21 ildən sonra “Kurtlar Vadisi”nə istinad – Karahanlı “intiqam”ını aldı
Bu gün, 08:24

Türkiyə televiziya tarixinin ən uzun müddət davam edən fenomenlərindən biri – “Arka Sokaklar” serialı yeni bölümünün anonsu ilə tamaşaçıların marağına səbəb olub.
Tribuna.az xəbər verir ki, serialın son anonsundakı detallar “Kurtlar Vadisi” serialına istinad kimi qəbul edilib.
Belə ki, “Kanal D”də efirə çıxan serialın anonsundakı “3 Mart Məbədi” detalı tamaşaçıları birbaşa 2005-ci ilə, “Kurtlar Vadisi” serialının ən ikonik səhnələrindən birinə aparıb.
Bu səhnədə “Kurtlar Vadisi”ndə “Tampliyer Cəngavərləri” üçün çalışan Zafer Erginin canlandırdığı “Baron” Mehmet Karahanlı 1 mart qətnaməsi parlamentdə qəbul edilmədiyi və “Uca Seçilmişlərə” inamını itirdiyi üçün 3 mart 2005-ci ildə gizli bir məbəddə (“Yedikule Zindanları”) mühakimə olunur. Qızı Safiye vasitəsilə göndərilən “ilanlı zərf”lə başlayan bu proses Karahanlının “Mərhəmət edin, cənab” yalvarışları altında kürəyindən bıçaqlanaraq edam edilməsi ilə başa çatır.
“Arka Sokaklar” serialının yeni anonsunda isə “Rza baba” obrazını canlandıran Zafer Ergin polis əməkdaşları ilə birlikdə məbədlərin birinə basqın edərək masson ritualını dayandırır. Bu zaman massonlardan biri ona üzünü tutaraq “Mərhəmət edin, cənab” deyir. “Rza baba” isə onun bu sözünə məhəl qoymayaraq öldürür.
Məhz bu səhnə sosial media istifadəçiləri arasında Karahanlının “intiqamı” kimi qiymətləndirilib.

