Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var?

Bu gün, 16:08           
Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir –
Milli Məclisin müzakirəsinə “Maliyyə icarəsi haqqında” Qanun təqdim olunub. Bu qanunun qəbulu və tətbiqi lizinqlə məşğul olan sahibkarların fəaliyyətini yeni qaydalarla tənzimləməlidir.

Bir neçə gün əvvəl iqtisadçı Natiq Cəfərli yeni qanunun sahibkarlar üçün nəzərdə tutduğu bəzi “sürprizləri” qeyd etmişdi.

Belə ki, bu qanunla ölkədə “lizinq” terminindən imtina edilir və bu söz “maliyyə icarəsi” termini ilə əvəz edilir. Təkcə bu termin əvəzləməsi sahibkarlara 550 manata başa gələcək. Belə ki, bu fəaliyyət növü ilə məşğul olan şəxslərin sadəcə, adlarının yeni reyestrə daxil edilməsi üçün 550 manat rüsum təyin olunur. Əvvəlcədən qeyd edək ki, sahibkarlara tətbiq edilən bu cür rüsumlar və əlavə xərclər avtomatik olaraq vətəndaşlar üçün lizinq xidmətinin dəyərinin də artması ilə nəticələnə bilər.

Qanunda digər yeniliklər və bəzi qadağalar da yer alıb.

Bundan sonra “lizinq” yox, “maliyyə icarəsi” fəaliyyəti ilə məşğul olan sahibkarların fəaliyyətinə Mərkəzi Bank nəzarət edəcək. Həmin şirkətlərin reyestrini də Mərkəzi Bank aparacaq.

Hazırda fəaliyyətdə olan lizinq şirkətləri firma adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri varsa, adlarını dəyişməlidirlər. Çünki yeni qanuna görə, bundan sonra onların adlarında həmin sözlər və ya bu sözlərdən ibarət söz birləşməsinin istifadəsi qadağan edilir.

Qadağalardan biri də məhkumluqla bağlıdır. Mülkiyyət əleyhinə, həmçinin qəsdən törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə məhkumluğu olan şəxslər, habelə məhkəmə qərarı ilə iqtisadi sahədə fəaliyyətlə məşğul olma hüququndan müəyyən müddətə məhrum edilmiş şəxslər maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan şirkətlərdə 10%-dən artıq paya sahib ola bilməyəcəklər.

Bundan sonra maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan şirkətlərin nizamnamə kapitalınin məbləğinə dair minimum tələb qoyulacaq. Bu məbləğ hələlik açıqlanmır və qeyd edilir ki, həmin məbləği Mərkəzi Bank müəyyən edəcək.

Hazırda fəaliyyətdə olan lizinq şirkətləri qanun qüvvəyə mindikdən sonra 9 ay ərzində reyestrə daxil edilmək üçün Mərkəzi Banka müraciət etməli, nizamnamə kapitalı ilə bağlı məbləğin ödənişini təmin etməlidirlər. Bunu etməsələr, onlara yeni müqavilələrin bağlanılması qadağan ediləcək.

Bunlar qanunda nəzərdə tutulan yeniliklərin bir hissəsidir. Hələlik yuxarıda qeyd etdiyimiz kimi, sözügedən sənəd Milli Məclisdə müzakirə mərhələsindədir və onun qəbul ediləcəyi dəqiq tarix məlum deyil. Lakin nəzərə alsaq ki, bu qanunla yeni rüsum və qadağalar gəlir, o zaman onun qəbulunun çox da ləngiməyəcəyini ehtimal etmək olar… /azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru