Çin qabaqcıl süni intellekt modellərinə xaricdən çıxışı məhdudlaşdırmağı nəzərdən keçirir
Bu gün, 15:44

Çin hakimiyyəti ölkənin ən qabaqcıl süni intellekt modellərinə xaricdən çıxışın məhdudlaşdırılması imkanını müzakirə edir.
Valyuta.az xəbər verir ki, son bir ay ərzində Çin rəsmiləri "Alibaba", "ByteDance" və "Z.ai" kimi aparıcı texnologiya şirkətləri ilə hələ təqdim olunmamış modellər də daxil olmaqla, qabaqcıl süni intellekt sistemlərinə xaricdən çıxışın məhdudlaşdırılması məsələsini müzakirə ediblər.
Pekin ABŞ kimi süni intellekti strateji milli resurs hesab edir və bu texnologiyaların ölkədən kənara nəzarətsiz yayılmasının qarşısını almağa çalışır. Müzakirələrdə həm qapalı mənbə kodlu, həm də açıq çəkili modellərə mümkün məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilib.
Həmçinin hökumət süni intellekt texnologiyalarının oğurlanması və ya məxfi məlumatların sızdırılmasının milli təhlükəsizlik qanunvericiliyi çərçivəsində daha sərt cəzalandırılmasını da müzakirə edir. Bundan başqa, yerli süni intellekt startaplarının maliyyələşdirilməsində xarici iştirakın məhdudlaşdırılması variantı da gündəmdədir.
Mümkün məhdudiyyətlərin hansı modellərə şamil ediləcəyi və nə vaxt qüvvəyə minəcəyi hələ müəyyənləşməyib.
Xatırladaq ki, ötən il "DeepSeek"in təqdim etdiyi R1 modeli aşağı maya dəyəri və yüksək performansı sayəsində Çin süni intellekt məhsullarının qlobal bazarda sürətlə yayılmasına təkan vermişdi. Pekinin ixrac məhdudiyyətləri tətbiq etməsi qlobal süni intellekt bazarında xərclərin artmasına və rəqabət mühitinin dəyişməsinə səbəb ola bilər.
Qeyd edək ki, ABŞ administrasiyası da qabaqcıl süni intellekt texnologiyalarının milli təhlükəsizlik baxımından yaratdığı risklərə görə ixrac nəzarətini gücləndirir. İyun ayında ABŞ xarici vətəndaşların "Anthropic"in ən qabaqcıl Fable və Mythos modellərinə çıxışını məhdudlaşdırmış, daha sonra təhlükəsizlik tədbirləri gücləndirildikdən sonra Fable modeli üzrə məhdudiyyətləri qismən aradan qaldırmışdı. Mythos isə hələ də yalnız ABŞ-də etibarlı hesab olunan bəzi təşkilatların istifadəsinə açıqdır.

