İş elanlarında əməkhaqqı nə üçün gizlədilir? - SƏBƏBLƏR
14-01-2026, 16:44

İş axtaranların ən çox qarşılaşdığı hallardan biri də budur ki, vakansiya, tələblər var, amma əmək haqqı yoxdur. Namizəd müraciət edir, vaxt sərf edir, görüşə gedir və prosesin sonunda ya maaşın gözləntilərdən xeyli aşağı olduğunu öyrənir, ya da əvvəlcədən deyilən məbləğin dəyişdiyini görür.
Bəs iş elanlarında əməkhaqqı niyə qeyd edilmir?
Patrul.az-ın araşdırmasına görə, əksər hallarda işəgötürənlər maaşı gizli saxlayaraq prosesin idarəedici tərəfini öz xeyirlərinə çevirməyə çalışırlar. Açıq desək, bu, namizədi son ana qədər “maraqda saxlamaq” taktikasıdır.
Bir çox şirkət əməkhaqqını qeyd etməməklə daha çox müraciət toplamaq istəyir. Maaş yazıldıqda, məbləğ aşağıdırsa, təcrübəli namizədlər ümumiyyətlə müraciət etmir. Amma rəqəm gizlədildikdə, ümid və maraq qalır, nəticədə namizəd vaxtını sərf edir, müsahibəyə gedir və maaşı yalnız prosesin sonunda öyrənir. Bu zaman isə artıq “bəlkə razılaşım” psixologiyası işə düşür.
Digər səbəb isə daxili balans məsələsidir. Eyni şirkətdə eyni vəzifəni icra edən işçilər fərqli maaş alırsa, yeni vakansiyada maaşın açıq yazılması daxili narazılıq yarada bilər. Buna görə də bəzi işəgötürənlər maaşı gizlədərək mövcud əməkdaşların müqayisə aparmasının qarşısını almağa çalışırlar.
Bəzi hallarda şirkətlər maaşı namizədin özünü necə “satacağından” asılı olaraq müəyyənləşdirir. Yəni konkret büdcə yoxdur, kimin razılaşacağına baxılır. Bu isə peşəkarlıqdan çox bazarlıq mühitini xatırladır. Güclü namizəd yüksək məbləğ tələb edir, zəif namizəd isə daha azına razı salınır.
Bundan əlavə, “müsahibədən sonra müəyyən olunacaq” ifadəsi bəzən şirkətin özünün də real əməkhaqqı planının olmadığını göstərir. Bu cür elanlar çox vaxt ya test xarakterli olur, ya da real vakansiya yox, bazar araşdırması məqsədi daşıyır.
Nəticə etibarilə, əməkhaqqının gizlədilməsi işəgötürən üçün rahat, namizəd üçün isə vaxt itkisi və məyusluq yaradan bir vəziyyətdir. Şəffaf əmək bazarı üçün maaşın əvvəlcədən göstərilməsi həm işəgötürəni məsuliyyətə cəlb edir, həm də namizədin seçim etməsini asanlaşdırır.
Ləman Sərraf

