Mənim kimi cəhd edənlərin qarşısı alındı. İcazəsiz gedənlər həbs edildi. Beləliklə, əsrin qələbəsi ilə bağlı doğru-düzgün heç bir video material çəkilmədi. Nə varsa, qazilərin çəkdiyi keyfiyyətsiz videolardır.
Çəkiliş bir yana, bizi ümumiyyətlə müharibəyə belə aparmadılar. Mən manqa rəisi, çavuş və qaziyəm. Fuad Muradovu o qarnı və məmələri ilə apardılar, amma bizi yox. Dediyim kimi, bu seçimlər təsadüfi deyildi.
Gələk yenə Hulyaya. O, Fələstin və İsraildə çəkilişlər edib, təbliğat yayıb. Mən və ya başqası ona nə isə yazmışıq? İsrail bilər, Türkiyə bilər.
Amma o, gedib Güney Azərbaycanda təbliğat xarakterli video çəkdi. Öyrədilmiş Bəsic üzvləri və ailələrindən müsahibələr götürərək bizim xalqı Xameneyinin dəstəkçisi kimi təqdim etdi dünyaya.
İran kimi qapalı bir ölkədə müharibə şəraitində çəkiliş aparmaq mümkündürmü? Hazırda sosial şəbəkələrdə bir çox güneyli Fulya tənqid edir.
Sizlə mən eyni düşüncədə deyilik. Mənim üçün Təbrizli ilə Qazaxlı arasında, Ərdəbilli ilə Gəncəli arasında fərq yoxdur. Bu mənə təsir edir. Sizə etmirsə, bu artıq sizin seçimidir.
Orxan Atabəy

