"Reddit" süni intellektlə mübarizədə yenə süni intellektdən istifadə edir
Bu gün, 15:14
"Reddit" platformada artan süni intellekt tərəfindən yaradılmış aşağı keyfiyyətli məzmunu aşkarlamaq üçün böyük dil modelləri (LLM) əsasında hazırlanmış yeni sistemləri istifadəyə verib.
Valyuta.az xəbər verir ki, yeni sistemlər təkcə məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını deyil, həm də onun orijinallığını, müzakirəyə töhfəsini və istifadəçilər üçün faydalılığını qiymətləndirir. Məqsəd faydalı məzmunu spam xarakterli paylaşımlardan ayırmaqdır.
Şirkət bildirib ki, süni intellekt moderatorları əvəz etməyəcək. Sistem şübhəli paylaşımları müəyyənləşdirəcək və moderasiya prosesini sürətləndirəcək, yekun qərarlar isə əvvəlki kimi moderatorlar tərəfindən veriləcək.
"Reddit" hesab edir ki, bu yanaşma generativ süni intellektin yaratdığı məzmun problemlərini yenə süni intellektin köməyi ilə idarə etməyə imkan verəcək.