Bir ev, iki qadın və sükutla böyüyən qəzəb... Qaynana–gəlin münasibəti mübarizə meydanı deyil

30-12-2025, 15:34           
Bir ev, iki qadın və sükutla böyüyən qəzəb...
Bəzən bir evdə qışqırıq olmur, qapılar çırpılmır, qonşular heç nə eşitmir. Amma illərlə yığılan baxışlar, sancan sözlər və udulan cavablar bir gün sükutu dağıdır. Quba rayonunda gəlinin qayınanasını döyməsi ilə nəticələnən hadisə məhz belə “səssiz” ailə münaqişəsinin açıq zorakılığa çevrildiyi anlardan biri oldu. Belə ki, hadisə gəlinin işdən qayıdan ərinə çay hazırlamaması səbəbindən baş verib. Qayınanası bu məsələnin səbəbini soruşduqdan sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı gəlin qayınanasının üzünə şillə vurub, daha sonra saçından tutaraq başını divara çırpıb.
Bu hadisəni oxuyarkən çoxları dərhal tərəf seçdi. Kimisi gəlinin “həddini aşdığını”, kimisi isə qaynananın “illərlə yığdığı təzyiqin” nəticəsini gördüyünü dedi. Amma məsələ tərəf tutmaq deyil. Məsələ odur ki, qaynana–gəlin münasibəti hələ də cəmiyyətimizdə açıq danışılmayan, amma hər evdə yaşanan problemdir.

Ənənəvi ailə modelində qaynana nəzarət edən, qaydaları qoyan tərəf olub. Gəlin isə uyğunlaşmalı, səbir etməli, “ev dağılmasın” deyə susmalı. Zaman dəyişsə də, bu düşüncə çox evdə hələ də dəyişməyib. Müasir düşüncəli, müstəqil qərar verən gəlinlə köhnə qaydalarla yaşayan qaynana üz-üzə gələndə isə konflikt qaçılmaz olur.

Qubada baş verən olay bir anlıq emosiyanın nəticəsi kimi görünə bilər. Amma əslində bu, uzun müddət yığılan psixoloji gərginliyin partlayışıdır. Sözlə həll olunmayan problemlər bəzən əllə “danışmağa” başlayır. Bu isə ailə üçün ən təhlükəli mərhələdir.

Burada əsas boşluq yenə də ortadakı kişidir oğul və həyat yoldaşı. Nə vaxt ki, kişi məsuliyyəti öz üzərinə götürmür, sərhədləri müəyyən etmir, “iki qadın öz aralarında həll etsin” mövqeyi tutur, o evdə münaqişə qaçılmaz olur. Qaynana özünü evin sahibi, gəlin isə özünü müdafiəsiz hiss edir.

Qaynana–gəlin münasibəti mübarizə meydanı deyil. Bu münasibət hörmət, məsafə və qarşılıqlı anlayış üzərində qurulmadıqca, Quba hadisəsi istisna yox, təkrarlanan nümunə olacaq. Çünki zorakılıq bir anda yaranmır zorakılıq əvvəlcə susqunluqdan doğur.

Leyla Mirzə, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru