“Xəstəliyini biləndən sonra dərmanlardan imtina etdi”

31-03-2026, 00:16           
“Xəstəliyini biləndən sonra dərmanlardan imtina etdi”
“Tarixi və unudulmaz gündür. Qəmli, kədərli demirəm. Rasim Balayev kimi bir ömür yaşayıb, sənət qoyub getmək hər kəsə nəsib olmur. Unudulmaz gündür ki, Rasis Balayev əbədiyyətə qovuşur. Azərbaycan mədəniyyətində göstərdiyi xidmət, çıxışlarları, çəkildiyi filmlər çox oldu”.

TEREF Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu mərhum Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib.

“Rasim Balayevin itkisi təkcə mədəniyyətin itkisi deyil. Həm də mənim şəxsi faciəmdir. Çünki 100 ildir biz bir yerdə olmuşuq, dostluq edib, səfərlərə çıxmışıq. İnanın ki, məsləhətləşib, hər gün zəngləşmişik. Danışmağa sözümüz olmayan da deyirdik ki, eşq olsun. Azərbaycan mədəniyyətində hər zaman yaşayacaq, amma mənim masamın arxasında oturmayacaq, telefon nömrəsi susacaq. Mənim üçün ikiqat dəhşətli gündür.

Son səfərimiz Laçına oldu. Rasim Balayev pessimist idi, əhvalı yox idi. Tədbirə bizi çağırdılar, getmək istəmirdi. Ayağında problem var idi, dedim ki, qolundan tutacağam. Təyyarə ilə 40 dəqiqəyə gedirik. Onu apardım, Laçına ayaq qoyan kimi başqa adama çevrildi. 70-80-ci illərdə olduğu kimi cavan, üzü gülən, yeyib-içən, zarafat edən birinə çevrildi. Amma təəssüf ki, gələndən sonra başqa səfərə çıxdı. Son səfərə – İstanbula tək getdi. Tək də qayıtdı… Ona bir mahnı yazmışdım: bir də baxım doğan günə, doğan aya… Tanrı ona 78 il şans verdi ki, bu dünyaya baxsın. Qalanı xatirədir… Rasim Balayev o xoşbəxt kəslərdəndir ki, özündən sonra böyük sənət, xoş xatirələr qoyub getdi”.

B.Vəziroğlu bildirib ki, xəstəliyini aktyordan gizlətməyə çalışıblar:

“Həkimlər ona telefon işlətməyi qoymurdular. Oğulları ilə danışırdım. Dərmanlardan, yeməkdən imtina etmişdi. Biz onu aldadırdıq, amma sən demə, xəstəliyini bilirmiş. Deyirdi ki, nə mənası var? Yaşamaq həvəsi onda sönmüşdü. Səbəbi onkoloji xəstə olduğunu bilməsi idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru