Dünyada təqaüd yaşının artmasından narahat olmayan, buna etiraz etməyən, bəlkə də, yeganə toplumuq...
Bu gün, 12:28

Məmləkətdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər ay ölkə üzrə təxminən 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş (pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım) həyata keçirir - yəni, ildə 11 mlrd. manata yaxın ödəniş olur.
Ölkədə rəsmi muzdla çalışanların təxminən 860 min nəfəri dövlət (büdcə) sektorunda fəaliyyət göstərir. Dövlət büdcəsi çərçivəsində büdcədən əməkhaqqı alan (dövlət sektorunda çalışan) şəxslərin maaş təminatı üçün il ərzində 10 milyard 247,3 milyon manat vəsait ödənilir.
Cəmləsək, büdcədən birbaşa asılı olan 3 mln. vətəndaşımız var, onlara il ərzində 21 mırd. manata yaxın vəsait ödənilir.
Yəni, ölkədə yaşayan rəsmi əhalinin, təxminən, hər 3 nəfərdən biri büdcədən asılıdır. Əgər real yaşayan əhali 10 mln. nəfərdən daha azdırsa, bu nisbət daha da artır. Cəmiyyətin dövlət ödənişlərindən bu qədər asılı olması, vətəndaş cəmiyyətinin aktivliyinə mənfi təsir edən əsas amillərdən biridir.
Təqaüdlər azdır, Azərbaycanda ümumi pensiyaların orta aylıq məbləği 595 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 633 manatdır.
Dövlət-büdcə təşkilatlarında çalışanların orta aylıq əməkhaqqı təxminən 1160 manatdır.
Bu mənzərə heç ürəkaçan deyil, ona görə də, bizdə təqaüd yaşını müzakirə etməkdənsə, təqaüdlərin kəskin artmasının yolları haqqında danışmaq daha məntiqlidir.
Dövlət-büdcə təşkilatlarında işləyənlərin maaşı da azdır – amma, təqaüdə çıxanda daha az məbləğ alacaqlarını bilirlər deyə, təqaüd yaşının artmasına sevinirlər. Yəni, dünyada təqaüd yaşının artmasından narahat olmayan, buna etiraz etməyən, bəlkə də, yeganə toplumuq...
Natig Jafarli

