İstanbul Hava Limanı Avropanı yenə geridə qoydu- 1 665 uçuşla rekord

Bu gün, 11:44           
İstanbul Hava Limanı Avropanı yenə geridə qoydu-
İstanbul Hava Limanı gündəlik orta hesabla 1 665 uçuşla yenidən Avropanın ən intensiv hava trafikinə malik aeroportu olub.

Tribuna.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) avqustun 20-də yayımladığı Avropa Aviasiyasına Ümumi Baxış Hesabatını dəyərləndirib.


Uraloğlunun sözlərinə görə, 10–16 avqust tarixlərini əhatə edən hesabat dövründə Türkiyə gündəlik orta hesabla 4 400 uçuşla Avropada hava nəqliyyatı həcminə görə 6-cı yerdə qərarlaşıb.

Bu göstərici ilə Türkiyə Yunanıstan, Polşa, Niderland və Portuqaliya kimi ölkələri geridə qoyub.

İstanbul Hava Limanı isə həmin dövrdə gündəlik orta hesabla 1 665 uçuş qəbul edib və həyata keçirib. Bununla da hava limanı Avropanın ən sıx hava qovşağı statusunu qoruyub.

İstanbul Hava Limanı uçuş sayına görə Paris Şarl de Qoll, Amsterdam Schiphol və London Hitrou hava limanlarını geridə qoyub.

Türkiyənin digər mühüm hava qovşağı olan Antalya Hava Limanı da siyahıda yer alıb. Antalya gündəlik orta hesabla 1 037 uçuşla Avropanın 9-cu ən sıx aeroportu olub.

Uraloğlu həmçinin bildirib ki, İstanbul Hava Limanı dünya üzrə 25 əsas aeroport arasında gündəlik orta hesabla 843 uçuşla 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, İstanbul Hava Limanında avqustun 16-da 1 739 uçuş həyata keçirilib. Bu göstərici Türkiyə və Avropa üzrə hava limanında bir gün ərzində qeydə alınan ən yüksək uçuş sayı kimi tarixə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru