Paytaxtda dəbdəbəli yas mərasimləri ləğv olunur?

14-01-2026, 12:39           
Paytaxtda dəbdəbəli yas mərasimləri ləğv olunur?
“Uzun müddətdir ölkəmizin fərqli bölgələrində yas məclislərində əvvəlki təmtəraqlı, dəbdəbəli məclislər yığışdırılıb. Böyük bir qismində sadəcə çayla, quru yeməklə insanlar məclislərə gəlirlər, başsağlığı verirlər, dualar edirlər, Quran oxuyurlar, söhbət edib sonra da başsağlığı verib gedirlər”.

Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib.

O bildirib ki, təmtaraqlı mərasimlər daha çox paytaxtda qalıb:

“Paytaxtda hələ də nə dəbdəbədən, nə də nəzərdə tutulan şətafatlı məclislərdən əl çəkilib. Amma bölgələrdə, rayonlarda bu cür mərasimlər demək olar ki, tamamilə yığışdırılıb. Əgər burada israf məsələsi varsa və doğrudan da israfın qarşısını almaq üçün bir təşəbbüs varsa, onda toy məsələsini də qabartmaq lazımdır. Çünki bir toyda olan israf bəlkə də on yas mərasimində olan israfdan daha artıqdır. Yeməklər, xərclər, israf daha çox toylarda olur. Əgər inzibati tədbirlər düşünülürsə və israfçılıqla bağlı bir proses başlayırsa, bu, toyları da əhatə etməlidir. Bu zaman daha geniş və faydalı nəticələr əldə edilə bilər”.

O deyib ki, cəmiyyətin böyük qismi maddi sıxıntılarla üzləşdiyinə görə yas mərasimlərindəki maddi yükün götürülməsi onlara böyük dəstəkdir:

“Amma məsələ inzibati müstəviyə keçəndə bəzən əks təsir də verə bilir. İnsan nəyisə maddi ehsan olaraq vermək istəyirsə, buna qarşı durmaq çətin olur. Lakin burada maarifləndirmə daha effektiv ola bilər. Din xadimlərinin, ictimai xadimlərin rolu böyükdür.

Onlar təklif edə bilərlər ki, yas mərasimlərinə ayrılan vəsait başqa istiqamətlərə yönəlsin məsələn, qəbiristanlıqlara yol çəkilsin, yaşıllaşdırma olsun, su çəkilsin və ya kəndlərdə yol problemləri həll olunsun. Tələbə oxutmaqdan tutmuş, məscid təmirinə qədər bir çox sahədə bu vəsaitlər faydalı ola bilər. Bu həm mərhumun ruhuna dua olar, həm də cəmiyyətə fayda verər. Beləliklə, həm Allah qatında savab qazandıran, həm də dövlətə, millətə xeyir verən bir iş görülmüş olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]