Niyə bizim bir İoanna Kuçuradimiz, Ahmet Arslanımız yoxdur?

Bu gün, 11:34           
Niyə bizim bir İoanna Kuçuradimiz, Ahmet Arslanımız yoxdur?
Niyə Türkiyədə fəlsəfəyə olan maraq və sevgi Azərbaycandan daha çoxdur?
Buna potensialımızmı çatmır?
Şəxsiyyətləri, kəşf və ixtiraları zərurətlər yetişdirir. Potensialımız var, amma o potensiallar ya başqa istiqamətə yönəlir, ya heç bir istiqamətə yönəlmir, ya da potensiala dəyər verilən ölkələrdə parlayır.
Məsələn, bu gün sahib olduğum təhsili də, düşüncəni də, yanaşma tərzini də borclu olduğum, məni yetilşdirən müəllimim, dostum Rafiz Manafov ən azı adını çəkdiyim fəlsəfə müəllifləri qədər potensiallı adamdır. Amma Azərbaycan onun potensialını dəyərləndirəcək bir ölkə deyil, bu səbəbdən də Türkiyədə fəaliyyət göstərir.
Bizim insanımız düşüncəylə mədəniyyət olaraq tanış deyil. İnsanlıq tarixində düşüncənin mədəni status alıb, ortaya çıxması fəlsəfəylə baş verib.
Fəlsəfəsiz düşüncə mümkün deyil. Bugünkü modern Avropa düşüncəsi də, təhsili də, mədəniyyəti də, hətta texnologiyası da öz varlığını fəlsəfəyə borcludur.
Bizim ölkədə qalıb, özünü "filosof" adlandıranlarımız fəlsəfəylə yox, mistisizmlə məşğuldurlar.
Bəs Türkiyədə? Türkiyədə fəlsəfə milli və toplumsal və ya fərdi dəyər deyil. Yəni yaradıcı insan faktorunun məhsulu hesab olunmur. Türkiyədə fəlsəfə coğrafi dəyərdir. Coğrafi olaraq Türkiyə fəlsəfənin vətənidir. Çünki qədim Roma mədəniyyətinin, o cümlədən praqmatik fəlsəfənin ilk məktəblərinin yarandığı coğrafiyadır. Türkiyədə fəlsəfə türklər tərəfindən yaradılan dəyər deyil, sadəcə o nəfəsin yaşadılmasına özünü borclu bilir Türkiyə insanı. Yəni bu ölkədə fəlsəfənin türklərdən öncə ənənəsi var. Bu gün Türkiyə insanı o ənənəni davam etdirir. Bu səbəbdən də oradan adını çəkdiyim fəlsəfəçilər kimi filosof və fəlsəfə müəllifləri çıxır. Üstəlik, fəlsəfə kitabları oxunur, verilişləri izlənir.
Azərbaycan hər baxımdan fəlsəfədən yoxsul ölkə və toplumdur. Fəlsəfəsi olmayan toplumlar mədəni cəhətdən çılpaq olurlar. Biz bu gün o vəziyyətdəyik. Yaxın gələcəkdə vəziyyət daha da pisə doğru dəyişəcək. Çünki bizə aşılanan mədəniyyət də get-gedə deqradasiyaya uğrayır. Və yaratmaq üçün şərait qurmaq əvəzinə hələ də oradan-buradan hazır modelləri çırpışdırıb, kopyalamağa, üzərini suvamağa çalışırıq.
Sayımız çox olmasa da on milyon olmuşuq. Güzəranımız pis olanda, işsiz qalanda, uşağımıza məktəb çantası ala bilməyəndə şikayətlənirik. Yoxsulluq, kasıblıq bizi dilə gətirir. Maraqlıdır, mədəni yoxsulluq, aclıq heçmi bizi narahat etmir? Niyə onu heç dilə gətirmirik? Niyə bundan narahat olmuruq? Niyə təhsil modelini kopyalamağa çalışdığımız ölkələrə heç paxıllığımız tutmur?
Bir parça təndir çörəyinin üzərinə bir qaşıq yağ sürtüb, üzərinə bir çimdik şəkər tozu səpib, hara qədər gedə bilərsən?
Sahib Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru