Bayram süfrəsinin evdə açılması, yoxsa restoranda qeyd etmək daha sərfəlidir?

30-12-2025, 00:08           
Bayram süfrəsinin evdə açılması, yoxsa restoranda qeyd etmək daha sərfəlidir?
Artıq Yeni ilə sayılı günlər qalıb. Digər bayramlarda olduğu kimi, bu bayram ərəfəsində də kasıb və ya varlı olmasından asılı olmayaraq hər kəs bayram süfrəsinin bol olması üçün bazarlara üz tutur.

Bəs görəsən bu il Yeni il süfrəsi ailələrə neçəyə başa gələcək?

Bayram süfrəsini evdə açmaq, yoxsa restoranda qeyd etmək daha sərfəlidir?

Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün Patrul.az olaraq iqtisadçı Rəşad Həsənova müraciət etdik.

O bildirib ki, məsələ sadə görünsə də, əslində kifayət qədər qəlizdir:

“Yəni, ölkədə Yeni il süfrəsinin qiymətinin bir mənalı şəkildə müəyyən bir məbləğdə ifadə olunması mümkün deyil. Aydındır ki, bu məsələ birbaşa olaraq ailənin gəlirlərindən asılıdır. Ailə gəlirləri ilə Yeni il süfrəsinə ayrılan vəsait arasında müsbət korrelyasiya mövcuddur. Yəni, gəlirlər nə qədər yüksəkdirsə, həmin ailələr də il süfrəsi üçün daha çox vəsait ayıra bilirlər. Bu süfrələrin dəyəri isə istehlak olunan məhsulların çeşidindən, keyfiyyətindən və qiymətindən asılı olaraq dəyişir”.

İqtisadçının sözlərinə görə, elə ailələr var ki, qeyri-rəsmi yollarla yüksək məbləğdə gəlir əldə edirlər və bu şəxslər bayram süfrəsinə on minlərlə manat xərcləyə bilirlər:

“Digər tərəfdən, elə ailələr də var ki, bu məqsədlə cəmi 50 manat belə büdcə ayıra bilmir. Lakin ümumi bir yanaşma ilə və ötən illərlə müqayisə aparsaq, xüsusilə də qida məhsullarının qiymətinin ötən illərlə müqayisədə təxminən 8% artmasını nəzərə alsaq, bu, onu deməyə əsas verir ki, 2025-ci ilin 31 dekabr tarixində təşkil olunacaq bayram süfrələrinin xərcləri əvvəlki illərlə müqayisədə orta hesabla 8% daha yüksək olacaq. Bu isə o deməkdir ki, hər 100 manatlıq bayram süfrəsi üçün vətəndaşlar təxminən əlavə olaraq 8 manat artıq xərcləməli olacaqlar. Təbii ki, bu, nisbətən ümumi və kobud bir yanaşmadır. Çünki burada həmin ailənin gəlir səviyyəsinin il ərzində necə dəyişməsi, hansı sosial qrupa mənsub olması — yəni kasıblıqdan zənginliyə və ya əksinə keçidi də nəzərə alınmalıdır. Amma əgər fərz etsək ki, istehlak olunan məhsulların çeşidi, keyfiyyəti və növü dəyişməyəcək, bu zaman iddia etmək olar ki, bəli, bu il Azərbaycan vətəndaşı hər 100 manatlıq bayram süfrəsinə əvvəlki illə müqayisədə təxminən 8 manat daha çox vəsait xərcləyəcək”.

R.Həsənov bayram süfrəsinin evdə açılması və ya restoranda qeyd olunmasına gəldikdə isə söyləyib ki, bu, təbii ki, vətəndaşın gəlirləri, şəxsi seçimi, zövqü və yanaşma tərzi ilə bağlı olan bir məsələdir:

“Lakin burada qeyd olunmalıdır ki, bayramın ev şəraitində təşkili, restoranlarda keçirilən bayram tədbirləri ilə müqayisədə ailə üçün dəfələrlə daha az maliyyə vəsaiti tələb edə bilər. Bu isə öz növbəsində ailə büdcəsinin daha səmərəli istifadəsinə şərait yaradır.

Bununla belə, bu o demək deyil ki, vətəndaşlar bayramlarını mütləq şəkildə evdə keçirməlidirlər və restoranlarda, kafelərdə, digər istirahət məkanlarında bayram tədbirləri keçirməməlidirlər. Əgər vətəndaşların kifayət qədər gəliri və qənaət imkanları varsa, əyləncə məkanlarında bayram keçirmələri onların tam hüququdur. Bu həm onların seçimi, həm də istirahət və rekreasiya hüququnun bir formasıdır”.

Ləman Sərraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru