İranın İrəvan şəbəkəsi çökdürüldü: “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 15:26

“Çiçəklənən Ermənistan” partiyasının sədri, iş adamı Qaqik Tsarukyan dünən İrəvanda saxlanılaraq İstintaq Komitəsinə aparılıb. “Çiçəklənən Ermənistan” partiyasının sözçüsü İveta Tonoyan jurnalistlərə bildirib ki, “qara maskalılar” Tsarukyanın malikanəsində 12 saat axtarış aparıblar.
İstintaq Tsarukyan və həbs olunan digər adamlarının cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulmasında şübhəli bilib. Məlumata görə, onlar İrandakı bəzi qüvvələrlə cinayət əlaqəsinə girib, bəzi malların idxalı üçün saxta sənədlər hazırlayıblar. İdxal etdikləri əmlakın bir hissəsini saxta sənədlərlə satıb əldə etdikləti gəlirin mənşəyini gizlətmək üçün qanuni maliyyə əməliyyatlarına daxil etməyiblər.
İstintaqın gəldiyi qənaətə görə, onlar yanacaq təchizatı müqaviləsinin bir hissəsi olaraq İran vətəndaşı Y.İ.-dən 934.465 dollar məbləğində saxtakarlıq yolu ilə mənfəət əldə ediblər. Bu vəsaitlərin sonradan cinayətkar mənşəyini gizlətmək üçün Tsarukyana məxsus şirkətin dövriyyəsinə daxil edildiyi bildirilir.
Tsarukyanın Tsaghkadzordakı otelləri - "Multi Rest", "Multi Rest Resort", "Multi Rest Sky" və "Multi Grand" - möhürlənib. "Multi Group" konserni altında fəaliyyət göstərən onlarla şirkət fəaliyyətini dayandırıb və bu günə qədər təxminən 7000 işçi məcburi məzuniyyətə göndərilib.
Müstəntiqlərin sözlərinə görə, 2022-2024-cü illər arasında Tsarukyanın rəhbərlik etdiyi cinayətkar qrup, Ermənistan və İran arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək bəhanəsi ilə İran vətəndaşlarının iştirakı ilə bir neçə birgə hüquqi şəxs yaradıb. İki ölkə arasında logistika təşkil etmək bəhanəsi ilə qrup üzvləri bir neçə İran sahibkarının etibarından sui-istifadə ediblər. Nəticədə 52 nəqliyyat vasitəsi, ixtisaslaşdırılmış avadanlıq, yanacaq və digər mallar alınıb və sonradan Ermənistana idxal edilib.
Sxemin iştirakçıları daha sonra biznes fəaliyyətini simulyasiya edib, saxta gömrük bəyannamələri və digər rəsmi sənədlər hazırlayıb və 21.072.827 dollar dəyərində əmlak oğurlayıblar.
Qeyd edim ki, Qaqin Tsarukyanın həbsi sürpriz deyildi. Hələ 5 iyunda Ermənistanda parlament seçkilərindən əvvəl Baş nazir Nikol Paşinyan müxalifətə qarşı sərt açıqlamalar verərək, "Ermənistan", "Güclü Ermənistan" və "Çiçəklənən Ermənistan" (ÇEP) blokları adlandırdığı qondarma "üçbaşlı müharibə partiyası"nın "başlarını kəsməyin" vaxtının çatdığını bildirmişdi. Paşinyan qeyd etmişdi ki, prokurorluq xüsusilə Qaqikin 300 milyon dollardan çox dəyərində aktivlərinin müsadirə olunmasını tələb edir, çünki bu aktivlər qanunsuz yolla ələ keçirilib. Baş nazirin fikrincə, "xalqdan oğurlananlar ən qısa müddətdə dövlətə və cəmiyyətə qaytarılmalı və Tsarukyan, onun silahdaşları və oğlu cinayət məsuliyyətinə cəlb olunmalıdır".
Bir sözlə, Qaqik, Paşinyanın təbirincə desək, “üçbaşlı” cinayətkar əjdahanın yalnız bir başıdır. Onun digər iki başı da zərərsizləşdiriləcək.
Görünən budur ki, Tsarukyanın həbsi ilə ermənilər də “minillik qardaşları” molla rejiminin himayəsindən imtina etməyə başlayıblar.
P.S. Son məlumata görə, Qaqik Tsarukyan istintaq prosesini yürütmək məqsədilə 2 ay müddətinə azadlıqdan məhrum olunub.
Heydər Oğuz

