Hər iki həyat yoldaşı güllələnən azərbaycanlı aktrisanın faciəli həyatı

12-02-2026, 00:02           
Hər iki həyat yoldaşı güllələnən azərbaycanlı aktrisanın faciəli həyatı
Azərbaycanın görkəmli teatr və kino aktrisası Mərziyə Yusif qızı Davudova 1901-ci il dekabrın 8-də Həştərxan şəhərində dünyaya göz açıb. Kəndlərindəki dördillik “Darültəhsil”, daha sonra isə “İqbal” rus-tatar məktəbində oxuyub.

Qlobalnet bildirir ki, o, ilk rolunu oynayanda 16 yaşı var idi. “Birinci teatr” adlı tamaşada Əfifə rolunu yaradıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və onu Bakıya dəvət edib. 1919-cu ildə Bakıya gələn kimi Birləşmiş Dövlət Teatrosu nəzdindəki kollektivə qəbul edilib. Ən böyük arzusu elə onu kəşf edən Hüseyn Ərəbliniski ilə səhnədə tərəfmüqabili olmaq olub. Lakin, 1919-cu ildə Ərəblinski öldürülüb. M.Davudova o dövrün ən güclü aktyorlarından biri olan Abbas Mirzə Şərifzadə ilə eyni səhnəni paylaşıb. Daha sonra ailə qurublar. Mərziyyə Davudova çox qısa müddətdə Akademik Milli Dram teatrının ən aparıcı aktrisalarından birinə çevrilib. Hətta “Sevil” pyesindəki roluna görə tamaşaya baxmağa gələn qadınlar zaldaca çarşablarını çıxarıb atıblar. Aktrisa 1936-cı ildə Xalq artisti adını alıb. Cəfər Cabbarlının “Aydın” (Gültəkin), “Oqtay Eloğlu” (Firəngiz), “Od gəlini” (Solmaz), “Sevil” (Gülüş və Sevil), “Almaz” (Yaxşı və Almaz), “Solğun çiçəklər” (Gülnisə), “Dönüş” (Gülsabah və Turac), “1905-ci ildə” (Nabat və Sona), “Trablis müharibəsi” (Şəmsa) əsərlərinin tamaşalarında əsas rollarda uzun illər səhnəyə çıxıb.

Abbas Mirzə Şərifzadə ilə bir müddət sonra boşanma qərarına gəlirlər. Aktrisa ikinci dəfə digər istedadlı həmkarı Ülvi Rəcəblə ailə qurur. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir. 1937-ci ildə həyat yoldaşı Ülvi həbs olunaraq güllələnir. 1938-ci ildə isə Abbas Mirzənin “casusluq” fəaliyyətinə görə güllələnməsi qərara alınır. Ancaq nədənsə qızı Firəngiz xanıma atasının güllələndiyi yox, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyi bildirilir. Bütün bu olanlardan sonra Mərziyyə xanımın ömrü güllələnəcəyi anın qorxusu ilə keçir.

Uzun sürən xəstəlikdən Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində dünyasını dəyişir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru