Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər

21-01-2026, 15:08           
Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər
Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

Bu barədə "Report"un son zamanlar müxtəlif xəstəliklər səbəbindən hərbi xidmətdən möhlət hüququ alanların təkrar müayinədən keçməli olması ilə bağlı yayılan məlumatlar haqqında sorğusuna cavabında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

Şöbə rəisi qeyd edib ki, hərbi xidmətdən möhlət hüququ olan istənilən şəxs möhlət hüququ sona çatdıqdan sonra qeydiyyatda olduğu şöbəyə yaxınlaşmalı və müvafiq proseduralardan keçməlidir:

"Sağlamlıq durumu, ailə vəziyyəti və digər səbəblərdən hərbi xidmətdən möhləti hüququ olan vətəndaşlar möhlət vaxtı bitdikdə mütləq qaydada qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşmalıdırlar və bunu görə birbaşa özləri məsuliyyət daşıyır".

O bildirib ki, möhlət hüququnun sona çatmaq müddəti həm vətəndaşın hərbi biletində qeyd olunur, həm də bu barədə onun "MyGov" tətbiqində olan şəxsi kabinetinə bildiriş göndərilir:

"Bəzən olur ki, vətəndaş buna riayət etmir və nəticədə onun ölkədən çıxışına məhdudiyyət qoyulur, inzibati qaydada cərimələnir, hətta cinayət təqibinə cəlb oluna bilər. Ona görə də bu halların baş verməməsi üçün qeyd olunan kateqoriyadan olan vətəndaşlara müraciət edərək bildirmək istərdik ki, mütləq qaydada hərbi biletlərində olan qeydlərə diqqət yetirsinlər və ya "MyGov" tətbiqini yükləyərək bildirişlər vasitəsilə məlumatlar alıb, vaxtında qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşsınlar",- deyə şöbə rəisi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]