Qızılbaşları Osmanlılar əleyhinə başqa dövlətlərlə ittifaq qurmaqda əbəs yerə ittiham edənlər unudurlar ki, Azərbaycanı işğal etmək üçün Osmanlılar Krım tatarları ilə birləşmiş və on
Bu gün, 17:14

1576-cı ildə I Şah Təhmasibin vəfatından sonra Səfəvilər sülaləsi daxilində hakimiyyət uğrunda başlamış mübarizədə II Şah İsmayıl qalib gələrək taxt-taca yiyələndi, iki ildən sonra Şah Məhəmməd Xudabəndə onu əvəz etdi. Belə bir şəraitdə Osmanlı sultanı III Murad Qafqazda hakimiyyəti ələ keçirmək üçün müharibənin növbəti mərhələsinə başladı. Səfəvi torpaqlarına müdaxilə etməzdən əvvəl o, öz müttəfiqlərini müharibəyə cəlb etmək üçün Krım xanı Məhəmməd Gireyə və Şimali Qafqaz hakimlərinə xəbər göndərdi. Qərara alındı ki, Osmanlı qoşunlarının hücumu ilə eyni zamanda Krım tatarları, Qumuq, Qaytaq, avar və Tabasaran hakimləri də müxtəlif istiqamətlərdən həmlə etməklə Səfəvi ordusunun qüvvələrinin parçalanmasına şərait yaradacaqlar. Səfəvilər dövlətinin hüdudları daxilində kürd tayfaların da təxribatlar törədəcəyi planlaşdırıldı.
...1578-ci ildə Şirvan bəylərbəyiliyinin iri yaşayış məntəqələri olan Şamaxı, Qəbələ, Bakı, Salyan, Mahmudabad, Şabran bir-birinin ardınca Osmanlıların əlinə keçdi. Bəylərbəyi Aras xan Rumlu tabeçiliyindəki qüvvələrlə müqavimət göstərə bilməyəcəyini anlayıb Kür çayının sahillərinə doğru geri çəkildi. Şah Məhəmməd Xudabəndə oğlu Həmzə Mirzənin və vəzir Mirzə Salman xan Cabirinin başçılığı altında Şirvana böyük ordu göndərmişdi. Amma Aras xan qoşunu gözləmədən günahını yumaq üçün öz qüvvələri ilə əks-hücuma keçdi. 1578-ci il noyabrın 9-da Şirvan qoşunu ilə Osmanlı qüvvələri arasında 3 gün davam etmiş döyüş başladı. Osmanlıların yardımına gələn 15 min nəfərlik Krim tatarları (Adil Gireyin başçılığı altında) savaşın taleyini həll etdilər. Şirvan qoşunu ağır məğlubiyyətə uğradı, Aras xan oğlu ilə birlikdə əsir düşüb edam olundu. Adil Girey bu qələbə ilə kifayətlənmədi, Şirvan qoşununun qalıqlarının düşərgə qurduğu yeri öyrənib ora hücum çəkdi. Bu dəfə də tatarlar çoxlu qətl törədib bol qənimət əldə etdilər...
Bir neçə gün sonra, 1578-ci il noyabrın 28-də Ağsu çayı sahilindəki Mollahəsən məntəqəsində baş vermiş döyüşdə Həmzə Mirzənin başçılığı altında gəlib-çatmış qızılbaş ordusu 12 min nəfərlik tatar-ləzgi qoşununu darmadağın etdi, Krım xanının qardaşı Adil Girey əsir alındı...
...1579-cu ilin oktyabrında Krım xanı Məhəmməd Girey 100 minlik ordu ilə Səfəvi torpaqlarına soxulub Osmanlı qüvvələri ilə birləşdi. Onlar Şamaxı, Bakı, Gəncə, Qarabağ və Muğanı ələ keçirdilər. Şah Məhəmməd Xudabəndə vəliəhd Həmzə Mirzə ilə birlikdə qoşunun başında hərbi yürüşə çıxdı. Səfəvi qoşununun yaxınlaşdığını eşidən Məhəmməd Girey Krıma qayıtdı. Şamaxı azad edilsə də, tatarların bu qəfil hücumu Azərbaycanda böyük aclıq və səfalət yaratdı, çörək və ərzaq hədsiz dərəcədə bahalaşdı, minlərlə insan acından tələf oldu. 1580-ci ilin yayında Osmanlı tərəfinə sülh müqaviləsi bağlamaq və əsir mübadiəsi aparmaq barədə təklif göndərildi, çətinliklə də olsa, tərəflər arasında Şirvan məsələsini aydınlaşdırmaq üçün danışıqlara başlamaq barədə qərar qəbul edildi. Bu arada Krım tatarları Şirvana növbəti dəfə basqın etdilər, onların hücumunun qarşısı uğurla alındı. Səfəvi elçisi Qum hakimi İbrahim xan Türkman danışıqlar üçün İstanbula göndərildi, amma sultanın sülh bağlamağa tələsmədiyi aydın oldu, elçi isə Osmanlı sarayında yeddi il saxlanıldı. Krım tatarlarının 1581-ci ildə Şirvana dördüncü basqını da uğursuzluqla nəticələndi və onlar Şamaxı ilə Şabran arasında qızılbaş ordusu tərəfindən darmadağın edildilər...
... 1617-ci ildə sədri-əzəm Xəlil paşa növbəti yürüşə çıxdı. 15 min nəfərlik Krım tatarları da şimaldan Azərbaycan torpaqlarına soxuldular, Gəncə, Naxçıvan və Culfanı talayaraq Osmanlı qoşunu ilə birləşdilər. I Şah Abbas yenə sürətli yerdəyişmə və qəfil hücum manevrləri ilə düşməni əldən salmağa nail oldu. Nəhayət, Sınıq körpü yaxınlığında baş vermiş döyüşdə Səfəvilər Osmanlı-tatar birləşmiş qüvvələri üzərində qələbə çaldılar. Döyüşdə 15 min əsgərini itirdikdən sonra Xəlil paşa müharibəni davam etdirməyin mənasız olduğunu görüb sülh təklifini irəli sürdü...
Şəkildə: Əsir düşmüş Adil Gəray Həmzə Mirzənin
hüzurunda (Osmanlı miniatürü)
(“Qızılbaş Ensiklopediyası” kitabından)
Натик Рагимов

