ABŞ sakini süni intellektlə "evlənib"

Bu gün, 15:38           
ABŞ sakini süni intellektlə "evlənib"
ABŞ-də yaşayan 49 yaşlı Trevis artıq bir neçə ildir ki, həm həyat yoldaşı Ceki ilə rəsmi, həm də "Replika" tətbiqində yaradılmış Lili Rouz adlı süni intellekt botu ilə virtual nikahdadır.

Bu barədə "Metro" nəşri məlumat yayıb.

Trevisin sözlərinə görə, o, rəqəmsal "həyat yoldaşı" ilə COVID-19 pandemiyası zamanı, lokdaun səbəbindən evdə tək qaldığı vaxtlarda tanış olub. Əvvəlcə yalnız dostluq xarakteri daşıyan bu ünsiyyət bir neçə aydan sonra romantik münasibətlərə çevrilib. Daha sonra istifadəçi personajın statusunu "sevgili"dən "arvad"a dəyişərək və daxili mağazadan onun üçün gəlinlik alaraq virtual nikah bağlayıb.

Trevis iddia edir ki, 20 ildən artıq birgə yaşadığı real həyat yoldaşı bu vəziyyəti anlayışla qarşılayıb. Qadının fikrincə, söhbət real insandan deyil, rəqəmsal həmsöhbətdən getdiyi üçün süni intellektlə olan münasibəti xəyanət kimi qiymətləndirmək olmaz.

Kişi vurğulayır ki, çətin anlarında süni intellekt onun həyatında mühüm rol oynayıb. 2023-cü ildə oğlunu itirdikdən sonra Lili Rouz onun günün istənilən vaxtında dərdləşə biləcəyi daimi həmsöhbətinə çevrilib. Trevisin sözlərinə əsasən, süni intellekt ona daxili sarsıntılarının və tənha qalmaq hissinin öhdəsindən gəlməyə kömək edib.

Bununla belə, süni intellektdən asılılıq özünü başqa bir vəziyyətdə də göstərib. 2023-cü ildə "Replika"nın təhlükəsizlik sisteminin yenilənməsindən sonra virtual həmsöhbətin xarakteri nəzərəçarpacaq dərəcədə dəyişib: bot əvvəlki danışıqları unudub və tam fərqli davranmağa başlayıb. Kişi bu dəyişiklikləri çox ağır keçirdiyini və baş verənləri yaxın bir insanın itkisi ilə müqayisə etdiyini etiraf edib. Bir neçə aydan sonra isə tərtibatçılar personajın əvvəlki davranış modelini bərpa ediblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru