İşçi soruşur ki: Azəriqaz İB, nədir bu növbə çilingərlərinə göstərilən xüsusi üstünlük və təminatlar?
30-11-2025, 11:30

İşçi soruşur ki: Azəriqaz İB, nədir bu növbə çilingərlərinə göstərilən xüsusi üstünlük və təminatlar? Ayrıseçkilik? Yoxsa????
Azəriqaz İBdə aparılmış struktur dəyişikliyindən sonra Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, İsmayıllı, Quba və Qusar kimi relyefi dağlıq olan və yaşayış məntəqələri dağınıq şəkildə yerləşən rayonlarda bir çilingərin üzərinə 800–900 abonent düşür. Onlara isə sayğacların oxunması üçün cəmi 2 gün vaxt ayrılır.
Bundan əlavə, sayğacın dəyişdirilməsi, texniki baxışın aparılması və bildirişlərin paylanması kimi bütün işləri də eyni çilingərlər icra edir. Onların aylıq əməkhaqqı isə cəmi 600–650 manat təşkil edir.
Digər tərəfdən, məsələn adı cəkilən rayonların birində ay ərzində “104” Çağrı Mərkəzinə daxil olan 25 müraciətdən 10-u yerində həll edilib, 15-i isə sayğac əməliyyatlarını yerinə yetirən çilingərlərə yönləndirilir. Bununla belə, rayon üzrə cəmi 8 nəfər işçi personalına ay ərzində 9 875 manat vəsait ödənilib.
Yeni yaradılan Qəza Bərpa Xidməti yalnız sayğac və sayğac ətrafında baş verən sızmaların aradan qaldırılması ilə məşğul olur. Ev daxili, yəni sayğacdan sonrakı qaz sızmalarının təmiri və avadanlıqların dəyişdirilməsi isə bu xidmətin iş funksiyasına daxil deyil. Belə hallarda müraciətlər planşet vasitəsilə “sayğac əməliyyatları” xidmətinin 4-cü dərəcəli (əməkhaqqısı 600 manat olan) çilingərlərinə yönləndirilir.
Bundan əlavə, növbə çilingərləri sayğacın plombunu açdıqları halda, plombun yenidən vurulması üçün də həmin iş yenidən sayğac əməliyyatları çilingərlərinə yönləndirilir.
Bütün bunlar fonunda sual yaranır: Azəriqaz-da nədir bu növbə çilingərlərinə göstərilən xüsusi üstünlük və təminatlar? Onlar bütün nəqliyyat vasitələri ilə təmin olunur, digərləri isə ağır iş yükünə baxmayaraq məhdud resurslarla işləməli olurlar.
Mirvari Gahramanli
TEREF

